Respublikaçıların Cənubi Karolina praymerizi gərgin keçdi
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkiləri öncəsi Respublikaçıların vahid namizədi olmaq uğrunda yarış davam edir. Yanvarın 22-də Cənubi Karolina ştatında Respublikaçılar Partiyasının prezidentliyə namizədini müəyyənləşdirmək üçün növbəti praymerz keçirilib. Praymerizdə Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç səslərin təqribən 40 faizini toplayaraq qələbə çalıb. Onun ən güclü rəqibi sabiq Massaçusets qubernatoru Mitt Romni isə səslərin 28 fazini alaraq ikinci yeri tutub.
Yarışda Texas ştatından olan konqresmen Ron Pol və Pensilvaniya ştatından seçilmiş sabiq senator Rik Santorum da iştirak edirdilər. Cənubi Karolinada keçirilən respublikaçıların praymerizində ilkin nəticələr Rik Santorumun üçüncü Ron Polun isə dördüncü yerdə olduğunu göstərib. Səsvermədən əvvəl, son günlərdə keçirilən rəy sorğularında Qinqriçə dəstəyin artması nəzərə çarpırdı. İndiyə qədər ən güclü namizəd imicini qoruyub saxlamağa çalışan Mitt Romni Cənubi Karolina praymerizinin nəticəsinin önəmini aşağı göstərməyə çalışmaqla yarışın bərabər getdiyini deyib. Bir həftə əvvələ qədər Mitt Romninin Cənubi Karolinada asanlıqla qələbə çalacağı gözlənilirdi. Onun Qinqriçə məğlub olmasında namizədin biznes fəaliyyətləri haqqında son günlərdə yayımlanan mənfi reklamların rol oynadığı irəli sürülür.
Bir həftə bundan öncə keçirilən rəy sorğuları Mitt Romninin asanlıqla qələbə çalacağını göstərirdi. Lakin ötən həftə ərzində rəqiblərindən kəskin hücumlara məruz qaldıqdan və debatlardan sonra Romni ilə başqa iddialılar arasındakı fərq azalıb. Texas ştatının qubernatoru Rik Perrinin yarışdan çıxmasının da praymerizdə Qinqriçin xeyrinə olduğu irəli sürülür.
İnformasiya şöbəsi