Komitə sədri dövlət başçısının imzaladığı qanunla deyil, öz qanunları ilə işləyir
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Ilham Əliyevi saymır. Komitə sədri 2008-ci ildə Ilham Əliyevin imzası ilə qüvvəyə minən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu ayaqlar altına atır. Həmin qanunda bələdiyyə torpaqlarının hərracla yanaşı birbaşa satışı da nəzərdə tutulub.
Bələdiyyə orqanları da qanuna müvafiq torpaqların hərracla yanaşı birbaşa satışını da həyata keçiriblər. Beləliklə də on minlərlə vətəndaşa bu sayaq torpaq satılıb. Lakin Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin nəzarətində olan reyestr xidməti həmin torpaqlara çıxarış vermir. Bu problemlə üzləşən vətəndaşlar deyirlər ki, reyestr xidmətinin mərkəzi və regional şöbələrinə müraciət edərkən onlara bildirilir ki, birbaşa satılan torpaqlara çıxarış verilmir. Reyestr xidmətinin əməkdaşlarına “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun xatırladıldıqda isə cavab bu olur: “Biz Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tabeyik. Və komitənin qanunları ilə işləyirik. Komitədə sədr müavini Rafiq Cəlilovun isə əmri var ki, birbaşa satılan torpaqlara çıxarış verilməsin”.
Göründüyü kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi faktiki olaraq Ilham Əliyevin imzaladığı qanuna tüpürür.
Əldə etdiyimiz məlumatlara görə, bu məsələ Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədov, Ədliyyə Nazirliyi bələdiyyələrlə iş mərkəzinin rəhbəri Mehdi Səlimzadə və Kərəm Həsənov arasında konfliktə səbəb olub. Qərib Məmmədovla Mehdi Səlimzadə sözügedən qanuna istinad edir. Kərəm Həsənov isə deyir ki, o, bu məsələdə öz qanunlarını tətbiq etməyə üstünlük verir. Komitə sədrinin bu mövqeyi torpaq alan on minlərlə vətəndaşda ciddi narazılıq yaradıb.
Mövzunu davam etdirəcəyik.
Informasiya şöbəsi