Leyla Əliyeva: «Hakimiyyət cəmiyyətin müxtəlif səslərinin parlamentdə təmsil olunmasına şərait yaratmırsa, bu, sosial partlayışa aparır»
“Freedom House” beynəlxalq insan haqları təşkilatının strategiya və təhlil üzrə vitse-prezidenti Kristofer Uolker BBC-yə müsahibəsində Azərbaycan hakimiyyətinə inqilab xəbardarlığı edib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ötən 12 ay ərzində müxalifət fəalları, jurnalist, vətəndaş cəmiyyəti üzvlərinin təqiblərini artırıb və ictimai müzakirələr məkanını məhdudlaşdırıb. Bu cür siyasətin davamı isə ölkəyə sosial partlayış və demokratik inqilab vəd edir. Mövzu ilə bağlı suallarımızı politoloq Leyla Əliyevaya ünvanladıq.
– “Freedom House”nin vitse-prezidenti müsahibəsində bildirib ki, hakimiyyətin ötürülməsinin aydın mexanizmi olmayan avtoritar rejimlərdə xalqın küçəyə çıxmaq ehtimalı daha yüksəkdir: Bunu Rusiyada baş verənlər bir daha təsdiqlədi…
– Ümumiyyətlə “ərəb baharı”ndan sonra dünyada avtoritar rejimlərin sayı çox azalıb. Bir məqam da ondan ibarət idi ki, ərəb dünyasında baş verən prosesləri sırf bu xalqların mədəniyyəti ilə bağlamağa çalışırdılar. Baş verən prosesləri belə izah edirdilər ki, yıxılan rejimlərin uzun müddət hakimiyyətdə olması xalqların səbrini tükəndirmişdi. Amma sonra baş verənlər göstərdi ki, bu, bir qlobal prosesdir və yalnız ərəb dünyası ilə məhdudlaşmır. Bütün dünya hazırda demokratiyaya meyil göstərir. Bir neçə ölkə qalıb ki, onlarda avtoritar rejimlərin mövcudluğu sırf keçmiş inqilabi proseslərlə bağlıdır. Bu ölkələr Şimali Koreya, Iran və Kubadır. Dünyada hələ də ömrünü sürdürən digər avtoritar rejimlər isə keçmiş SSRI məkanına aiddir. Bütün bu ölkələrdə hakimiyyətin ötürülməsi mexanizmi ilə bağlı problemlər yaşanır. Hazırda dünyanın diqqəti keçmiş SSRI məkanındadır. Rusiyada gedən proseslər əlbəttə, digər postsovet məkanı ölkələrinə də təsirsiz ötüşməyəcək. Hətta belə bir fikir var ki, Rusiyada gedən proseslər sonda postsovet məkanında bir demokratik dalğaya səbəb olacaq.
– Bundan başqa, Kristofer Uolker hesab edir ki, Rusiyada əhalinin geniş seqmenti Medvedev və Putinin hakimiyyətin kimin əlində qalacağının müzakirəsini hörmətsizlik və iyrənc kimi qəbul etdi. Bu, on minlərlə adamın küçələrə çıxmasına təkan verdi. Bu, uzunmüddətli perspektivdə riskli addımdır və sizcə, Azərbaycan hakimiyyəti bundan dərs götürməlidirmi?
– Rusiyada artıq müstəqil bir orta sinif formalaşıb. Həmin təbəqənin yaşayış səviyyəsi, savadlılığı özünü ideologiyalarında göstərir. Ona görə də hazırda Rusiyadakı durumda bu təbəqənin rəyini nəzərə almadan seçkiləri saxtalaşdırmaq, onları aldatmaq mümkünsüzdür. Rusiyada xalqın narazılığının əsas səbəblərindən biri də odur ki, Putin hakimiyyətə kral kimi qayıtmaq istəyir. Rusiya xalqı baş verənləri özünə təhqir sayır. Azərbaycanda da oxşar proseslər getsə də, orta sinifin müstəqilliyi hələ ki, hiss olunmur.
Hamı gec-tez demokratiyaya qovuşmalıdır
– Kristofer Uolker Ilham Əliyevin hakimiyyətdə müddətsiz qalmaq niyyətinə dair daha aydın görünən mesajlardan ciddi narahatlıq doğurduğunu bildirib. Azərbaycanı başqa ölkələrlə müqayisə edən Uolker hesab edir ki, belə hallar Şimali Afrika və Yaxın Şərq ölkələrinə xas olan göstəricilərdir…
– Politologiyada belə bir yanaşma var ki, Yaxın Şərq regionu ilə post-sovet məkanı ayrı-ayrı xüsusiyyətlərə malik regionlardır. Amma hazırda bu regionlarda gedən demokratikləşmə prosesi göstərir ki, bu ayrı-ayrı hadisələr deyil. Məşhur filosof Fukuyamanın “Tarixin sonu” kitabı var. Bu yanaşma Hantinktonun “Sivilizasiyaların davası” nəzəriyyəsini inkar edir. Fukuyamaya görə, demokratiyadan başqa mükəmməl idarəçilik olmayacaq. Hamı gec-tez demokratiyaya qovuşmalıdır. Həmin o proses hazırda dünyada aydın görünür. Rusiya kimi dövlət də demokratiyaya məhkumdur. Siyasi proseslər dinamikada olmalıdır. Eyni adam limitsiz şəkildə hakimiyyətdə qala bilməz. Məşhur bir deyim var: hakimiyyət sahibini korlayır. Mütləq hakimiyyət isə özbaşınalığa aparır. Ona görə hakimiyyətə mütləq nəzarət olmalıdır və ölkədə insan haqlarını qoruyan institutların çox olması məqsədəuyğundur. Konstitusiyada bir şəxsin limitsiz dövlət başçısı seçilməsinə qadağanın olmaması, parlamentin formal xarakter daşıması hakimiyyəti daha da nəzarətsiz edir.
– Uolker xəbərdarlığında deyib ki, Azərbaycan hökuməti alternativ səslərin eşidilməsinə icazə vermək fürsətini əldən qaçırır. Bu kimi məcburi və korlanmış idarəni yürüdən ölkələr çox riskli oyun oynayırlar. Bu yol hakimiyyəti hara aparır?
– Əgər hakimiyyət cəmiyyətin müxtəlif səslərinin parlamentdə təmsil olunmasına şərait yaratmırsa, bu, sosial partlayışa birbaşa yoldur. Əgər hakimiyyətə rəhbərlik edən şəxs həm yanındakı, həm də cəmiyyətdəki siyasi opponentlərini, siyasi liderləri məhv etməklə məşğul olursa, bu, dövləti zəiflədir. Ölkədə müxtəlif dövlətçilik institutlarının olması da vacibdir. Dövlət institutlarına məhkəmə, parlament, siyasi partiyalar daxildir. Bütün bunlar olmayanda ölkə zəifləyir.
– Uolker iqtisadi artımı qorumaq üçün əsasən sabitliyin təmin edilməsinin mühüm olmasıyla bağlı Azərbaycan hakimiyyətinin bəyanatlarını rədd edib. O bildirib ki, Azərbaycan kimi avtoritar sistemlər mahiyyətcə qeyri-sabitdirlər...
– Iqtisadi artım təkcə sabitliyə söykənmir. Litva kimi ölkələrə baxın. Həmin dövlətlərdə əmək haqları Azərbaycandan 10 dəfə çoxdur. Azərbaycandakı sabitlik yalnız balaca bir qrupun xeyrinə işləyir. Belə bir sabitlik heç kimə lazım deyil.
Xəyal