Türkiyəyə borcumuzu bir balaca qaytarmaq zamanıdır
Rüstəm İbrahimbəyov: “Bir azərbaycanlı, türk ailəsinin nümayəndəsi kimi özümə borc bildim ki, bu addımı atım”
Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərə cəza nəzərdə tutan qanunun qəbuluna Azərbaycandan da etirazlar səslənməkdədir. Parisin bu addımına tanınmış kinodramaturq və ictimai xadim, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov özünəməxsus addımla cavab verib. O, Fransanın “İncəsənət” ordenindən imtina edib və Azərbaycan-Fransa mədəni əlaqələr cəmiyyətinin prezidenti vəzifəsindən istefa verib.
Rüstəm İbrahimbəyovun bu addımı başqalarına da nümunə ola bilər. Eyni zamanda Türkiyə tərəfinin çoxsaylı israrlarına baxmayaraq, Fransaya qarşı ciddi addım atmayan Azərbaycan hakimiyyəti də tanınmış ziyalıdan nümunə götürməlidir.
Rüstəm İbrahimbəyovun özü bununla bağlı həmkarlarına məsləhət vermək niyyətində olmadığını desə də, atdığı addımı borc sayır: “Başqalarına məsləhət verə bilmərəm. Ancaq bir azərbaycanlı, türk ailəsinin nümayəndəsi kimi özümə borc bildim ki, bu vəziyyətdə belə addımı mütləq atmalıyam. Başqaları özləri bilər nə hərəkət edəcək. Heç kimdən heç nə tələb etmirəm. Bir neçə mədəniyyət işçisi bu ödüldən alıb. Başqaları da nəsə alıb. Onların öz işidir”.
R.İbrahimov Türkiyənin əleyhinə olan bu addımın ona mənfi təsir etdiyini və eyni zamanda Fransanın imicinə çox böyük zərbə vurduğunu qeyd etdi. Tanınmış kinodramaturq Azərbaycan hökumətinin də Fransanın bu addımına mütləq cavab verməli olduğunu da vurğuladı: “Azərbaycan hakimiyyəti əlindən nə gəlir, onu etməlidir. Çünki tarix boyu Türkiyə, türk hökuməti həmişə bizə kömək əlini uzadıb. İndi bizim imkanımız var ki, Türkiyəyə borcumuzu bir balaca qaytaraq. Biz bunu etməsək, günahdır. Mütləq etməliyik. Çünki bu bizim milli vəzifəmizdir”.
“Ordeni səfirliyə göndərəcəyəm”
Kinodramaturq “Azadlıq” radiosuna da müsahibə verib. Həmin müsahibəni də qısa ixtisarla təqdim edirik.
– Rüstəm müəllim, Fransanın ordenindən imtina etdiniz. Kim vermişdi ordeni Sizə, harada verilmişdi?
– Fransanın Mədəniyyət Nazirliyi verib, amma ordeni mənə bu ölkənin Azərbaycandakı səfirliyində təqdim ediblər.
– Çətin olmadı ki, belə bir ordendən imtina etmək?
– Əlbəttə, çətindir. Çünki mənim Fransa ilə uzun illərdir mədəni əlaqələrim var. İki film – “Urqa” və “Şərq-Qərb” mənim ssenarim əsasında Fransa ilə birgə çəkilib və “Oskar”a namizəd olub. Bundan başqa, 5 ildir ki, hər il Marseldə kino və teatr festivalı keçirirəm. Fransa ilə başqa əlaqələrim də var. Necə deyərlər, bu ordeni mənə zəhmətə görə veriblər. Mənə elə gəlir ki, belə bir addım atmasaydım, özümə hörmət etməmiş olardım.
– Liberal Partiyasının sədri Lalə Şövkət bəyanatında deyib ki, prezidentin həyat yoldaşı Mehriban Əliyeva da Fransanın “Şərəf Legionu” ordenindən imtina etsin. Münasibətiniz necədir bu məsələyə?
– Bilirsiniz, elə bir vəziyyət yaranıb ki, bu addımı sıravi vətəndaş edə bilər. Amma siyasi məsələlər olduğu üçün dövlət başçısı və onun yoldaşının bu addımı atması çətindir. Ona görə də, mənə elə gəlir ki, bu məsələyə hərə özü qərar verməlidir.
– Rüstəm müəllim, imtina etdiyiniz ordeni hara, kimə təhvil verəcəksiniz?
– Ordeni səfirliyə göndərəcəyəm. Amma iş ondadır ki, hələlik bu qərarım qanunun qəbulundan asılıdır. Senatın qərarına prezident Sarkozi imza atmalıdır. Bundan başqa, Senatın 60 deputatı Fransa Konstitusiya Məhkəməsinə müraciət edib ki, qəbul olunan qərarı təsdiqləməsin. Bunu gözləyirəm. Bu, qanun kimi qəbul olunandan sonra ordeni dərhal göndərəcəyəm səfirliyə. Hesab edirəm ki, Senatın bu qərarı Fransanın böyük ənənələrinə, həm də demokratiyaya ziddir.
– Bəs atdığınız bu addıma görə Türkiyədən kimsə Sizə müraciət edib, öz münasibətini bildiribmi?
– Türkiyə televiziyalarından biri bu gün (yanvarın 26-da) mənimlə bağlı canlı veriliş yayacaq. Yəqin, Türkiyə qəzetləri də bu barədə yazmamış olmaz.
Fizzə