Əliyevlə Sarkozi arasında gizli anlaşma olub?

Azərbaycan “soyqırım qanunu” qarşısında niyə susdu?

Azərbaycan hökuməti beynəlxalq təşkilatları tanımır: yəni onları qəbul etmək istəmir və hər dəfə də bu təşkilatlardan söhbət düşəndə hansısa dövlət rəsmisi onları az qala “küçə uşaqları” adlandıraraq qərəzdə və bitərəf olmamaqda ittiham edir. Istər Sərhədsiz Reportyorlar, istər Amnesty International, istər Freedom House, istərsə də başqaları bizim hökumətin nəzərində düşməndir, ermənipərəstdir…
Amma Fransa Senatının qəbul etdiyi məlum qanun nüfuzlu beynəlxalq təşkilatları ciddi şəkildə narahat etməyə başlayıb. Baş ofisi Fransada yerləşən “Sərhədsiz Reportyorlar” bu qanun bir ideya olaraq ortalığa atılandan bəri öz mövqeyini ifadə edib. Birmənalı olaraq bəyan edib ki, belə bir qanun Avropada və dünyada ifadə azadlığına qarşı təhlükədir.
Qanun qəbul edilən gün Amnesty International sərt bir bəyanat yayaraq  Fransa hökumətinin bu təşəbbüsünü ifadə azadlığı üçün böyük təhlükə adlandırıb.
Bu günlərdə digər beynəlxalq təşkilatlar da Fransa Senatının qəbul etdiyi bu qanunla bağlı kampaniyaya qoşulacaqlar.  Bu, ermənipərəstlikdə ittiham edilən həmin təşkilatların mövqeyi…
Amma Azərbaycan hökuməti hələ də susqun və rəsmi bir rəyi ortalığa qoymamış vəziyyətdə. Dövlət başçısının nə bir bəyanatı ortalıqda var, nə də bir narahatlığı. Sanki bu qanunun Azərbaycana və ya azərbaycanlılara heç dəxli yoxdur. Bir sıra qəzetlərdə hətta o perspektiv də işıqlandırılmağa başlayıb ki, Fransada yaşayan Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra “erməni soyqırımı olubmu” sualına nə cavab verəcəklər… Çox komik bir vəziyyət yaranıb. Dövlət əlini-qolunu sallayıb oturmalı, hətta qanun  qəbul edilən gün Soçiyə gedib orada Minsk Qrupunun  Fransadan olan həmsədrinə də ümumi kontekstdə bir təşəkkür ixrac etməli, qərəz bütün bu prosesdən məmnun görünməli, amma Azərbaycan vətəndaşları Avropanın böyük bir dövlətinin girovunda saxlanılmalı imiş. (Təbii ki, belə bir perspektiv çox mücərrəddir və Fransada da adamın yaxasından yapışıb “sən soyqırımı inkarmı edirsən?” deyə şantaj eləmirlər). Amma Azərbaycan hökuməti ortalıqda yoxdur.
Ilham Əliyev bütün kritik zamanlarda çox vacib bir məşğuliyyət tapa bilir. Məsələn, gürcü-rus müharibəsi zamanı Pekində oturub güləşçilərə tamaşa etdi və müharibə başa çatandan sonra Azərbaycana qayıtdı. Indi bütün dünyanın Fransa-Türkiyə ziddiyyətinə kökləndiyi zamanda Soçiyə gedib orada xizək sürməyə başladı və Senat qanunu qəbul edib qurtarana qədər xizəkləri ayağından çıxarmadı.
Gürcü savaşı ilə işim yoxdur. Amma bu dəfəki savaş birbaşa bizim mənafeyimizlə bağlıdır. Azərbaycanla düşmən olan bir dövlət bizə qarşı hüquqi-siyasi-informasiya müharibəsini  aparır və Ilham Əliyev xizək sürən günü də bu müharibənin çox həlledici döyüş əməliyyatlarından biri baş verirdi. Onu demək istəmirəm ki, Dağlıq Qarabağda həqiqi döyüş əməliyyatları başlasa Ilham Əliyevin Azərbaycandan kənarda hansısa çox vacib və çox əhəmiyyətli protokol görüşlərinin başlanacağı qaçılmaz olacaq. Sadəcə olaraq, budəfəki  yayınmadan ciddi bir qalmaqal yarada biləcək xəbərin iyi gəlir.
Bəzi məlumatlara görə, Fransa prezidenti Nikola Sarkozi Türkiyə əleyhinə bu qanunun qəbul edilməsindən əvvəl Güney Qafqaza etdiyi səfər zamanı Azərbaycanda da bu barədə bəzi danışıqlar aparıb və Ilham Əliyevi inandırıb ki, “soyqırımı” inkar əleyhinə olan bu qanun qətiyyən Azərbaycanın mənafelərinə qarşı hesablanmayıb.
Bir anlığa Sarkozinin Güney Qafqaza səfərinin zamanını təsəvvür edin: Güney Qafqazda heç bir fövqəladə durum yoxdur: Sarkozinin bundan əvvəlki səfərində Rus-gürcü savaşı gedirdi; Ermənilərlə atəşkəs rejimində narahatlıq yaradan heç bir anlaşılmazlıq qeydə alınmayıb: Azərbaycanla enerji layihələrinin müzakirəsi istiqamətində hər hansı yeni maddə yoxdur…
Sarkozi Irəvanda Ağrı dağına tərəf baxaraq Türkiyəyə ilin sonuna qədər vaxt vermək və Azərbaycanda ictimaiyyətə açıqlanmayan 2 saatlıq söhbət üçün Güney Qafqaza nədən gəlsin ki?  Sadəcə, seçkiqabağı təbliğat-təşviqat tədbiri kimimi? Heç, ağlabatandırmı? Əlbəttə, yox. Türkiyəyə tərəf baxaraq ona ikicə ay vaxt verən ciddi bir dövlət başçısı bu ultimatumdan sonra Azərbaycana gələrək burada orden-medal dağıdırsa, deməli burada anlaşma baş tutubmuş…
“Nikola Sarkozi “soyqırımı inkar” qanununa görə Ilham Əliyevlə məxfi razılığa gəlibmiş” xəbərini yalana çıxaracaq heç bir əlamət və görsəniş olmadı. Azərbaycan hökumətinin bütün davranışları belə bir gizli anlaşmanın olduğunu təsdiq edir.