Lalə Şövkətdən Mehriban Əliyevaya çağırış

Fransanın «Fəxri legion» ordenindən imtina edin

Azərbaycan Liberal partiyasının (ALP) lideri Lalə Şövkət Fransa Senatının «erməni soyqırımı»nı inkara görə cəza qanununu təsdiq etməsinə etiraz bəyanatı yayıb.  ALP lideri  həmin qanunu tarixi saxtalaşdırma, ifadə azadlığına, Fransaya olan etimada zərbə sayır.

O, Azərbaycan rəhbərliyindən Fransa-Azərbaycan münasibətlərinə yenidən baxmağı tələb edir, həm də Fransanın «Fəxri legion» ordenilə təltif olunmuş Azərbaycanın dövlət başçısına, xanımına, digər azərbaycanlıları eritaz olaraq bu ordendən imtina etməyə çağırır.

Lalə Şövkət Azərbaycan rəhbərliyini də Parisin bu addımına adekvat reaksiya verməməkdə ittiham edir: «Bu qanunun təkcə Türkiyənin yox, həm də Azərbaycanın problemidir. 2009-cu ildə Azərbaycanın tələbilə Türkiyə Ermənistanla sərhədləri açmadı, amma Fransaya münasibətdə rəsmi Bakı ortaya kəskin mövqe qoymur. Azərbaycan iqtidarı «bir millət-iki dövlət» deyiminin şüar yox, gerçək siyasi xətt olmasını sübut etməlidir» – deyə sənəddə bildirilir.