Əliyev Laçını güzəştə gedib?

Iki Soçi görüşü arasındakı dəyişənlər və məchullar barədə…

Daha bir Soçi görüşü geridə qaldı. Amma bundan əvvəlkindən fərqli bəyanatla… Indi Ilham Əliyev də, Serj Sərkisyan da “əlbəyaxa” olmayıblar. Əksinə, qərara alıblar ki, razılaşdırılmış baza prinsipləri üzrə sülh sazişinin hazırlanmasına hazırlıq gedə bilər. Tərəflər irəli gediblər. Amma bu “irəli getmə”nin əsaslandığı baza prinsipləri kimi geri atacaq və ümumiyyətlə, bu prinsiplər nədən ibarətdir? Hərçənd, biz bilirik ki, Ilham Əliyevlə Serj Sərkisyan anlaşmamaq barədə çoxdan anlaşıblar. Çünki Qarabağ kartının siyasi masadan götürülməsi Azərbaycan və Ermənistanın hazırkı hakimiyyətlərinin ayrı-ayrılıqda və birlikdə siyasi sonu deməkdir. Bu sonu onların özlərinin yaxınlaşdıracaqlarına inanmaq isə sadəlövhlük olardı. Biz isə məsələnin başqa tərəfini aydınlaşdırmağa cəhd edək. Nə dəyişdi ki, onlar daha əlbəyaxa olmurlar?
Ermənistanda sosial vəziyyətin böhran limitindən də aşağıda olması bu ölkədə siyasi hakimiyyətə qarşı etirazları o həddə çatdırıb ki, Qarabağ problemi artıq erməni insanı üçün ikrah yaradan bir məsələyə çevrilib. Yəni, Azərbaycan ərazilərini işğal altında saxlamaq erməni cəmiyyətinin milli məsələsi olmaqdan çoxdan çıxıb və bir qrup insanın siyasi hakimiyyəti əlində saxlamaq rıçaqına çevrilib. Bu prosesə sürət verən isə həm Ermənistan Silahlı Qüvvələrinə, həm də Rusiyanın bu ölkədəki hərbi bazalarına mənsub qulluqçuların yüksək imtiyazla yaşaması və ölkədə açıq “bezpredel”in yayılmasından qazanmalarıdır. Bu, kriminal vəziyyətin də gərginləşməsinə ciddi təkan verən amilə çevrilib. Bir sözlə, Ermənistanda Qarabağ məsələsi yalnız hakimiyyət komandasının ifşa olunmuş “kozırı” kimi qalır.

Bazası olmayan “baza prinsipləri”

Bu barədə dəfələrlə yazmışıq, təkrarda fayda var. Amma bir əlavəni də unutmaq olmaz ki, Ilham Əliyev 2011-ci ilin yekunlarına dair müşavirədəki çıxışında bəzi konturları öncədən mesajlamışdı. Biz indi bu məsələni də nəzərə almaqla, söhbətin hansı istiqamətdə “sülhü intensivləşdirmək”dən getdiyini aydınlaşdıracağıq.
Birinci prinsip odur ki, Ermənistan Silahlı Qüvvələri ətraf  beş rayonu boşaldır. Ikinci addımda əhali bu ərazilərə qaytarılır. Üçüncü, “Dağlıq Qarabağ” kimi göstərilən inzibati rayonların statusu barədə müzakirələr başlayır və 15 il ərzində bu məsələ “Dağlıq Qarabağ”da keçirilməsi nəzərdə tutulan referendum yolu ilə həll olunur. Dördüncü addımda, Laçın və Kəlbəcərin taleyinə dair müzakirələr başlayır.
Bu prinsiplərin Azərbaycanın Konstitusiyasına zidd olduğunu dəfələrlə qeyd etmişik. Bu, həm də siyasi cəhətdən səbatsız addımdır. Ona görə ki, “Dağlıq Qarabağ” kimi göstərilən inzibati rayonlarda erməni əhali çoxluq təşkil edir. Onların Azərbaycanın dövlətçilik maraqlarına uyğun səs verəcəkləri də heç ağlabatan deyil…

Laçın və Kəlbəcər nə oldu?

Maraqlısı budur ki, bundan öncəki Soçi görüşündə başlıca narazılıq nöqtəsi Laçın və Kəlbəcərin statusuna dair məsələ idi. Indi dəyişən nədir? Azərbaycan hakimiyyəti Laçından imtina edibmi?
Ilham Əliyevin hələ yuxarıda qeyd etdiyimiz müşavirədəki çıxışı deməyə əsas verir ki, söhbət Azərbaycan hakimiyyətinin kompromisə hazır olmasından gedir. Laçının statusunun erməni tərəfi üçün mühüm məqam olduğunu hər kəs bilir. Ermənistan diplomatiyası ona nail olmaq istəyir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə dəhliz əldə eləsin. Bununla da iddia etsin ki, söhbət, etnik qarşıdurmadan gedir və birgəyaşayış mümkün deyil.
Azərbaycan tərəfi isə bu məsələyə dair ardıcıl və birmənalı mövqeni hələ də açıqlamayıb. Əvvəlki görüşdə narazılığa səbəb olmuş məqama bu dəfə toxunulmamasına isə yəqin ki, ya Azərbaycanın xarici işlər naziri, ya da Prezident Administrasiyasının bu tip məsələlərə aydınlıq gətirməli olan nümayəndəsi Novruz Məmmədov izahat verəcək. Əks halda, görünən və bərkiyən qənaət odur ki, Əliyev Laçından imtina edib.

Seymur Həzi