Sarkozi Avropanı kibritlə yuxudan oyadır

Fransa prezidenti Nikola Sarkozinin prezident seçkisi qabağı israrları və Fransa Senatının saxta erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanunu qəbul etməsi mənim gözümdə bir faktı ortalığa qoyur. “Azadlıq, qardaşlıq və ədalət”in beşiyi olan Fransada belə bir qanunun qəbul edilməsi Avropa, konkret olaraq Fransa cəmiyyətinin bizim mürgülü, susqun, laqeyd Şərq, konkret olaraq Azərbaycan cəmiyyətindən heç də siyasi cəhətdən ayıq, öz azadlığını dəyərləndirən və onun uğrunda savaşa hazır cəmiyyət olmadığını sərgiləyir.
Sən demə, uzun illərin diktaturası kimi Azadlığı və demokratiyası da cəmiyyəti amorallaşdıra, öz azadlığına laqeydləşdirə, biganələşdirə bilərmiş. Söhbət heç də təkcə erməni-türk düşmənçiliyindən, sözdə “erməni soyqırımı”ndan getmir. Təbii, istənilən fransız düşünə bilər ki, bu qanunun mənə zərrəcə ziyanı yoxdu. Mənim erməninin, ya türkün haqlı olması ümumiyyətlə, nəyimə gərəkdi ki, hələ bir o haqda danışam, hələ-hələ türkü müdafiə eləyəm və cərimələnəm, ya da həbsə gedəm. Mən əminəm ki, artıq öz azadlığından məst olub o azadlığın gerçəkdə nə olduğunu unudan bir cəmiyyət məhz belə də düşünür və ya bu haqda heç düşünmür də. Hətta bu qanun tam tərsinə, “erməni soyqırımı olub” deyənlərə qarşı olsaydı belə, indiki kimi, yenə də etnik etirazlardan savayı göstəriləri görməyəcəkdik. Çünki biganələşmiş cəmiyyət istənilən qanuna eyni reaksiyasızlığı ilə göz önünə gələcəkdi. Yəni “kef eləyən fransız xalqının” heç nə vecinə deyil – Araz aşığından, Kür topuğundandı. Əslində isə azadlıqlarından sərməst olub göz qapaqları bağlanmış fransız cəmiyyəti görməsə də, qıraqdan baxan uşaq da anlayır ki, bu qanun sırf ifadə, fikir, söz azadlığına qarşıdı. Nə olsun ki, istisna bir fikir üçün qəbul edilib? Elə qorxulu da burasıdı. Eynən bizim nağıllardakı kimi. Kimsə kiməsə bütün malını-mülkünü, evini-eşiyini verir, ancaq dönə-dönə tapşırır: “Bütün otaqlar ixtiyarındadı. Təkcə qırxıncı otaqdan başqa”. Sizi inandırım ki, həmin bəxti gətirən şəxs bu sözü eşitməsə, nəinki 40, heç 20 otağı da gəzməyə meylli olmazdı. Ancaq yasaq, dəlinin yadına salınan daş kimi onu dayanmadan, dəhşətli ehtirasla 40-cı otağa sarı çəkir. Indi bir fransızın da şüuru eləcə, aldığı yasaq qıcığından ehtizaza gələcək və o yasağa doğru israrla can atmağa başlayacaq. O zaman bir fransızın illərlə uyumuş azadlıq refleksləri yenidən oyanacaq və məhz o zaman yenidən öz azadlığına qovuşacaq. Mən bu mənada bu qanunun qəbulunu alqışlayır, onu bəşəriyyət üçün xeyirli sayıram. Görünür, bəzən azad cəmiyyətlərdə də belə qıcıq yaradan totalitar qanunlara əşhədü-billah gərək var. Onsuz da Türkiyə bu qanundan heç nə itirməyəcək. Onsuz da dəvəsi ölmüş ərəbik…
Qanunun qəbulu mənimçün daha bir şeyi aydınlatdı. Deməyəsən, insan hər bir ölkədə, millətdə, cəmiyyətdə elə həmin insanmış, onun hakimiyyət hərisliyi də həmincə. Sarkozi növbəti prezident seçkisində qalib gəlmək üçün erməni seçicisinin səsini almağa çalışır və bunun üçün bütöv bir dövlətin ana prinsiplərinə zidd gedir, öz mənafeyi üçün dövlətin “anasını” belə, ayaqları altına atır. Bu hakimiyyət ehtirasında Qəzzafi, Hüsnü Mübarək, Bin Əli, Bəşər Əsəd, Putin, Ilham Əliyev, Nazarbayevdən onun zərrəcə fərqi yoxmuş. Insanın təməl hüquqlarının, azadlığının onun qanından daha qiymətli olduğu nəzərə alınarsa, əslində Sarkozinin də bir diktator və taxt-tac manyakı olduğu üzə çıxar.
Paradoksa baxın – bu gün Şərq diktaturadan uzaqlaşır, Avropa isə diktaturaya qədəm basır…
Avropa, di yeni Herostratının yandırdığı məbədin alovlarına tamaşa elə…