ABŞ-da İranı “Şahdəniz”dən çıxarmaq müzakirə olunur

Konqresin xarici əlaqələr komitəsinə İranla istənilən enerji əməkdaşlığını qadağan edən qanun layihəsi təqdim edilib

Obama Administrasiyası Avropadakı müttəfiqləri ilə birlikdə İrana qarşı sərtləşdirilmiş sanksiyaları Azərbaycanın “Şahdəniz” yatağına tətbiq edib-etməmək imkanlarını götür-qoy edir. Bu barədə məlumatlı keçmiş ABŞ diplomatı “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində son təmasları şərh edərkən bildirib.
“Qərbin dəstəklədiyi 20 milyard dollarlıq bu layihədə İranın “Naftiran Intertrade Co” dövlət şirkəti də 10 faizlik paya malikdir”, – deyə o xatırladıb.
Mənbənin sözlərinə görə, Obama administrasiyasının mövqeyi belədir ki, yataq işini davam etdirə bilər. Belə ki, onun Avropanın enerji təminatının müxtəlifləşdirilməsindəki rolu İranın qazancı ilə müqayisə olunmayacaq dərəcədə əhəmiyyətlidir.
Ancaq bu mövqeni ABŞ-ın özünün İrana qarşı daha artıq sərtlik tələb etdiyi xarici müttəfiqləri, eləcə də Konqresin hər iki qanadında artan sanksiya tərəfdarları qarşısında müdafiə etmək çətindir.
Mənbə bildirib ki, hazırda Konqresin xarici əlaqələr komitəsində Respublikaçı konqresmen İleana Ros-Lehtinenin tərtib etdiyi və İranla istənilən enerji əməkdaşlığını qadağan edən qanun layihəsi müzakirə olunur. ABŞ administrasiyası və onun Avropadakı müttəfiqləri isə yeni sənədin və digər sanksiyaların “Şahdəniz”in işini saxlamayacağına əmin olmaq üçün Konqreslə sıx işləyirlər.