Fransanın “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanunu qəbul etməyə hazırlaşdığı dönəmdən üzü bəri Azərbaycan hakimiyyəti atdığı addımlarla nə demək istəyir?
Hələ ötən ayın 22-də Fransa Parlamentinin aşağı palatasında bu qanun qəbul olunanda Ilham Əliyev “Azərbaycanla Fransa arasında əməkdaşlıq Memorandumu”nu imzaladı və… Türkiyənin təəccüblənmiş dövlət adamları çağırışlara başladı. Bu çağırışlarda Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlik etmək hüququnu itirdiyini Azərbaycan rəsmilərinin dilə gətirməsi istənilirdi. Prezident Abdulla Güldən səfir Hulusi Kılıca qədər Türkiyə rəsmiləri bildirdilər ki, insan haqlarına qarşı çıxmaq bahasına göstərilən bu erməni sevgisindən sonra Fransanın Minsk qrupunda ədalətli mövqe tutmağa haqqı olmadığı bəyan edilməlidir. Nəticə nə oldu?
XIN, Araz Əzimov, Siyavuş Novruzov səviyyəsində daxili auditoriyaya köklənən “etirazları” bir kənara tullayın, reallıq ondan ibarətdir ki, Ilham Əliyev Rusiyaya çağırıldı və yanvarın 23-də Medvedyevlə qar üstündə Azərbaycan siyasətini sürüşdürə-sürüşdürə Minsk qrupu kimi vecsiz təşkilatın “səylərinin” dəstəklənməsi barədə Soçi bəyannaməsini qəbul etdi. Türkiyə Azərbaycanın Fransadan imtinasını istəyirdi, amma Azərbaycan Senatda “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanunun qəbul olunduğu gün Fransanın həmsədrliyindən razı olduğunu rəsmən görüntülədi.
Memorandumu bir müddət ləngitmək olmazdımı? Minsk qrupundan razılığı məhz Fransa Senatının antitürk qanunu qəbul etdiyi gündəmi vermək lazım idi?
Azərbaycanı çox dəhşətli bir aqibət gözləyir, bu “soyqırım maddələri”nin və erməni sevgisinin ölkəmizə nələr bahasına başa gələcəyini görəcəyik. Ancaq indiki halda Azərbaycan hakimiyyətinin Rusiya və Fransa sifarişlərini anında icra etməsi maraqlıdır.
Rusiya bəlli – bölgədə onunla hesablaşmamaq mümkün deyil. Bəs, Fransa?
Yaxın keçmişimizdəki bəzi məqamları xatırlayaq: 1993-cü ildə Heydər Əliyev Azərbaycan prezidenti seçildikdən sonra ilk xarici səfərini Fransaya etdi. 1995-ci ildə H.Əliyevin Fransaya ikinci səfərindən sonra “Elf-Aquitaine” fransız şirkəti “Şahdəniz” yatağının istismarına qoşuldu. 1997-ci ildə Fransaya növbəti rəsmi səfərlə “Elf-Aquitaine”nə “Total” da əlavə olundu və “Lənkəran-dəniz”, “Talış-dəniz” yataqlarının birgə işlənməsi barədə müqavilə imzalandı.
Ilham Əliyev də 2003-cü ildə total saxtakarlıqla hakimiyyəti qəsb etdikdən sonra ilk xarici səfərini Fransaya edib.
Görürsünüzmü? Türkiyədə seçkidən dərhal sonra qalib gələn yeni hökumət başçısının ilk səfərini Azərbaycana etmək ənənəsi var və Ərdoğan bu ənənəni qismən pozduğuna görə (o, Kıprısdan sonra Azərbaycana gəldi) umu-küsümüz aləmi başına götürmüşdü. Ancaq Əliyevlər həmişə ilk xarici səfərlərini Fransaya edirlər.
Bu, hələ hamısı deyil: “Bir millət, iki dövlət” kimi bağrıbadaş olduğumuz qardaş Türkiyə ilə ticari dövriyyəmiz ötən ilin on ayı ərzində 1,4 milyard dollar həcmində qərarlaşıb, Fransayla isə 3 milyard dollar! Ticari dövriyyəmizdə Fransa Türkiyəni 2 dəfədən də çox qabaqlayır. Əvəzində – Ermənistanda xalq qarşısında çıxış edən, “Dağlıq Qarabağ məsələsində erməniləri Fransa qədər hiss edən ikinci dövlət yoxdur” deyən, “soyqırım” abidəsi önündə baş əyən və bu ölkəyə xüsusi sevgisini göstərən Nikola Sarkozinin eyni turne çərçivəsində Azərbaycana 2 saatlıq itqusdu səfəri zamanı Ilham Əliyev ticarət dövriyyənin artırılması prespektivlərindən danışır, “ilin sonuna qədər bu rəqəmin 4 milyard dollara çatdırılması” ümidini dilə gətirdi.
Nədir Əliyevin Fransaya bu boyda sevgisinin səbəbi? Türkiyənin və Azərbaycanın milli maraqlarını ayaqlar altına atmaqla Fransaya göstərdiyi bu xidmətin qarşılığı nədir?
Türkiyə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bilir, bu əzəli torpaqlarımızın işğaldan azad olunmasında səmimidir – buna kimsə şübhə etmir.
Fransa da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bilir, amma işğalçının durdurulmasında maraqlı deyil – buna da kimsə şübhə etmir.
Bəs, Ilham Əliyev Qarabağın işğaldan azad olunmasında maraqlıdırsa, niyə Fransanın yanındadır?

Azərbaycan siyasəti Soçidə yenə sürüşdü
•