Qurultay anonsu verildi; İlham Əliyevdən seçkisi ilə bağlı qəti mövqe istənilir
Hakim Yeni Azərbaycan Partiyasının növbəti qurultayı Nizamnamədə müəyyən edilmiş müddət çərçivəsində keçiriləcək. Bunu Trend-ə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.
“Yeni Azərbaycan Partiyasının qurultaylarının keçirilməsi partiyanın Nizamnaməsi ilə tənzim olunur. Ya partiya sədrinin qurultay çağırılması ilə bağlı tapşırığı olur, ya da Idarə Heyətinin, Siyasi Şuranın qərarına istinad edilir. Bunlardan kənar partiyanın qurultayının keçirilməsi ilə bağlı partiya daxilində hərəkət olarsa, müəyyən sayda partiya üzvlərinin tələbi əsasında qurultay keçirilə bilər”, – deyə YAP-ın sədr müavini bildirib.
Əli Əhmədovun sözlərinə görə, YAP-ın son qurultayı 2008-ci ilin avqust ayında keçirilib.
Nizamnaməyə görə, partiyanın qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir.
Sədr müavininin sözlərindən belə anlaşılır ki, YAP-ın növbəti qurultayı bu il keçiriləcək. Əslində hakimiyyətdəki Naxçıvan klanı tez bir zamanda YAP-ın qurultayının keçirilməsinə çalışır. Hələ bir müddət əvvəl “Azadlıq” bu barədə məlumat vermişdi. Həmin məlumatda bildirilirdi ki, ard-arda qurultaya hazırlıq konfranslarının keçirilməsi tədbirin qısa müddətdə baş tutması üçündür. Naxçıvan klanına YAP-ın qurultayı Ilham Əliyevin 2013-cü il prezident seçkisi ilə bağlı qəti mövqeyini öyrənmək baxımından lazımdır. Ölkə başçısının “Əl Cəzirə”yə müsahibəsində bu barədə qeyri-müəyyən danışmasından sonra Naxçıvan klanına daxil olan YAP-çı deputatların “Bizim namizədimiz Ilham Əliyevdir” bəyanatlarının təsiri olmadığına görə, klanın başında duran Ramiz Mehdiyev qurultayı gündəmə gətirib.
Informasiya şöbəsi