Fransa Senatının iddia edilən erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun qəbul etməsinə dünəndən bu yana emosional və sərt reaksiyalar izləməkdəyik. Aydındır ki, bu qərar müxtəlif tərəflərdən bizi həssas yanaşmağa vadar edir. Ən azı Qarabağ məsələsinə görə. Fransanın tərəf tuta biləcəyi, qərəzli yanaşacağı bizi düşündürməyə bilməz. Müxtəlif təkliflər, etirazlar, narahatçılıqlar normaldır. Amma bu qərarı böyük tarixi faciəyə çevirmək, bunun təsirində ilişib qalmaq olduqca yanlışdır.
Yaxşı xatırlayıram ki, Fransa “erməni genosidi”ni tanıyanda mən və dostlarım bu qərarı çox böyük fəlakət kimi qəbul etmişdik. Bir müddət keçdi, həyat davam etdi, bu qərara görə nə biz bədbəxt olduq, nə də ermənilər xoşbəxt oldu. Sonra gördük ki, bizim daha böyük problemimiz var. Biz ölkəmizin gələcəyini düşünməliyik. Anladıq ki, biz yalnız demokratik ölkə olmaqla problemlərimizi həll edə bilərik, elə Qarabağ münaqişəsini də, erməni işğalının və təbliğatının qarşısını almağı da. Ermənilər keçmişdə ilişib qalıbsa, imkan verməli deyilik ki, bizi də o zehniyyətdə saxlasınlar. Biz gələcəyə baxmağa məhkumuq.
Guya nə olacaq indi? Bu qərarla ermənilər xoşbəxt, türklər talesizmi olacaq? Ermənilərin Ermənistanı tərk etməsimi dayanacaq? Onların ölkəsi bu qərarla tərəqqi edib Fransamı olacaq? Yaxud fransızlar nə qazanacaq? Əksinə, mən fikirləşirəm ki, Türkiyə daha bir sınaqdan çıxır. Türkiyəni daha bir zəif dabanı ilə artıq şantaj edə bilməyəcəklər. Yaxşı, bundan sonra nə?! Bəzən bir pis işin yaxşı tərəfi də olur.
Hələ də ümidliyik ki, Fransa Senatının qəbul etdiyi məlum qərar ləğv olunacaq. Olmasa da, o qanunun işləmə mexanizmi yaranmayacaq – Avropa Insan Haqları Məhkəməsi president hüquq verən ilk qərarla bu qanunun işləmə mexanizmini dayandıracaq. Çünki o, söz azadlığına qarşıdır və fikrə görə insana cəza nəzərdə tutur.
Demək istədiyim odur ki, Türkiyə sərt şəkildə də etiraz edə bilər, amma özünü elə aparmalı deyil ki, sanki bu qərarla məhv olur. Türkiyə hər dəfə bu cür qərarlarla təlatümə girməli deyil və özünü Fransa parlamentinin, yaxud digər ölkələrin qurumlarının qərarlarından asılı hiss etməli deyil. Məncə Türkiyə parlamenti iddia edilən erməni genosidi barədə qanun qəbul etməli, bu barədə müxtəlif ölkələrin qərarlarını özünə qarşı qərəz saymalı və bu cür qərarlara görə heç bir mənəvi məsuliyyət daşımadığını bildirməlidir. Faşist Almaniyasının yəhudilərə qarşı etdikləri həm də məhkəmə hökmü ilə təsdiq edilib, o, iddia edilən bir hal deyil. Burada isə tarixi iddialardan söhbət gedir.
Bir şeyi də nəzərə almalıyıq ki, Fransa parlamenti siyasi partiyaların maraqlarını güdən bir oyuna salınıb, yanlış qərar verib. Amma bu bizə də qeyri-adekvat addımlara və yanlış qərarlara haqq vermir. Xüsusən də nifrətə. Fransa tarixində fransızların da nifrət etdiyi xeyli adamlar var, fransızların da utandığı qərarlar, addımlar, olaylar var. Amma azadlıqların beşiyi olan bu ölkə və onun xalqı nifrətə layiq deyil. Biz yanlış sözlər deməyə, yanlış çağırışlar etməyə özümüzü layiq bilməli deyilik. Etirazın da sağlam yolları tapılmalı, effektli və adekvat reaksiyalar verilməlidir.
Azərbaycan hakimiyyətinin mövqeyi
Ilham Əliyevin Fransaya qarşı dişədəyən addımlar atmaması Türkiyədə və bizdə çox böyük təəccüblə müzakirə edilir. Mən isə təəccüblənmirəm. Bu hakimiyyətin Iranla münasibətlərini pisləşdirməməsi üçün Güney Azərbaycanda insan haqlarının pozulması ilə bağlı BMT qərarına səs vermədiyini unutdunuzmu? Türkiyə isə bilməlidir ki, atasına və özünə hakimiyyətə gəlməkdə dəstək verdiyi, saxta seçkilərini təbrik etdiyi, haqsızlıqlarına göz yumduğu Əliyevlər hakimiyyəti özünün aşına tökdüyüdür və indi qaşığına çıxıb. Böyük tarixi səhvin acılarını birlikdə çəkirik. Yəni Türkiyə hökuməti özünün də ikili standartlarını, bəzən insan haqlarına sayğısızlığını, Azərbaycanda baş verənlərə və xalqına zülm edən bir hakimiyyətə səssizliyini yada salıb nəticə çıxarmalıdır.

Fransanın qərarı böyükmü faciədir?
•