Deputat: «Bizim işimiz qurtarıbmı ki, indi də ad və soyadları dəyişək?»
“Azərbaycanda ad və soyadların dəyişdirilməsinə ehtiyac varmı? Bizim işimiz qurtarıbmı ki, indi də ad və soyadları dəyişək?..”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Fəttah Heydərov deyib.
O bildirib ki, bu məsələdə tələsmək lazım deyil:”Ad və soyadların dəyişməsi zamanı bir sıra problemlər meydana çıxa bilər. Çünki çox sayda insan uzun illərdir “ov”, “yev” soyadını daşıyır. Bu gün Cənubi Azərbaycanda, Gürcüstanda və digər bölgələrdə azərbaycanlılar yaşayır. Bu soyad dəyişmə Gürcüstanda yaşayan yarım milyon azərbaycanlıya da şamil olunacaqmı? Bu, insan hüquqlarına uyğun deyil. Eyni zamanda biz yer adlarını da dəyişdiririk. Bu məsələdə diqqətli olmaq lazımdır. Biz tariximizi saxtalaşdırmamalıyıq”.