Qədim sufi şeyxlərinin məskəni Şahtaxtı

Adı hansı şahın şərəfinə qoyulub?

Vaxtilə bir ucu Araz çayına gəlib çatan və “Qarahasar” deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəninin sonralar niyə “Şahtaxtı” adlandırılması haqda hazırda yerli əhali arasında bir neçə maraqlı rəvayət, elm adamlarının, ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların əsərlərində isə konkret fikir və mülahizələr var. Məsələn, Şahtaxtıda daha çox yayılmış rəvayətlərdən birində deyildiyinə görə, bu ad kəndə sonralar – Azərbaycan Səfəvi dövlətinin banisi Şah Ismayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Şahtaxtıda əsrlərdir dildən-dilə keçən rəvayətə görə, Ismayıl Şirvandan Naxçıvana gələndə də və “Şərur düzü”ndəki qələbəsindən sonra da bu kəndin kənarında indi “Iydəli Pir” adlandırılan, əsasən iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar “Şahı taxta çıxaran yer” – “Şahtaxtı” adlandırılmışdır…
Başqa rəvayətlər isə Şah Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə bağlıdır. Demək olar ki, hər üç şahla bağlı rəvayətlər mahiyyət etibarilə eyni məzmunu ifadə edir və kəndin adı da şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması ilə izah olunur.
“Şahtaxtı” adının mənşəyi və tarixi haqda daha əsaslı, fundamental araşdırmalara aparıb çıxaracaq və indiyə qədərki rəvayətlərdən fərqli məlumata isə xüsusən Iran tarixinin mükəmməl araşdırıcısı sayılan məşhur rus hərbi tədqiqatçısı Nikolay Konstantinoviç Smirnovun 1934-cü ildə yazılmış “Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar” kitabında rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu üzə çıxan N.K.Smirnov bu kitabında “Şahtaxtı” adının Şah Ismayıldan daha əvvələ – əsası XIV əsrdə qoyulmuş “Nemətullahi” dərvişlərinə gedib çıxdığını və kəndin adının da məhz özünü “Şah” adlandıran dərvişin təkyəsinin burada yerləşməsi ilə bağlı olduğunu göstərib. O, həmçinin kəndin yanında “Şah bağı” adlı yerin və Arpaçayından  Böyük-Düz istiqamətində “Şah arxı” adlı köhnə kanalın olduğunu da yazıb və bütün bunların hamısının eyni kökdən qaynaqlandığı fikri üzərində durub.
Şahtaxtı kəndinin adı Azərbaycanın, o cümlədən Naxçıvanın tarixində silinməz izlər qoyan yurd yeri kimi indi də seçilir, fərqlənir.
Araşdırmalar göstərir ki, tarixən bu kənd Naxçıvandan Irana, Irandan Naxçıvana gedib-gələn qədim karvan yolunun üzərində yerləşən əsas məntəqələrdən sayılıb. Üzərində taxta və dəmir körpülər tikilənədək, at və dəvə karvanları Araz çayının məhz bu hissəsindən – indiki Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə adlaya bilir, o tay-bu taya keçirdilər. Kəndin yaşlı nəsil nümayəndələrinin söylədiklərinə görə, Türkiyənin Bingöl dağlarından, təxminən 3 min metr yüksəklikdən başlayan Araz çayının suyu Şahtaxtının cənubundan keçən hissəsində aramlaşar, xüsusən yay və payızın ilk ayında isə heç atların dizlərinə də çatmazmış.
Ən qədim tarixin izləri
Şahtaxtının ibtidai insanların məskən saldığı ən qədim yaşayış məntəqələrindən biri olması ehtimalı hələ 1936-cı ildə arxeoloq Ə.Ələkbərovun apardığı arxeoloji qazıntılar zamanı konkret dəlil-sübutlarla da təsdiqini tapıb. Qazıntılar zamanı tapılan Tunc dövrünün müxtəlif mərhələlərinə aid maddi mədəniyyət nümunələrini analiz edən alimlər bu qənaətə gəliblər ki, Şahtaxtı hələ b.e.ə. VI-IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdən isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş yaşayış məskəni olub.
Indiki Şahtaxtı kəndi orta əsrlərdə Şimal-Cənub və Şərq-Qərb istiqamətində ən çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Kənd elə bir coğrafi nöqtədə qərarlaşıb ki, cənubdan Araz çayını keçib şimal istiqamətində hərəkət edən karvan Şərqdən Qərbə gedən Qədim Ipək Yoluna çıxmaq üçün mütləq şəkildə buradan keçməlidir.
Eyni zamanda, elmi mənbələr vasitəsilə tam sübuta yetirilib ki, Naxçıvan sufizmin geniş yayıldığı və məşhur sufi şeyxlərinin yaşadığı və dəfn olunduğu əsas məkanlardan olub. Bu haqda AMEA-nın Naxçıvan bölməsinin Tarix və Etnoqrafiya Institutunun direktoru, hörmətli professor Hacıfəxrəddin Səfərli özünün “Orta Əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolu” monoqrafiyasında ətraflı bəhs edərək, Naxçıvanda “Səfəvilik”, “Hürufilik”, “Bəktaşilik”, “Şeyxilik”, “Nöqtəviyyə”, “Qələndəriyyə” və s. kimi sufi təriqət və qardaşlıqlarının geniş yayıldığını, hətta bir çox sufi şeyxlərinin Naxçıvan ərazisində dəfn olunduqlarını faktlarla göstərib.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, əksər sufi təriqətlərində simvollaşdırılmış söz və ifadələrlə, rəqəmlərlə danışığa və hərəkətlərə çox böyük üstünlük verilib. Hər bir simvol – hərf, söz, anlayış və ya rəqəm Islam tarixində böyük bir hadisəni, fikir və ya ideyanı ifadə edib. Bu səbəbdən də məşhur sufi şair və yazıçılarının əsərlərinin zahiri əlamətlərə görə şərhi bir çox hallarda doğru anlaşılmır, yanlış istiqamətlərə yozulur. Məsələn, “nemətullahi”lərdə “Əli Şah” Həzrəti Əlinin ilk xəlifə olması haqqının tanınmasını ifadə edirdisə, bu təriqətin digər görkəmli siması Nur Əli Şahın 12 nəsr və 12 nəzm əsəri yazması təriqət üzvlərinin 12 imamı, onların haqq işini bu rəqəmdə simvollaşdırılması anlamındadır.
Böyük ehtimalla, N.K.Smirnovun yazdığı kimi, “nemətullahi” təriqətinin banisi Nemətullah Vəli və yaxud da onun “Şah” titulunu almış müridlərindən hansısa biri Azərbaycana məhz Araz çayının indiki Şahtaxtı kəndi ərazisinə yaxın hissəsindən keçərək gəliblər və təbliğat üçün olduqca əlverişli mövqe tutan bu qədim karvan yolu üzərində bir neçə bulaqla əhatələnmiş iydəlikdə – indi “Iydəli Pir” adlandırılan yerdə məskunlaşaraq, öz xanəgahlarını qurublar. Elə əvvəllər “Şah bağı” deyilən bu iydəliyin sonradan pirə çevrilərək “Iydəli Pir”, yaxınlıqdakı yaşayış məskəninin isə “Şahtaxtı” adlandırılması da məhz burada sufi “Şah”ın xanəgahının qurulmasıyla bağlı olub.
Müqəddəs adların xatırlandığı yer
Mümkün ehtimallardan biri isə budur ki, səfalı yer olan bu iydəliyi sufi dərvişləri “Şah”, “Şahım” deyə müraciət etdikləri, adını daim yaşatmağa çalışdıqları Həzrəti Əlinin şərəfinə “Şahtaxtı” adlandırıblar və bu ad sonradan bütövlükdə fanat şiələr tərəfindən yaxınlıqdakı yaşayış məskəninə şamil edilib.
Qeyd edək ki, kəndin “Şahtaxtı”, iydəliyin də pirə çevrilərək “Iydəli Pir” adlandırılmasının məhz bu məkanda sufi xanəgahının yerləşməsiylə əlaqəli olduğu haqda N.K.Smirnovun yazdıqlarını sonradan baş verən bir sıra mühüm hadisələr – əraziyə Cənubi Azərbaycanın Hərzən bölgəsindən nəsil şəcərəsi Həzrəti Əlinin nəvəsi Imam Zeynəlabidinə gedib çıxan “Böyük Seyid” ləqəbli Mir Abdulla Ağanın qardaşlarıyla birgə köçərək, buranı özünə yaşayış məskəni seçməsi, böyük bir tayfanın əsasını qoyması və elə burada da dəfn olunmasını vəsiyyət etməsi də təsdiqləyir. Şahtaxtı kəndində indi də dillər əzbəri olan rəvayətə görə, Mir Abdulla Ağa “Iydəli Pir”ə ana tərəfdən babası olan Pirqulu xanın qoşununda gəlib məskunlaşsa da, onu Şahtaxtına dəvət edib kəndin daimi sakininə çevirən əsas şəxs o vaxtlar Şahtaxtı kəndinin sahibi sayılan I Isa Sultan olub…
Şahtaxtının tarixində əslində iki məskunlaşma dövrü olub. Birinci mərhələ 1605-ci ilə qədərki dövrü, ikinci mərhələ isə XVIII əsrin sonlarından ta XIX əsrin sonlarınadək olan dövrü əhatə edir.
Ümumiyyətlə, tarixi sənədlər də təsdiqləyir ki, Şahtaxtı kəndinin ikinci dövr məskunlaşmasında və kəndə rəhbərliyin həyata keçirilməsində üç şəxsin – həm də üç tayfa başçısının böyük rolu olub: I Isa Sultan, Yüzbaşı Məhəmməd Rza bəy və “Böyük Seyid” ləqəbli Mir Abdulla Ağa.
Hazırda Şahtaxtı kəndindəki muzeydə 285-dən çox eksponat buraya gələnlərə dilçi, şərqşünas, əlifba islahatçısı Məhəmməd ağa Şahtaxtinski, Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan, ictimai xadim Behbud ağa Şahtaxtinski, AXC dövlət xadimlərindən Həmid ağa Şahtaxtinski, ziyalı-jurnalist Isasultan Şahtaxtinski və digər Şahtaxtinskilər haqqında kifayət qədər məlumat verir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir