Bugünlərdə eyni məzmunda, lakin bir-birinə zidd iki hadisə baş verdi. Birincisi, Türkiyə ana müxalifət partiyası CXP-nin sədri, BMM-nin deputatı Kılıcdaroğlu Türkiyə məhkəmələri haqqında, onların müstəqil olmamaları, siyasi sifarişləri icra etmələri barədə bir-iki ehtiyatsız fikir səsləndirdi və… ara qarışdı. Kılıcdaroğlu məhkəmələrə həqarət etməkdə ittiham olundu və haqqında araşdırmalar aparılmağa başlandı. Hətta onun toxunulmazlıq hüququnun əlindən alınması və həbs məsələsi gündəmə gəldi. Başadüşülən və təqdir olunandır. Özünə hörmət edən heç bir xalq, heç bir dövlət, bir çox hallarda adamların son ümid yeri olan, cəmiyyətdə ədalətin qarantı olan məhkəmələrin qeyri-müstəqil, satqın, ədalətsiz olmasını istəməz və buna imkan verməz.
“Custitia reqnorum fundamentum” – latınların bu qədim deyimini türklər “ədalət mülkün təməlidir” şəklində öz devizlərinə çevirmişlər. Həmin ifadə Türkiyədə bütün məhkəmə binalarının divarlarına yazılıb. Təsadüfi deyil ki, bir vaxt Türkiyədə siyasilər ölkəyə prezident seçmə məsələsində çətinliyə düşən zaman çıxış yolunu Türkiyə Ana Yasa məhkəməsinin sədri Əhməd Necdət Sezəri bir səslə prezident seçməkdə gördü. Və seçimlərində yanılmadı. Sezər nə etdi, dəbdəbəli yaşayışı yaxın buraxmadı, bahalı avtomaşından imtina etdi, iş yerinə – Cankayaya yollardakı svetoforların qırmızı işığında dayana-dayana getdi, prezidentin səlahiyyət müddətini 7 ildən 5 ilə endirdi və bu vəzifədə gələcəkdə də qalması üçün heç bir fəaliyyət göstərmədi. Vəzifəsindən getdikdən sonra isə öz ölkəsində hörmətli bir şəxs kimi rahat yaşamasında davam etdi. Bütün prezidentlərə bir nümunə!
Ikinci hadisə isə bu oldu ki, ANS TV meyxanaçıları hakim-müttəhim sifətində efirə çıxartdı. Mən deyərdim bəşər tarixində məhkəmələri, onların simasında dövləti, xalqı bu dərəcədə alçaldan, yerlə yeksan edən tamaşa olmamışdı. Təsəvvür edin, “hakim” deyir: “mənim əlimdədir həyatın sənin”, “müttəhim”in cavabı isə belə olur: “qorxma, çatar 5-10 manatın sənin”. Deyişmə təxminən 10 dəqiqə davam etdi. “Hakim”in verdiyi ittihamlara “müttəhim” meyxanaçı öz düşüncə tərzinə, məişət dünyagörüşünə uyğun cavablar verir və hər dəfə də “qorxma çatar 5-10 manatın” sözlərilə onu sakitləşdirirdi. “Hakim”in “müttəhim”in prokurora 5 min manat verməsindən narazılıq etməsi, ümumiyyətlə, bütün çıxışının məzmunundan aydın olurdu ki, onun bütün canfəşanlığının arxasında məhz “müttəhim”dən 5-10 manat almaq sevdası durur. Çox utancverici səhnə idi.
Bu yazını bir qədər gec yazmağımın səbəbi var. Yazmaq istəyi həmin “veriliş”ə baxanda yaranmışdı, amma gözlədim görüm ki, cəmiyyətdən buna nə reaksiya olacaq. Reaksiya özünü çox gözlətmədi. Səhəri gündən çayxanalarda, avtobuslarda, adamların toplaşdıqları yerlərdə deyişmə ləzzət, ruh yüksəkliyilə təqdir olunur, meyxananın həqiqəti əks etdirdiyi söylənilirdi. Elə bil ki, bu deyişmə onların ürəklərindən tikan çıxarır, yaralarına məlhəm qoyurdu. Xalqı başa düşmək olur, axı adamlar o qədər sifarişli məhkəmə prosesinin şahidi olub, o qədər haqqın nahaqqa verildiyini görüb, o qədər rüşvət tələbilə üzləşib ki!
Axı müstəqil, qərəzsiz, məhkəmə sisteminin olduğu ölkələrdə bizdə olan problemlərin heç bir faizi də olmur! Elə ölkələrdə inzibati-amirlik yolu ilə evlər sökmək, iş yerlərini ləğv etmək, söymək, qanunsuz azadlıqdan məhrum etmək, konstitusiya ilə verilmiş hüquqları qadağan etmək mümkün deyil. Oralarda heç bir məmur vətəndaşın hüququnu pozub “get kimə istəyirsən şikayət et” deyə bilməz. Çünki bilirlər, haqqı pozulmuş məhkəməyə şikayət edər və haqq pozanın aqibəti yaxşı olmaz.
Həmin ölkələrdə nazirlərin bizneslə məşğul olması, monopolizm, haqsız rəqabət ola bilməz. Məhkəmə hakimiyyəti belə şeylərin olmamasına qarantdır. Bizdə isə vəziyyətin necə olmasını bilmək üçün baş prokuror Z.Qaralovun çıxışından bir cümləni yada salmaq kifayətdir: “Korrupsiya ilə mübarizəni biz özümüzdən başlamalıyıq”. I.Əliyev də çıxışında “korrupsiya ilə amansız mübarizə aparılır” demişdi.
Xalqın bu deyişməyə münasibəti məlum. Amma məni başqa bir məsələ düşündürür. Axı, bu ölkədə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, onların sədrləri, yüzlərlə hakimlər var! Bu hakimləri də həmin vəzifə sahibləri, özləri deyəndən, minlərlə hüquqşünasın arasından ən savadlı, ləyaqətlilərini neçə qat imtahandan keçirərək seçməklə təyin etdiriblər. Hanı bəs bu ləyaqətli sədrlər, hakimlər? Bəs niyə heç kimdən səs çıxmadı, niyə yüksək vəzifə sahibləri, Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev, Ali məhkəmə sədri Ramiz Rzayev, Məhkəmə-hüquq şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, yüzlərlə hakim, iki meyxanaçının, bir TV kanalının Azərbaycanın bütün məhkəmə sistemini biabır etməsinə belə dözüm göstərir? Axı bunlar başqa məsələlərdə elə də dözümlü deyil. Məsələn, bunlar azad fikirli bir adamın da məhkəmə-ədliyyə sistemində işləməsinə dözməzlər, haqqı pozulmuş müxalif fikirli heç kimin haqqına çatmasına dözməzlər!
Demək, bu adamlardan heç kim özünü təhqir olunmuş saymadı. Demək, meyxanaçılar haqlıdır?!
Xalqımızın bir deyimi var: öz ayıbına kor olmaq.
Bu ifadə ayıbını bilən adamın susması anlamına gəlir. Deməli, bu adamlar öz eybini yaxşı bilir və bu səbəbdən də susur. Amma susmaq əvəzinə eyibini düzəltməli, heç kimə onlara sataşmaq üçün bəhanə verməməlidir. Axı məhkəmə hakimiyyəti onlara “5-10” çatması üçün deyil, xalqın, cəmiyyətin rifahı, təhlükəsizliyi, əmniyyəti üçün işləməlidir.
Düzü, mən onların yerinə utandım, belə hakimiyyəti olan ölkədə yaşamağa xəcalət çəkdim, özümü təhqir olunmuş saydım. Hesab edirəm ki, bütün vicdanlı vətəndaşlar mənim bu hisslərimə şərik çıxar.
“Səhranın bəyaz günəşi” filmindəki gömrükçü Vereşşaginin quldur Abdullaya dediyi sözləri yəqin çoxunuz unutmamısınız: “Abdulla, mən rüşvət almıram, dövlətin adına ayıbdır (Za derjavu obidno)”. Bunu söyləyən zaman Vereşşaginin xidmət etdiyi dövlət artıq yox idi! Amma dövlətçilik hissi onun qanında, canında idi.
Ancaq sözügedən deyişmədə bir məqam tam yanlış, böhtan idi. Rüşvət məbləğinin 5-10 manat göstərilməsi. Bu yalana ki etiraz etmək olardı. Axı meyxanaçı Tarif Şurası deyil ki, rüşvətə yeni məbləğ müəyyən etsin. Hər şeyin qiyməti artdığı halda, rüşvətin məbləği necə azaldıla bilər?
Şükür Məmmədli
P.S. Ədalətli, müstəqil, rüşvət almayan hakimlərdən bu yazıya görə üzr istəyirəm. Amma qorxuram, bu şərtlərlə üzr istəməyə hakim tapmayım. P.P.S. Görün bu iş Türkiyədə baş versəydi, nələr olardı!


