“Fövqəlnazir”dən rəqiblərinə növbəti atəş

Kəmaləddin Heydərova yaxın politoloq Ziya Məmmədovla Ismət Abbasovu topa tutdu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan politoloq Cümşüd Nuriyev növbəti dəfə “fövqəlnazir”in rəqiblərini tənqid atəşinə tutub. Politoloq “Reytinq” qəzetinə müsahibəsində xüsusilə nəqliyyat naziri Ziya Məmmədovla kənd təsərrüfatı naziri Ismət Abbasovu hədəf seçib.
Doğrudur, o, ad çəkməyib. Amma eyhamlarla ünvanı göstərib. Məsələn, o, Ziya Məmmədov barədə deyib: “Hamı bilir ki, Azərbaycanın böyük məbləğdə xarici borcu var. Bu pullar da ölkədə bir neçə sahəyə yönəlib. Amma milyardların yönəldiyi pullar ortada yoxdur. Yollar çəkilir, bir müddətə dağılır, körpülər tikilir, az keçməmiş çökür, kanalizasiya sistemi yaman gündədir, amma ən çox pul qoyulan sahələr də elə əsasən bunlardır”.
Azərbaycanda yol-körpü tikintisi Ziya Məmmədova aiddir və deməli, Cümşüd Nuriyev bu fikirlərilə məhz nəqliyyat nazirini korrupsiyada ittiham edir.
Ismət Abbasova gəlincə, politoloq bildirib: “Aqrar sektora da çox vəsait qoyulub, amma ortada müsbət nəticə yoxdur. Bütün bu maxinasiyaların, mənimsəmələrin arxasında dayananlara isə dəymirlər. Kiçik məmuru tuturlar, amma milyardları göyə sovuran dövlət vəsaitini talayan, dövlətin imkanları hesabına ailə biznesini inkişaf etdirən nazirlərə dəyən yoxdur”. Göründüyü kimi, Cümşüd Nuriyev hətta Ziya Məmmədovla Ismət Abbasovun həbs olunmalı olduqlarını diqqətə çatdırıb.
Kəmaləddin Heydərovla adıçəkilən məmurlar arasında münasibətlər uzun müddətdir ki, kəskindir. Təbii ki, əsas səbəb iqtisadi maraqların toqquşmasıdır.