Azərbaycan Türkiyənin “Fransa sanksiyalarına” qoşulacaqmı?

Elxan Şahinoğlu: «Rəsmi Bakı bu addımı atmağa cəsarət etmir»

Fransa Senatında qondarma erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanunun qəbuluna Türkiyə sanksiyalarla cavab verməyə hazırlaşır. Sanksiyalara əsasən, inkar qanununa qarşı bütün beynəlxalq hüquqi yollar aranacaq; Türkiyənin Fransadakı səfiri uzun müddət üçün geri çağırılacaq; Israillə olduğu kimi, diplomatik əlaqələr ən aşağı səviyyəyə endiriləcək; Fransa şirkətlərinin Türkiyədəki tenderlərdə iştirakı qadağan ediləcək;  Türkiyənin Fransadakı hərbi attaşesi geri çağırılacaq və Fransanın Ankaradakı hərbi attaşesinin akkreditasiyası ləğv ediləcək; Türkiyə hava və dəniz məkanı Fransa hərbi təyyarələri və gəmiləri üçün qapadılacaq.
Eyni zamanda Azərbaycandan da Fransa senatının qərarına qarşı bəyanatlar səslənməkdədir. Bunların sırasında Fransanın həmsədrliyindən imtina ilə bağlı fikirlər də var. Lakin bu məsələdə hakimiyyətin mövqeyi birmənalı deyil. Yanvarın 23-də prezidentlərin Soçi görüşündən sonra qəbul edilən bəyanatda Ilham Əliyev həmsədrlərin fəaliyyətini yüksək qiymətləndirib. Bundan bir gün sonra isə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov Fransanın Minsk Qrupu çərçivəsində vasitəçilik missiyasına xəyanət etdiyini bildirib. Belə olan halda Azərbaycan hansı mövqedə dayanacaq? Bəyanatlarda qeyd edildiyi kimi, bu məsələdə Türkiyənin yanında olacaq, yoxsa yenə də ikili mövqe nümayiş etdirəcək?
Rəsmilərin bəyanatına toxunan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu orada Azərbaycanın nə zaman Fransanın həmsədrliyindən imtina edəcəyi ilə bağlı ifadənin olmadığını vurğuladı: “Xarici Işlər Nazirliyinin bəyanatı dişsiz idi. Orda Fransanın həmsədrliyi ilə bağlı bir cümlə belə, yox idi. Əli Əhmədov deyir bundan sonra Fransanın həmsədrliyi mümkün olmayacaq. Amma Azərbaycanın nə zaman Fransanı həmsədrlikdən çağıracağı ilə bağlı ifadə yoxdur. Daha çox vurğu ona yönəlib ki, Fransa özü həmsədrlikdən imtina etsin. Amma bunu gözləmək sadəlövhlük olardı. Fransa özü həmsədrlikdən imtina edən deyil”.
Ekspertin sözlərinə görə, bunu Azərbaycan tələb etməlidir. Ancaq təəssüf ki, rəsmi Bakı bu addımı atmağa cəsarət etmir. E.Şahinoğlunun firkincə, əgər yaxın vaxtlarda Azərbaycan hökuməti Fransanın həmsədrlikdən geri çağırılması məsələsini sərt şəkildə ortaya qoymasa, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə çat əmələ gələcək. Artıq Türkiyə ictimaiyyəti, mediası bu məsələni gündəmə gətirir və Azərbaycan hakimiyyətindən cavab gözləyir.

Fizzə