Indi çox adam, ən azı cəmiyyətin düşünən hissəsi dəyişiklik həsrətindədir. Bunu görmək və duymaq elə bir siyasi fəhm istəmir, hər şey göz onündədir, ən müxtəlif siyasi baxışlara malik insanlar bu hakimiyyətin yürütdüyü siyasi addımlarla bağlı öz tənqidi fikirlərini izhar etməkdən çəkinmirlər. Lakin bura elə bir yerdir ki, ictimai rəy öz təsirinə görə mümkün sosial təzyiq vasitələri arasında bəlkə də ən axırıncı yerdədir. Bəs bunun sonu nə olacaq? Bəli, bu bir təsadüf deyil ki, kimi ümidini “ərəb baharı”na, kimi də Rusiyada cərəyan edən proseslərə bağlayıb. Mən buna heç də bəziləri kimi ironiya ilə yanaşıb, lağ etmək fikrində deyiləm, çünki bunun səbəbləri var.
1.Oxşar proseslər baş verəndə insanın əl atdığı ilk məntiqi cəhd bu prosesi ümumiləşdirmək, bir növ ekstrapolyasiya etmək olur. Insanlar bunu ümumi bir tendensiyanın bir elementi kimi qəbul edirlər. “Ərəb baharı” bizim ölkəni də bir növ hərəkətə gətirdi. Mən burada “hərəkətə gətirdi” deyəndə heç onu nəzərdə tutmuram ki, böyük etirazlar və çıxışlar oldu. Sadəcə, bir detalı heç unuda bilmirəm. Ərəb ölkələrində proseslər cərəyan etməyə başlayanda bir tanışım, özü də çox məntiqli bir insan dedi ki, mən nəyinsə dəyişə bilməsini hətta təssəvvür etməyə belə çətinlik çəkirdim və elə bilirdim ki, bu gün olan nə varsa, hamısı əbədidir, lakin ərəb ölkələrindəki proseslər mənə yenidən ümid verdi, bir növ həyata qaytardı! Bəli, bu proseslərin əsas təsiri və eləcə də nəticəsi bəlkə də budur.
2. Rusiya ilə bağlı da mən böyük gözləntilərə qapılmıram. Ən azı ona görə ki 92-93-cü illərdə də Rusiyada demokratlar hakimiyyətdə idi, fəqət belə bir hal xarici siyasətdə hansısa ciddi dəyişikliklərə gətirib çıxarmadı. Bəli, illər təkcə bizi dəyişmir, elə rusları da dəyişir. Məsələn, mən bu yaxında oxudum ki, Rusiyada rəyi soruşulanların böyük hissəsi “demokrat” sözünə müsbət mənada yanaşır. Bu məni çox sevindirdi. Bəlkə də bu kiçik detaldır, lakin bir vaxt hansısa siyasətçi haqqında deyəndə ki, o, demokratdır, hamı, elə bizlər də dodaq büzürdük, çünki bizim anlamımızda demokrat fəqir, əfəl, iradəsiz demək idi! Təbii ki, belə bir ştrix hələ böyük siyasi ümidlər vermir. Ən azı bu yaxınlarda gördük ki, Qazaxıstanda keçirilmiş biabırçı seçkini tək MDB-dən olan müşahidəçilər tərifləyərək göylərə qaldırdılar! Elə ona görə də Rusiya haqda danışanda mən daha çox psixoloji təsirə ümid edirəm: bəli, bu dünya gör-götür dünyasıdır, insanlar biri-birinə baxıb nəsə öyrənirlər! Ona görə mən Rusiyadakı proseslərdə də bir ümid yeri axtaranlara ironiya etmirəm, o səbəbdən ki, dünyanın təbii fonu olduğu kimi bir siyasi fonu da var. Normal ölkələr və cəmiyyətlər bu fona uyğunlaşmağa cəhd edirlər. Burada bir detalı da qeyd etmək istərdim. Bizim müxalifətin üfüqi əlaqələri çox zəifdir. Nədən biz Rusiyanın, Gürcüstanın, Ukraynanın və ya başqa ölkələrin demokratları ilə əlaqə saxlamayaq? Mən demirəm ki, bu əlaqələr, ümumiyyətlə, olmayıb!
Olub. Bir vax Ukrayna ilə belə əlaqələr vardı. Bizimkilər hətta V.Yuşşenkoya dəstək kampaniyasında da iştirak etmişdilər. Lakin bir məsələni də gərəkdir ki, qeyd edim. Demokrat V.Yuşşenko hakimiyyətə gələn tək bizim müxalifəti unutdu, bu hakimiyyətlə dil tapmağa çalışdı. Bunu ona görə qeyd edirəm ki, gərək belə hallar bizi məyus etməsin: ABŞ dünyanın ən demokratik ölkəsidi və güman edirəm ki, hamı bunu qəbul edər. Lakin hətta o ABŞ belə öz xarici siyasətində elə bu dünyanın reallıqlarını nəzərə almağa cəhd edir. Bunun da bir səbəbi var: özü ilə hesablaşmağa vadar etmək üçün cəmiyyətin də güclü olması vacibdir.
Kiçik sözardı
Bu yazını dəyişiklik səmtindən başladım. Yaxın illər üçün daha bir istiqamət var ki, onu da gərək qeyd edim. Məmur piramidası da yenidən qurulmalıdır. Indi yaşlılar hərəsi bir keyfiyyətilə bu hakimiyyətə xidmət edir. Kimi iddiasız olması ilə, kimi də administrativ vərdişlərilə bu hakimiyyətin xidmətindədir. Əsas odur ki, bu, I.Əliyevin özünün yaratdığı piramida deyil. Bir gün o, yeni, öz siyasi piramidasını yaratmaq məcburiyyətində qalacaq. Onda problemlər başlayacaq…

Dəyişikliyi hansı səmtdən gözləmək lazımdır?
•


