Sevmədiyimiz insanın həbsi

Dünən Nemət Pənahlının anası ilə müsahibəni çox diqqətlə oxudum. Sara xala kifayət qədər cəsur və ağıllı insan təsiri bağışladı, amma onun böyük ürək ağrısı ilə danışdığını hiss etdim. Hiss olunur ki, oğluna edilən haqsızlıq qəlbini parçalayır. Oğlunun atasının dəfninə buraxılmaması isə bu hissi bir az da artırıb. 

Nə gizlədim, sonuncu hadisə, o cür cılız ayrı-seçkilik mənə də çox pis təsir etdi. Elə bildim ki, adamı ikinci dəfə şərləyib həbs etdilər. Son vaxtlar bizim ölkədə bu problem sanki həllini tapmışdı – siyasi məhbuslara, müxalifətçilərə də doğmalarının dəfnində iştirak etməyə imkan yaradılırdı. Ilk belə addımlar atılanda Azərbaycan hakimiyyətinə təşəkkür etmək üçün növbəyə duranlar da bəlkə utandı – belə bir məsələdə də ayrı-seçkilik, qərəz olarmı?
Mən əminəm ki, bu ayrı-seçkilik məhz Ilham Əliyevdən gəlir, yoxsa artıq bir ənənəyə çevrilən bu addımı məmurlar asanlıqla davam etdirərdilər. Beşi olub, altıncısı niyə olmasın?! Amma nə qədər ürəkbulandırıcı qərəz olsa da, bizim ölkəmiz və hakimiyyətimiz üçün yeni deyil.
Məni yenidən Nemət Pənahlının həbsinə toxunmağa vadar edən isə yalnız bu qərəz deyil. Sara xala ilə müsahibəyə internetdə verilən bəzi şərhlərdən sonra bu haqda yazmaq qərarı verdim. Bir çoxları hələ də Nemət Pənahlının həbsinə onun kimliyinə olan münasibətindən çıxış edərək yanaşır. Açıq demək də lazımdır, Nemət Pənahlıya cəmiyyətdə münasibət birmənalı deyil. Bir adamı hamı sevməz, bu azmış kimi Nemət bəyə kəskin münasibəti olanlar da var. Hətta nifrət edənlər var. Elə onun hakim klana müxtəlif vaxtlarda bağlı olduğuna görə. Çoxları bu fikirdədir ki, həbsindən az öncə parlament seçkilərinə də Nemət bəy hakimiyyətin planına uyğun – razılaşdırılmış qayda qatılıbmış, lakin sonadək dəstək almadığı üçün bərk qəzəblənərək həbsinə yol açan müsahibəni verib və indi də türmədədir.
Dəyərli həmvətənlər! Kimsə sizlərin Nemət Pənahlıya qarşı şəxsi münasibətinə qarışa bilməz. Hətta Ilham Əliyevin də Nemət Pənahlını sevməmək haqqı var. Hətta nifrət etsəniz də öz işinizdir. Amma bu adamın haqsız olaraq həbs edilməsi hər kəsi narahat etməlidir. Ilham Əliyev bu göstərişi verməklə qanunları pozub. Sizlərdən kimsə bu qanunsuzluğu Tanrının ədaləti kimi yoza bilməz. Siz özünüzü Tanrı əməllərinin şərhçisi də saya bilərsiniz, amma hər şeydən öncə bu ölkənin taleyini hamı ilə birlikdə bölüşən vətəndaşısınız.
Kimsə eləmədiyi əmələ görə həbs edilə bilməz. Biz sevmədiyimiz adama qarşı da bu hərəkətə yol veriləndə etiraz etməliyik. Niyəsini deməyə ehtiyac varmı? Siz məgər özbaşınalıqların at oynatdığı, hüquqların tapdandığı bir ölkədə yaşamaq istəyərsinizmi?
Ona qalsa, Nemət Pənahlının ziqzaqlı, təzadlı siyasi mövqeyinə görə ən çox əziyyət çəkənlərdən biri mənəm. Illərdir bu adamı başımıza qaxıblar. Biz demokratiyanı müdafiə edəndə, onun lazımlılığını yazanda cavab veriblər: gördük sizin Nemətli demokratiyanızı. Biz xalq hərəkatını müdafiə edəndə onu üzümə çırpıblar. Çox misal çəkə bilərəm. Üstəlik, onun Gəncə qiyamına müdaxiləsi heç bir dəyərə sığmayan hərəkət idi.
Amma bunların hamısı bizim şəxsi münasibətlərimizdir və Nemət Pənahlı haqsızlıq görəndə onu müdafiə etməməyimizə əsas vermir. Müdafiə etmirsiniz, bunu da anladıq, amma heç olmasa “bu hakimiyyəti müdafiə edənin axırı belə olar” deməyin. Bu hakimiyyət onu heç vaxt müdafiə etməyəni də həbs edir, elə sizi də həbs edə bilər. Biz bu hakimiyyətə qarşı olub, ona oxşamalı deyilik.
Biz insanların haqqını ayrı-seçkilik etmədən müdafiə etməliyik. Öz partiya yoldaşımızı necə müdafiə ediriksə, hətta sevmədiyimiz insanın haqqını da o tərzdə müdafiə etməyi bacarmalıyıq. Biz bu cəmiyyətimizi dəyişdirmək istəyiriksə, hamının hüququna eyni ədalətlə baxmalıyıq. Hətta indiki hakimiyyətdəkilər bizim ədalətli olmağımıza şübhə edə bilməməlidirlər. Ən azı ürəklərində. Arzu etdiyiniz uğurlu, rifahlı, ədalətli bir ölkəni qurmağın başqa bir yolu yoxdur.