Onlar balıq ovuna qoyulan qadağanın götürülməsini və tutulanların buraxılmasını tələb edirlər
Lənkəran rayonun Nərimanabad-2 kəndindəki balıqçı üsyanından sonra 4 kənd sakininin həbsi barədə xəbər vermişdik. Kəndlilər hökumətə həbsdəki balıqçıların azad olunması və balıq ovuna qoyulan qadağanın aradan götürülməsi üçün vaxt vermişdilər. Əks halda, kütləvi etirazlara başlayacaqlarını söyləmişdilər. Həbsdəki balıqçılar azad olunmasa da, balıq ovuna müvəqqəti icazə verildi.
“Azadlıq”a daxil olan məlumata görə, balıqçılara ova çıxmağa yenə əngəl yaradılır və yeni il başlar-başlamaz camaatı incitməyə, çörəksiz qoymağa çalışırlar. Kənd sakinləri də həbsdəki balıqçıların azad olunacağına inanmırlar. Bunu görən qəsəbə sakinləri kütləvi etirazlara hazırlaşırlar. Artıq aksiyanın vaxtı da dəqiqləşib və fevralın 5-də kəndin əsas meydanında mitinq olacaq.
“Bizim tələbimiz balıq ovuna imkan yaradılması və 4 nəfərə açılan cinayət işinə xitam verilməsidir. Aksiyada hamı bir nəfər kimi iştirak edəcək. Ova çıxmaq üçün Dövlət Sərhəd Xidmətinin Lənkəran nümayəndəsi balıqçılardan ”haqq” istəyir” – deyə, kənd sakinləri bizə bildirdilər.
Qeyd edək ki, həbs olunan balıqçılar hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Tutulanlar – Kainat Abbasov, Ismayıl Hüseynov, Fariz Məmiyev və Xalid Ələkbərov barədə CM-in 315.1 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Yada salaq ki, dekabrın 15-də Nərimanabad kəndinin sakinlərinin sərhədçilərlə və polislə qarşıdurması olub. Kəndə Daxili Qoşunlar yeridilib, insanlara qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən, elektroşoklardan istifadə olunub.
Ramin