Obama İranı yenə hədələdi

Tehran nüvə silahı istehsal etməyə çalışmadığını sübut edənə qədər beynəlxalq ictimaiyyət bu sanksiyaları davam etdirəcək».

Bunu yanvarın 24-də ABŞ prezident Barack Obama Konqresdə çıxışında deyib.

O, əvvəllər verdiyi vədini bir daha təkrarlayıb. «İranla bağlı heç bir həll yolu istisna deyil»- deməklə hərbi müdaxilənin də mümkünlüyünə işarə edib.

Bununla yanaşı, Obama qeyd edib ki, sülh yolu ilə həll hələ də mümkündür:

«İran siyasətini dəyişsə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, yenidən beynəlxalq ictimaiyyətə qoşula bilər».

HAMI ÜÇÜN ƏDALƏTLİ ŞƏRAİT…

ABŞ prezidenti ölkədəki iqtisadi vəziyyətə də toxunub. O, varlı, orta və kasıb təbəqə arasında yeni Vergi Məcəlləsi vasitəsilə iqtisadi tarazlıq yaratmaq üçün öz planını açıqlayıb. Obama deyib:

«Biz ya, az sayda insanın yaxşı yaşadığı, amma getdikcə daha çox insanın firavan həyatdan məhrum olduğu ölkə ilə razılaşmalıyıq, ya da hamı üçün ədalətli iqtisadi şərait və eyni qaydalar yaratmalıyıq».

Prezident deyib ki, Amerika dünyanın ən qüdrətli ölkəsi rolunu yenidən özünə qaytarıb:

«ABŞ-ın tənəzzüldə olduğunu, yaxud da onun dünyada nüfuzunun azaldığını söyləyənlər nə danışdıqlarını bilmirlər».

B.Obamanın Ağ Evdəki 3 il yarımlıq fəaliyyəti barədə amerikalılarda birmənalı fikir yoxdur. Obama administrasiyasının iqtisadi fəaliyyətini ümumiyyətlə ürəkaçan saymırlar. Ötən bir neçə il ərzində işsizlik 9%-ə yüksəlib, milyonlarla amerikalı girov qoyduğu evindən məhrum olub.

OBAMA: VARLILAR DAHA ÇOX VERGİ ÖDƏMƏLİDİR

Obama iqtisadi ədaləti varlı amerikalıların vergisini artırıb, adi vətəndaşların vergi yükünü azaltmaq yolu ilə bərqərar etmək arzusundadır. Öz çıxışında o, təklif edib ki, ildə 1 milyon dollardan çox qazananlar azı 30% vergi ödəsin.

Müxalifətdə olan Respublikaçılar Partiyası bu ideyanın qəti əleyhinədir. Partiyadan Ağ Evə əsas namizədlərindən olan Mitt Romney multimilyonçudur. O, 2010-cu ildə 21 milyon dollarlıq gəlirindən cəmi 14 faiz vergi ödəyib.

Obama Amerikada iş yerlərini bərpa etmək və biznesin inkişafına nail olmaq üçün detallı plan açıqlayıb. Konqresdən də xahiş edib ki, bu planı qəbul etsin. Onun təklif etdiyi qanun yerli fəhlələrin xarici fəhlələrlə rəqabət apara bilmələrinə hesablanıb.