Sarkozinin adı yeni qalmaqalda

Fransa prezidentinin rəqiblərini izlədiyi ortaya çıxdı

Fransa prezidenti Nikola Sarkozinin adı növbəti qalmaqalda hallanır. “Fransız FKB” kitabına qeydlər yazan əks-kəşfiyyat agentləri Sarkozinin siyasi rəqiblərini güddüyünü iddia edib. “Le Canard Enchaine” və “Le Point” kimi nüfuzlu yayın orqanlarında çalışan jurnalistlərin ortaya çıxardıqları kitabda xəfiyyələrdən biri yazıb ki, əks-kəşfiyyatın mərkəzi direktorluğunda Sarkozinin rəqiblərinin izlənməsi ilə bağlı xüsusi bölmə yaradılıb. Onun əməkdaşları mənzillərdə və maşınlarda qulaqasma qurğuları yerləşdirir, eləcə də kompüterləri sındırırlar. Vaxtilə Fransa daxili təhlükəsizlik mərkəzi idarəsi yaradılarkən qurumun rəhbərliyi bəyan etmişdi ki, onun sələflərinin ittiham olunduğu praktikaya yeni qurum son qoyacaq.
Xatırladaq ki, Fransua Mitterana (Fransa prezidenti 1981-1995) bir sıra ictimai xadimlərin telefonlarına qulaq asmaq barədə göstəriş verilmişdi. Lakin xüsusi xidmət idarəsi Yelisey sarayının maraqlarının alətinə çevrildi. Əks-kəşfiyyatın direktoru Bernar Skvarsini isə kitabda prezidenti müdafiə etmək üçün əlindən gələni edənlərdən biri adlandırılır. Skvarsini isə bildirib ki, bütün bu təhqiredici ittihamlar tamamilə yanlışdır və heç kimin casusu olmayıb. Fransa daxili işlər naziri Klod Qean əks-kəşfiyyatın hökumətin siyasi aləti olmadığını və bu qurumun qanun çərçivəsində işlədiyini, o cümlədən siyasi fiqurları da izləmədiyini söyləyib.
Artıq bəzi Avropa qəzetləri bildirir ki, bu kitab Nikola Sarkozi üçün çox pis bir vaxtda, yəni prezident seçkiləri ərəfəsində satışa çıxarılıb. Hələ bundan başqa, Fransanın birinci xanımı Karla Bruninin bu yaxınlarda xeyriyyə vəsaitlərini xərcləməkdə ittiham olunması da Sarkoziyə ciddi zərbə vurmuşdu. Belə iddiaların ortaya atılması Sarkozini seçkilər öncəsi çətin duruma salır. Bütün bunlar onu söyləməyə əsas verir ki, Sarkozi yenidən ölkə başçısı postunu tutmaq üçün ciddi maneələrlə üzləşəcək.

Informasiya şöbəsi