Uzaq ayrılıq adası…

Acı tarixi hadisələrin şahidi Nargin

Bakıda hamının yaxşı tanıdığı, şəhərin hündür nöqtələrindən iti gözlə baxdıqda dənizin ortasında dumanlı halda görünən bir ada var. Bu, Nargin adasıdır. Adi bir ada deyil. Böyük tarixi hadisələrə şahid olmuş, dəhşətli insan talelərinin sonuclandığı bir yerdi Nargin. Bu ada XVIII əsrə qədər Böyük Zirə kimi tanınan adi bir yerdi. “Zirə” sözünün “cəzirə”, yəni, “ada” sözündən yarandığı söylənilir. Sonradan “cəzirə” sözü formasını dəyişib, sadəcə, Zirə olub.
Nargin, Adalar arxipelaqında ən böyük olması ilə seçilirdi. Bakı körfəzini dənizdən ayıran Nargin Abşeron yarımadasının cənubunda yerləşir. Coğrafiyaşünas Əlvin Gül adanı belə təsvir edir: “Yarı düzənlik, yarı təpəlikdir. Uzunluğu 3 kilometr, eni 600 metr, elə yerləri var ki, 170 metrdir, elə yerləri də var 900 metr. Orta hesabla götürsək, 600 metrə yaxındır. Şimal-qərb tərəfdən dik və sıldırımlıdır, bitkisi azdır”.
Bakı ətrafında ən qədim məskənlərdən bəzilərinin Xəzərin suları altında qalması Böyük Zirədən də yan keçməyib. Tarixi mənbələrə görə, eramızın II-VI əsrlərində Xəzər dənizinin hazırkı sahili adadan xeyli uzaqda olub. Lakin VI əsrdən başlayaraq, Xəzərin səviyyəsi artaraq, Qız qalasınadək olan bütün körfəzi su altında qoyub. 1830-cu ildə Bakıda olmuş alman akademiki Lens də yazır ki, “xeyli müddət dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O zaman Nargin adaları da qurunun ayrılmaz hissələri idi. Sonra dənizin səthi qalxaraq, xeyli qabağa gəlmiş və sahil indiki görkəmini almışdır”.
Lensin o zaman sezdiyi bir sıra əlamətlər də bu ehtimalı daha da möhkəmləndirir. Həm Lensin, həm də Abbasqulu ağa Bakıxanovun sezdiyi və Narginin bir zamanlar quru ilə əlaqəsini təsdiqləyən əlamət isə adanın qayalıqlarında qalan və Zığ burnuna gedən araba çarxlarının izidir. Böyük Zirənin aqibətini təkcə təbiət yox, daha çox siyasət dəyişir. Dəyişən həm də adanın adı, adla bağlı taleyi olur. Məsələ burasındadır ki, XVIII əsrdə Rus dövlətinin cənub sərhədlərini möhkəmləndirməklə yanaşı, ölkənin sənayesi üçün xammal mənbələri zəbt etmək, yeni bazarlar açmaq əsas hədəf idi.
Bu məqsədlə də Pyotr dəfələrlə təkrar edirdi ki, “Xəzər dənizi sahillərinə yiyələnmək bizim üçün çox vacibdir, biz türkləri ora buraxa bilmərik”. Pyotr yürüşə çıxır və dənizçilər Xəzərdə adaları görüb təəccüblənirlər. Çünki o zaman Xəzərin xəritəsində bu adalar göstərilməmişdi. Pyotr Böyük Zirəni Fin körfəzindəki Nayssar adasına bənzətdiyindən onu Nargin adlandırır. Narginin qara günləri də məhz bundan sonra başlayır. Başqa sözlə, rusların Azərbaycana xammal mənbəyi kimi baxmaq və Türkiyənin hər vəchlə Qafqaza, xüsusilə də Azərbaycana nüfuz etməsinin qarşısını almaq siyasətinin kökünü Pyotr atır. Həmçinin Azərbaycanı cənginə alacaq bəlaların da toxumunu səpir. Zaman gələcək, əkilənləri biçməkdən Azərbaycanın başı belə açılmayacaq. Hələliksə, Nargin Həştərxandan və Irandan olan dəniz quldarlarının məskəni kimi görünür və adanın yeni tarixi neft bumu ilə bağlı olur. Nobel qardaşları və başqa sənayeçilər neftin nəqli üçün tankerlərindən istifadə edirdilər ki, bu da əksər hallarda qəzalarla nəticələnirdi. Gəmilərin Xəzərdə batmasının qarşısını almaq və Bakı limanına cənubdan gələn gəmilərin Nargin adasını görə bilməsi üçün 1883-cü ildə indi müəyyən hissələri qalan mayak tikilir.
Ada, yoxsa gizli ölüm düşərgəsi?
Böyük Pyotrdan başlayaraq, ruslar Azərbaycan üçün cızdıqları cəhənnəm planlarını buradan gerçəkləşdiriblər. Beləliklə, sudan keçərək tarixin müxtəlif dönəmlərində yad ideologiyaların qaraltdığı adanı aydınlatmaq məqsədilə faciələrimizin gizli şahidinə, rusların torpağımızla bağlı tariximizə basdıqları ayaq izlərinin düşdüyü adaya üz tuturuq…
Birinci Dünya Müharibəsi Nargindən uzaq coğrafiyada cərəyan etsə də, onun da dəhşətli cinayətlərindən adanın qismətinə pay düşdü. 1915-ci ildə şahzadə Oldenbuqun təlimatıyla Nargin əsir düşərgəsinə çevrilir. Qafqaz cəbhəsində əsir düşən almanlar və türklər eşelon-eşelon buraya sürgün edilir. “Bəsirət” qəzeti 1917-ci il 22 dekabr tarixli nömrəsində xəbər verirdi ki, “adada 8 minədək əsir yaşayır ki, bunlardan yarısı türklər, qalanı isə alman və avstriyalıdır. Bakının xeyriyyə cəmiyyətlərinin əsirlərə yemək və geyimlə bağlı kömək emələrinə baxmayaraq, əsirlərin vəziyyəti çox ağırdır. Qış aylarında baraklar qızdırılmır, su çatışmır, yatacaq yerlər boş taxtalardan ibarətdir”. Fevralın 25-də Narginin türk və alman əsirləri Qafqaz ordusu komandanı Adişelidzeyə də məktub göndərərək öz vəziyyələrindən şikayətlənmişdilər.
“Sarıqamış savaşı Osmanlı-Rusiya savaşının ən gərgin savaşı olub, 90 min türk əsgəri 50 dərəcəli şaxtada məhv olub. Uğursuz əməliyyat nəticəsində onların bir qismi də əsir düşdü. Onlar Bakıya gətirildi, sərhəd bölgələrində, Nargin adasında saxlandılar və ya Rusiyaya göndərildilər. Nargində o əsirləri dəfn etməyiblər, necə gəldi, onların sümüklərini, bədənlərini tullayıblar. Burada saysız-hesabsız məzar var.
Nərimanov o vaxt adada dolaşdıqca ürək ağrısı ilə deyirmiş ki, bu qəbiristanlığın yanında minlərlə adam öz ölümlərini gözləyir. 7 min adam isə bu növbədə öz yerini tutmaq üçün hazırdır. Burada gündə azı 45-50 adam ölürdü. Nərimanov Nargini “göz yaşı axıdan ada” adlandırırdı” – Firdovsiyyə Əhmədova xatırlayır.
Adanın şərq hissəsi birinci dünya müharibəsinin əsirlərinin qeyri-adi məzarlığıdır. Nargin adasındakı ağır vəziyyət türklərin Bakıya gəlişindən sonra düzəlsə də, Hacı Zeynalabdin Tağıyev öz dəyirmanını həbsxanaya çevirib, hökumətə təhvil verəndən sonra Narginə göndərilən məhbusların sayı azalsa da, ada həbsxana qandalından xilas ola bilmədi.
Azərbaycan ziyalılarının son dayanacağı
Birinci Dünya Müharibəsinin Mundros sazişi ilə yekunlaşması bolşevizmin Cənubi Qafqaza axınının güclənməsini və çar imperiyasının sovet imperiyası ilə əvəzlənməsini sürətləndirməklə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi.
Milli istiqlal, milli məfkurə, türkçülük düşüncəsinin daşıyıclarının insanlığa sığmayan şəkildə və məntiqsiz ittihamlarla təqib və qətlinin birinci dalğasının qurbanları da Nargin adasının boş qalmış baraklarını yenidən “lazımlı” etdi. Arxiv sənədləri göstərir ki, 1920-ci ildən 24-cü ilə qədər 43 min Azərbaycan ziyalısı qətlə yetirilib, bunların çoxu da məhz Nargində güllələnib.
Abbasqulu ağa Bakıxanovun nəvəsi Zinyət xanım danışırmış ki, onun babası Məmmədbəy Məmmədbəyovu – keçmiş çar polkovnikini Xalq Cümhiyyətinin tərəfinə keçdiyinə görə rus qoşunları 1920-ci ildə Nargində güllələyiblər, Kamal Amiraqovun əmisi isə Nargindən sağ çıxan bəlkə də yeganə adam olub: “Əmim Ağa Amiraqov neft milyonçusu Şəmsi Əsədullayevin ticarət müdiri idi. Onu Narginə əsir aparmışdılar. Əmim atamgilə danışıb ki, əsirləri bir-bir adbaad çağırıb güllələyirmişlər. Əmim huşunu itiribmiş, onu ölü sanıb, sahilə atırlar. Balıqçılar əmimi tapır quruya gətiriblər. Babam isə elə hey dənizin qırağında qardaşını axtarırmış və bir gün tapıb, əmim 23-cü ilə kimi yaşayıb, sonra xəstəlikdən rəhmətə gedib”.
Indi Nargin adasıyla bağlı bir sıra bahalı planlar var. Adanın kurorta çevrilməsi və orada həyatın canlanması nəzərdə tutulub. Amma tarixçilər hər nə olur-olsun, Nargində mütləq arxeoloji qazıntılar aparılmasını zəruri sayır. Heç olmasa, gələcək tarix qarşısında hesabat vermək üçün…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir