“Azadlıq”ın əməkdaşını verilişə dəvət edən “Günəbaxan”çılar son dəqiqələrdə sözlərini geri götürdülər
ANS telekanalı növbəti dəfə “qaş düzəldən yerdə göz çıxardı”.
Ötən həftə “Günəbaxan” verilişində aparıcı İlqar Mikayıloğlunun taksi sürücülərinə qarşı canlı efirdə etikadan kənar davranışı qalmaqalla nəticələnmişdi. Aparıcının kobudluğunu həzm etməyən veriliş iştirakçılarının – taksi sürücülərinin əhəmiyyətli hissəsi efiri tərk etmişdi. Bu hadisə çap mətbuatında və internetdəki portallarda böyük diskussiyalara səbəb oldu.
Ötən həftənin sonu ANS-dən “Azadlıq”la əlaqə saxlayaraq, baş verən qalmaqalın və həmin hadisənin mətbuatda işıqlandırılma tərzinin müzakirəsində iştirak etmək üçün qəzetdən nümayəndə dəvət elədilər. Redaksiya bunun üçün Natiq Güləhmədoğlunu ayırdı.
Həftənin şənbə günü telekanal bir daha jurnalistin özü ilə dəqiqləşdirmə aparıb, bazar ertəsi saat 10.00-da studiyada olmağı xahiş edib. Amma…
Bazar ertəsi verilişin başlanmasına təxminən 10 dəqiqə qalanda dəvət geri götürülüb. Natiq Güləhmədoğluya zəng edən prodüser xanım üzrxahlıq edib: “Bağışlayın, verilişin formatında dəyişiklik olub, sizi sonra dəvət edərik”.
Verilişin nümayişi zamanı isə bəlli olub ki, “Günəbaxan”ın formatında heç bir dəyişiklik baş verməyib, yumşaq desək, telekanal əməkdaşımızı aldadıb və “Azadlıq”a qarşı hörmətsizlik nümayiş etdirib.
Veriliş isə “tək qapıya futbol oynamaqdan” başqa bir şey olmayıb. “Günəbaxan”çılar isə elə ANS-in özünün iki işçisini studiyaya dəvət edərək, qəzetlərdə, sosial şəbəkələrdə onları tənqid edənlərə etika və peşə “dərsləri” keçiblər.
“Günəbaxan” qəzetləri şərləməkdən də qalmayıb. Verilişin aparıcısı İlqar Mikayıloğlu bildirib ki, onun verilişini tənqid edənləri efirə dəvət etsələr də, guya, jurnalistlər arqumentsizlik ucbatından ANS-ə gəlməyiblər.
Beləliklə, “formatı dəyişmiş” verilişdə “Azadlıq”ın əməkdaşının iştirakından imtinanın səbəbi aydın bilinir: ANS fərqli, tənqidi fikir eşitməyə və ya efirə verməyə hələ hazır deyil.
Ancaq bir sual da açıq qalır: fərqli sözə yer vermək niyyətində olmayanları belə bir dəvət göndərməyə həvəsləndirən nə olub?
{jcomments off}
S.Novruz