Rəsmi Bakı sönük bəyanatlarla kifayətləndi, demokratik düşərgədən hakimiyyətə tələblər səsləndi
Fransa Senatının uydurma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Azərbaycanda da narazılıqla qarşılandı. Cəmiyyətin ayrı-ayrı təbəqələrindən Fransanın bu qərarına reaksiyalar gəldi. Maraqlısı odur ki, hökumət səviyyəsində məsələyə nəinki birinci şəxs, heç ikinci-üçüncü şəxslər səviyyəsində də münasibət bildirilmədi. Azərbaycan hökuməti reaksiyasını Xarici Işlər Nazirliyi, YAP icra katibi, Prezident Administrasiyasının mətbuata nadir hallarda açıqlama verən şöbə müdiri səviyyəsində verməklə kifayətləndi. Əslində qanun layihəsi hələ Fransa parlamentindən keçəndə Azərbaycan hakimiyyəti gözləmə mövqeyi tutub senatın qərarını gözlədiyini bəyan etmiş və olduqca dişsiz münasibət sərgiləmişdi. Haqlı olaraq Türkiyə mediasında da Azərbaycanın məsələyə bu cür soyuq reaksiyası tənqid edilmiş, qardaş ölkənin bu mənada gözləntiləri doğrultmadığı bildirilmişdi. Rəsmi Bakının budəfəki reaksiyası da əvvəlkindən bir o qədər fərqlənmədi.
“Bu qərar Fransanın obyektivliyini şübhə altına alır”
Ilk bəyanat Azərbaycan Xarici Işlər Nazirliyindən gəldi. XIN Azərbaycanın bu qanunu pislədiyini və bundan təəssüfləndiyini bildirdi: “Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər. 20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20 faiz torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır. Bu addımı bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırırıq”(APA).
“Cənubi Qafqazda vəziyyət gərginləşəcək”
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirdi ki, bu qanun nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsidir: “Qanunun qəbul edilməsini qeyri-mümkün edən arqumentlər kifayət qədərdir. Fransa Senatının bu qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir”.
“Türkiyəyə qarşı olan hər addım Azərbaycana da qarşıdır”
YAP-ın icra katibi Əli Əhmədov isə qeyd edib ki, belə bir cəfəng və məsuliyyətsiz qərara onu qəbul edənlərdən və ermənilərdən başqa kiminsə müsbət baxdığına inanmır: “Fransa parlamenti özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu. Bu qanun təkcə Türkiyəyə qarşı deyil, onun hədəfində bəlkə də daha çox insan haqlarıdır, sərbəst düşünmə tərzidir. Insanı nəyəsə inandığına və ya inanmadığına görə ittiham etmək gülüncdür. Belə bir yanaşmanın Fransada sərgilənməsi ikiqat gülüncdür”.
Ə.Əhmədov deyib ki, Türkiyəyə qarşı olan hər bir addım ya birbaşa, ya da dolayısı yolla Azərbaycana da qarşıdır: “Yaranmış vəziyyət Azərbaycan cəmiyyətinin Fransaya münasibətində əhəmiyyətli soyuqluğa və etimadsızlığa səbəb olacaq. Fransanın Minsk qrupundakı fəaliyyətinə gəldikdə, burada indiyədək mövcud olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq”(APA).
Ağılsız, əsassız qərar…
“Dünya tarixində ilk dəfədir ki, belə ağılsız, əsassız qərar qəbul edilib. Fransa Senatı bu qərarı hansısa bir xırda məqsədə nail olmaq üçün qəbul edib”. Bunu, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə deyib. O, bu qərarın Fransa parlamentinə başucalığı gətirməyəcəyini vurğulayıb: “Bundan sonra ATƏT Minsk Qrupu çətin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv qərar verə. Mənim bu quruma ümumiyyətlə, inamım yoxdur”.
“Azərbaycandan cəsarətli addımlar tələb olunur”
Azərbaycanın müxalifət partiyaları qanunun qəbuluna sərt mövqe bildiriblər. ALP lideri, professor Lalə Şövkət bildirib ki, bu qanun həm tarixin kobud saxtalaşdırılması, həm də ümumbəşəri dəyər olan söz azadlığına, ifadə azadlığına olan böyük zərbədir: “Bununla Fransa Senatı nəinki Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlərə böyük ziyan vurdu və Fransaya olan etimadın tam itirilməsinə təkan verdi, həm də öz dəyərlərinə xəyanət etdi. Çox təəssüf ki, Azərbaycan iqtidarı bu ərəfədə hər hansı bir adekvat addım atmadı. Bu məsələ təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bir addımdır”.
L.Şövkət bu gün Azərbaycan dövlətindən bir neçə təxirəsalınmaz və cəsarətli addımların tələb olunduğunu bildirib və fikirlərini 7 bəndlik təkliflə əsaslandırıb.
“Tarixin ən şərəfsiz səhifələrindən birini yazdılar”
“Fransa Senatı bu ölkənin Milli Assambleyasının ardınca Fransa tarixinin ən şərəfsiz səhifələrindən birini yazdı. Qəbul edilən bu mürtəce qanun fikir və söz azadlığına, ifadə özgürlüyünə qarşı yönəlməklə yanaşı, Fransa parlamentinin heç vaxt araşdırmadığı tarixlə bağlı verdiyi saxta və riyakar hökmdür”. Bunu “Qafqazinfo”ya açıqlamasında keçmiş millət vəkili Gültəkin Hacıbəyli deyib: “Görünür Fransa öz müttəfiqləri ilə birlikdə ötən əsrin əvvəllərində Türkiyəyə xəyanəti müqabilində ermənilərə hədiyyə edə bilmədiyi türk torpaqlarının – Vanın, Bitlisin, Muşun, Qarsın qarşılığını indi belə kompensasiya edir. Türkiyə rəhbərliyinin dəfələrlə etdiyi ”gəlin tarixi birlikdə araşdıraq, bütün arxivlərimiz açıqdır” çağırışına baxmayaraq, nəinki məhkəmə, heç ciddi arxiv araşdırması olmadan belə, bir qanunun qəbulu istənilən dövlətin tarixinin və istənilən millətin vicdanının qara ləkəsinə çevriləcəkdir. Bu qanunu təkcə Türkiyəyə, türk tarixinə qarşı deyil, vətəndaşlığından asılı olmayaraq hər bir türkün şərəf və ləyaqətinə həqarət hesab edirəm. Düşünürəm ki, fransız xalqı tezliklə prezident Sarkozinin bu avantürist siyasətinin Fransanı hansı çətinliklərlə üz-üzə qoyacağının fərqində olacaqdır. Fransızlara bunu hiss etdirmək təkcə Türkiyənin deyil, eyni zamanda bir türk dövləti olaraq Azərbaycanın da şərəf məsələsidir”.
Antitürk Fransa…
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Idarə Heyəti Fransa senatının erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq etməsini nəzərdə tutan qanunu kəskin pisləyən bəyanat qəbul edib: “Bu qərar Fransanın özünə və Avropa dəyərlərinə qarşıdır. Fransanın antitürk olduğunu göstərən bu qərarı kəskin pisləyirik”.
Qurum Türkiyə Cümhuriyyətinin bu istiqamətdə atdığı bütün addımları dəstəklədiyini bildirərək Azərbaycan hakimiyyəti qarşısında bir neçə təkliflə çıxış edib. Təkliflərin arasında Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılması da yer alıb.
AMIP Siyasi Şurasının növbədənkənar iclasında Fransa Senatında qəbul olunan qanun müzakirə mövzusu olub. Siyasi Şuranın bəyanatında Türk millətinin tarixdə heç bir millətə qarşı soyqırımı tətbiq etmədiyi vurğulanmaqla, qəbul olunmuş qanun seçkilər ərəfəsində Fransada yaşayan ermənilərin səsini qazanmaq üçün Sarkozi hakimiyyəti tərəfindən aparılan saxtakarlıq və riyakarlıq oyunu kimi qiymətləndirilib.
Gültəkin