Türkiyə mediası Soçi sammitinə “İnkar qanunu” fonunda baxdı
Fransa Senatında saxta erməni soyqırımını inkara görə cəza qanunu qəbul edilən gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşüb birgə bəyanat verməsi Türkiyə mediasının da diqqətini çəkib.
“Hürriyet” qəzeti bu barədə xəbəri “Azərbaycan “Fransa çəkilsin” demədi” başlığı ilə dərc edib. Xəbərdə qeyd olunur ki, Rusiya prezidenti Dmitri Medvedevin böyük ümidlərlə təşkil etdiyi Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli Qarabağ sammitində əhəmiyyətli bir qərar verilmədi. Azərbaycan isə Fransanın ATƏT-in Minsk qrupundakı vasitəçi vəzifəsinə son verilməsini tələb etmədi.
“Fransa parlamentində inkar qanunu ilə bağlı səsvermənin ardından bu ölkənin tərəfsizliyini pozduğunu qeyd edən Bakı, Fransanın bundan sonra Qarabağ danışıqlarında vasitəçi ola bilməyəcəyinə eyham etmişdi. Dünənki sənəddə isə “Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupu üzvü Rusiya, ABŞ və Fransaya Qarabağ münaqişəsinin həlli üçün göstərdikləri cəhdlərə görə təşəkkür edir” deyildi”, – deyə “Hürriyet”in məlumatında bildirilir.
Qəzet Soçidə eyni vaxtda Azərbaycandan Rusiyaya qaz ixracının artırılmasına dair iki ölkə başçısının iştirakı ilə saziş imzalanmasına də xəbərində yer ayırıb: “Bir tərəfdən ana xətt olaraq Türkiyə üzərindən Avropa bazarlarına təbii qaz ötürəcəyini elan edən Azərbaycan, digər tərəfdən köhnə ortağı Rusiyaya da “göz basdı”. İlham Əliyevlə Dmitriy Medvedev Soçidə Rusiyanın Azərbaycandan bu il 1,5 milyard kub metr yerinə 3 milyard kub metr təbii qaz almasına dair müqavilə imzaladı”.