İlham Əliyev Gəncəyə getdi. Şəhərdəki binaların üzünün rənglənməsindən çox məmnun qaldı ki, Gəncənin abadlaşdırılmasından, gözəlləşməsindən ürək dolusu danışdı, “belə getsə, gözəllikdə Bakını keçəcək” dedi.
Bəs əlahəzrət Fakt? Bəs möhtərəm Həqiqət? Onlar nə deyir bugünki Gəncə haqqında?
Sözü onlara, əlavə şərhi isə sizin ixtiyarınıza buraxıram.
Gəncənin “qul bazarı”
Gəncə avtovağzalının yaxınlığında yerləşir. Yüzlərlə insan burada iş ümidi ilə səhərdən axşamadək oturub gözləyir. Onların arasında hər yaşda insan var. Gənc də, qoca da.
Aralarında ali təhsillilər də az deyil. Sadəcə, işsizlik, bir qismət çörək ehtiyacı onları buranın daimi “sakin”lərinə çevirib. Gəncədə divarların üzü rənglənsə də onların günü ancaq qara rəngdən ibarətdir.
Nə vaxt ki, “qul bazarı”na xarici markalı bir avtomobil yaxınlaşır, buradakı səhnəni ürək ağrısız izləmək olmur. Bir-birinin ayaqlarını tapdaya, belindən basa-basa avtomobilə doğru yüyürənlərin o andakı üz ifadələrini sözlə təsvir etməkdə qələm acizdir.
Iki zavod – biri maaşsız, o biri zəhərli
Gəncədə iki alüminium zavodu var. Biri fəhlələrin 14 aydır maaş almadıqları, ona görə də evdə bir qismət çörək gözləyən uşaqlarının gözlərini necə baxa bilmədikləri Gəncə Gil-Torpaq sahəsidir.
Ikincisi isə bu zavodun yaxınlığında açılan yeni zavoddur – Det.Al. Əvvəlki zavodun zəhərli tullantıları onsuz da bu ətrafda yaşayanların sağlamlığına ağır zərbə vururdu, indi necə deyərlər, “filin dişisi” də gəlib.
Şəhər sakini Sahilə Əliyeva deyir: “Evimizin içinə qədər qırmızı toz gəlir. Məhləyə əkdiyimiz göy-göyərtini suya qoyuruq, qıp-qırmızı olur. Hamısı zəhərdir. Hər ay xəstəxanadayıq. Ətraf zəhərli maddələrdir. Hələ birini də tikdilər. Deyirlər ki, bu, o birindən də güclüdür. Bir açıqlama verilmir ki, biz də bilək, çox narahatıq”.
“Zavod yeni açılanda həyətimizdəki ağaclar üç ayın içində qurudu” – bunu isə başqa bir sakin – Məhəmməd Süleymanov deyir.
Zavoda işləyən, adının çəkilməsini istəməyən 27 yaşlı gənc deyir ki, “Det.Al”a girmək mümkün deyil, hər tərəf maqnitlidir, bütün əşyaları özünə çəkir: “Çox adam işləyə bilmir orada, cavanlar iki gün işləyib qaçır”.
Gəncə səhiyyəsi
Gəncə şəhər 2 saylı Poliklinikası. Uzun növbə. Növbədə dayanan 54 yaşlı şəkər xəstəsi Etibar Ismayılov bu qədər xəstə üçün cəmi bir həkim təyin edildiyini deyir: “50 xəstə yığılıb bir otağın qarşısına, cəmi bir həkim təyin ediblər. Bu qədər millətə bir həkim necə xidmət edə bilər? Işimi-gücümü atıb səhər saat 8-dən növbədə gözləyirəm. Ayaq üstə duranda bədənim əsir, şəkər adamam…”.
Başqa bir şəhər sakini: “Atam xəstədir, mən onun reseptini almaq üçün bir həftədir gəlirəm, növbədə 42-ci adamam. Iki gün idi atam özü gəlirdi, 80 yaşında xəstə adamdır. Xəstə gəlib burda növbə tuta bilər?”.
Gəncə və dializ
“Anamın böyrək ağrısı var, dializ etdirmək lazımdır. Pulsuz olmalıdır, amma Gəncədə xəstəxanada hər dializə 70 manat pul istəyirlər. Həftəyə 201 manat, aya 630 manat edir” – bunu deyən Samux sakini Rüfətdir. Ondan anasının dializ olunması üçün bir seansa Gəncədəki tibb müəssisələrinin birinin hemodializ şöbəsində 70 manat istəyirlər.
Gəncə sakini 46 yaşlı Aygün Hüseynova həftədə 3 dəfə süni böyrək aparatına qoşulur. Amma bu, ona evindəki bütün əşyaları satmaq hesabına başa gəlir: “Evin hər şeyini satmışıq. Gəbə, qab, servis – hər şeyi satmışıq, dializə vermək üçün”.
Son not:
Həqiqətin Gəncə səfərindən bu köşə-reportajı çox uzatmaq olardı. Amma hər şey aydındır. Necə deyərlər, dənizin dadını bilmək üçün onu bütün içməyə ehtiyac yoxdur, bir ovuc da bəs edər.
Ilham Əliyeevin “abadlaşan, gözəlləşən” Gəncə ilə bağlı dedikləri ilə bu oxuduqlarınızı müqayisə edib nəticə çıxarmağı sizin öz vicdanınıza buraxıram.
Yurdumuzun abadlaşan və gözəlləşən digər bölgələrində görüşənədək!
(Köşə-reportaj hazırlanarkən ganca.az və digər internet resurslarının materiallarından istifadə edilib – E.A.)

İlham Əliyevdən sonra Həqiqətin də Gəncəyə səfərə getməsi (Köşə-reportaj)
•
•