Zərdüşt Əlizadə: «Azərbaycanda xalqla hökumət arasında uçurum var, hökumət korrupsiya bataqlığındadır»
«Mən düşünmürəm ki, Putinin növbəti hakimiyyəti Rusiyaya hansısa böyük xoşbəxtlik bəxş edəcək»
Politoloq Zərdüşt Əlizadə bu gün Azərbaycan cəmiyyətinin və dünyanın gündəmində olan bir sıra məsələlərlə bağlı “Azadlıq”ın suallarını cavablandırıb.
– Azərbaycan Fransa parlamentinin qərarına bəyanatlar səviyyəsində cavab versə də, Türkiyənin gözləntilərinin daha artıq olduğu sezilir. Türkiyədə səslənən açıqlamalar da göstərir ki, Ankara Azərbaycan prezidentinin səviyyəsində münasibət gözləyir. Bəs niyə belə cavab hələ verilməyib?
– Fransa məsələsi layiq olduğundan artıq şişirdilib. Bu mahiyyət baxımından çox tərbiyyəsiz bir məsələdir. Hər hansı dövlətin parlamenti başqa dövlətin tarixi haqqında nəsə bir söz deyirsə, xüsusilə 1948-ci ildə “soyqırım haqqında beynəlxalq konvensiya” qəbul edilməzdən əvvəl baş vermiş hadisə haqqında qanun qəbul edirsə, bunun siyasi və hüquqi əhəmiyəti həmin ölkə üçün sıfıra bərabərdir. Bunun Fransada yaşayıb “erməni soyqırımını” inkar edənlərə təsiri ola bilər. Qoy onlar qayğılansınlar, Avropa məhkəməsinə müraciət etsinlər və desinlər ki, bu ifadə azadlığına qarşı sui-qəsddi. Bu qərar Fransada daxili siyasi mübarizənin məntiqindən doğan bir qərardır. Bunu da çoxları açıq söyləyir ki, Sarkoziyə səs lazım olduğuna görə bunu edib. Çünki bütün rəy sorğuları göstərir ki, o uduza bilər. Onun bütün digər çabaları reytinqini artırmır. Ona görə də qərara gəlib ki, Fransada yaşayan bir neçə yüz erməninin səsini öz xeyrinə həll etsin. Ona görə də belə ucuz təbliğata əl atıb. Onların bu məntiqinə görə, peyğəmbəri təhqir etmək olar, buna heç bir cəza olmur. Amma yüz il bundan əvvəl baş vermiş hadisəyə “belə olmayıb, başqa cür olub” desən, demək səni cinayət məsuliyyətinə cəlb edib cərimələyə, həbs edə bilərlər. Bu, söz, ifadə azadlığının inkarı, siyasi əxlaqsızlıqdır. Bu qərarın hüquqi qüvvəsi, iqtisadi mahiyyəti sıfıra bərabərdir, nə üçün özümüzü ataq ortaya.
Bu deputatların səviyyəsində olan məsələdir. Deputatlarımız tənqid elədi, müxalifət qərarı pislədi. Ancaq 70 milyonluq NATO üzvü olan Türkiyə hara, saxta 9 milyon əhalisi olan, zəif, Ermənistana gücü çatmayan Azərbaycan hara. Bizim sözümüzün nə əhəmiyyəti var? Kimdir bizi sayan, hörmət edən? Diplomatiya mümkün olanın əldə edilməsi məharətidir.
Birinci qayğımız Qarabağdır, onunla məşğul olaq. Mətbuatda deyirlər, Fransanın həmsədrliyindən imtina edək. Olar, mümkündür. Ancaq bundan Azərbaycana münasibət müsbətə doğru dəyişəcəkmi? Türkiyə güclü dövlətdir, dünyada hörməti artır. Ancaq həll olunmamış xeyli problemləri də var. PKK problemi, Suriya və Ermənistan kimi narahat qonşuları var. Fransanın mövqeyinə fikir vermək lazım deyil. Azərbaycan da Qarabağ məsələsinin həlli ilə məşğul olmalıdır. Bunun üçün hakimiyyətin əlində yüz faizlik imkanlar var. Ancaq bu imkanın on faizindən istifadə edir. Özü də nağıl danışır. Səhərdən axşama qədər oğurladıqları pul saymaqla məşğuldular. Ya gərək pul sayasan, ya güllə atasan.
Dünyada səfeh bir mövqe tuturuq, sonra da deyirik bizə hörmət etmirlər. Hörmətə layiq ölkəyə, siyasətçilərə hörmət edərlər. Əlbəttə, Fransa belə qərar qəbul etməklə ədəbsizlik edib. Ancaq onun səviyyəsinə enmək lazım deyil.
– Azərbaycan BMT TŞ qeyri-daimi üzvü seçiləndə I.Əliyev bəyan etdi ki, bu həm də Türkiyənin yeridir. Ancaq artıq Azərbaycanın Suriya məsələsində Türkiyədən fərqli mövqe tutduğu bəllidir. Bu iki ölkə arasında gərginlik yarada bilərmi?
– Heç vaxt siyasətçilərin dediklərinə inanmayaq. Heydər Əliyev deyirdi Suleyman Dəmirəl dostum-qardaşımdır. Sonra Turqut Ər yazdı ki, Heydər Əliyev möhkəmlənəndən sonra Suleyman Dəmirəlin müxtəlif türkləri tapşırıb onlara yağlı biznes şəraiti yaratmaq haqqında məktublarını oxumadan cırıb tullayırdı. Dost qardaşa belə eləyər? Boğazdan yuxarı, ötəri, bayağı, anın tələbi xatirinə deyilmiş sözlərdir. Türkiyə və Azərbaycan müttəfiqdir. Ancaq hər ikisi fərqli dövlətdir. Dövlətlərin mənafeləri heç vaxt yüz faiz üst üstə düşmür. Suriya demokratik deyil. Ancaq digər ərəb ölkələri, mütləq monarxiyalarla müqayisədə demokratiyanın idealıdı. Indi Türkiyə Amerikanın müttəfiqidir, bu oyunda iştirak edir. Bundan bizə nə? Suriya rejimi öz xalqı üçün pisdi. Ancaq Islam ölkələri konfransında səs verib Ermənistanı təcavüzkar kimi tanıdı. Azərbaycanın demokratiya sahəsində problemləri ola ola, Suriya xalqına demokratiya dərsi keçməlidir? BMT TŞ qeyri-daimi üzvlüyü fəxri addır.
Bizdə professor heç kəsə məlum olmayan elmi iş yazıb ad alır, maaşı bir qədər artıq olur. Bu da ona bənzər bir işdir. Bu Azərbaycan kimi zəif ölkələrə əlavə imkan vermir. Bəzi diplomatik manevrlər imkanları verir. Türkiyə böyük dövlətdir, onun geosiyasi maraqları ola bilər. Biz kiçik dövlətik. Bizim girəcəyimiz kol deyil. Azərbaycanda xalqla hökumət arasında uçurum var, hökumət korrupsiya bataqlığındadır. Budur bizim problemlərimiz.
– Adətən təhlükəsizlik baxımından Azərbaycanın Türkiyə ilə eyni mövqeyi paylaşmalı olduğu vurğulanır. Bu mənada Iran məsələsində Azərbaycanın yeri necə görünür?
– Azərbaycan Iranla münasibətlərini nə üçün gərginləşdirir. Iki ölkə arasında hansı mübahisəli məsələlər var. Xəzərin statusu məsələsidir, bu da iki ölkə arasında münasibətlərin pisləşməsi üçün əsas vermir. Biz nə üçün başqa dövlətlərin davsında otraya düşüb zərbə almalıyıq. 30 milyonluq Azərbaycan xalqının 21-22 milyonu Iranda yaşayır. Iranla münasibətləri pisləşdirsək, deməli, öz xalqımızın böyük hissəsi ilə münasibətləri pisləşdiririk. Əgər Iranla normal münasibətlər saxlasaq, Türkiyə nə üçün gəlib bizi müdafiə etməlidir. Türkiyənin Iranla xeyli problemləri var.
– Iranla Azərbaycan arasında gərginlik artmaqdadır. Məsələn, rabitə naziri açıq şəkildə bəyan etdi ki, dövlət qurumlarının saytlarına 25 hücumun 24-ü Irandan olub. Vəziyyətin bu həddə çatmasını necə qiymətləndirirsiniz?
– Eyni zamanda Iranın da, Amerikanın da saytları dağıdılıb. Bütün dünyada gedən prosesdir. Iran xakerləri öz saytlarını da dağıda bilər. Əgər burda sübut yoxdursa, fikirləşin ki, bu kimə xeyirdir. Azərbaycanın dövlət qurumlarının saytlarının dağıdılması nəticəsində vətəndaşlar bu saytlardan məlumat ala bilmir. Bu da hökumət qurumlarına xeyirdir. Çünki hökumətin əsas məqsədi xalqı məlumatsız qoymaqdır. Çünki hökumət qurumlarının əsas işi büdcə pullarını oğurlamaq, qanunları, vətəndaşlarının hüquqlarını pozmaqdır. Amerika saytları 8-10 saata işə düşdü. Iranın da saytları tez bərpa olacaq. Amma Azərbaycanın saytları bir neçə aydan sonra işə düşəcək. Bunlara şahanə hədiyyədir.
– ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Ruben Azərbaycana gələn günü MTN Iran xüsusi xidmət orqanlarının Azərbaycanda terror aktı hazırladığı barədə məlumat yaydı. Bu nədən xəbər verir?
– 30-cu ildə Moskvadan Azərbaycana irad gəlirdi ki, siz çox az xalq düşməni ifşa etmisiniz. Pis olmazdı ki, min nəfər də ifşa edəsiniz. Bizdə iki min xalq düşməni tapırdılar. Bu yuxarılara yarınmaq üçündür. MTN özü virtual sahədə vətəndaş cəmiyyətinə, müxalifətə qarşı qanunsuzluqlar edir. Vaxtaşırı çəkilişlər çıxır. Bu da bizim hökumətin özünü qorumaq üsullarından biridir. Erik Ruben gələn kimi hay-küy saldılar ki, Iran bizə hücum edir. Ona görə ABŞ bütün əməllərimizə göz yumsun, çünki Iran bizi hədələyir. Aydın məsələdir ki, bu mövqe ilə özlərinə bəraət qazandırmaq istəyirlər.
– Iran-Azərbaycan münasibətlərini bundan sonra necə görürsünüz?
– Biz çalışmalıyıq ki, ərazimizdən Irana qarşı düşmənçiliyə yol verməyək. Bu, bizim millətin və dövlətin tələb etdiyi mövqedir. Eyni zamanda bizim Qarabağ məsələsində yeganə ümid yerimiz beynəlxalq hüquqdur. Dünya miqyasında beynəlxalq hüququn aliliyini tərəfdarı olaq. Çünki beynəlxalq hüquq təftiş edildikcə, Qarabağ sürüşüb gedir Ermənistan tərəfə. Bu iki əsas mövqedən çıxış etməliyik. Biz Iranla düşmən olmamalıyıq və beynəlxalq hüququn tərəfində olmalıyıq. Bizim əhalinin beynində sovetlər dövründən fövqəldövlət eyforiyası qalıb. Hərdən özümüzü elə aparırıq ki, hər yerdə səsimiz eşidilməlidir. Xeyir, bizim səsimiz eşidilməməlidir.
– Rusiyada parlament seçkilərindən sonra etirazların şiddətli olacağı gözlənilirdi. Lakin belə olmadı. Hətta Putin hökumətinin artıq müxalifətlə dil tapdığı deyilir. Putin doğrudan geri çəkilir, yoxsa, bu, bir oyundur?
– Əlbəttə oyundur. Putin hökuməti mahiyyətcə bizim hökumətlə eynidir. Sadəcə bizim cəmiyyətimiz, müxalifətimiz Rusiya cəmiyyətindən və müxalifətindən zəifdir, özü ilə hesablaşmağa məcbur edə bilmir. Amma Rusiyada orta təbəqə etirazını bildirdi. Hökumət ölçüb-biçib belə qərarlar verdi ki, onlarla danışıb bəzi tələblərinin qəbul etmək cəza tədbirlərindən daha yaxşı olardı. Bu seçki dövründən sonrakı dövrdə bəzi müsbət addımlar atılacaq. Amma bunu artıq elə vaxtı edirlər ki, Putin hakimiyyətə gəlir, bunun qarşısını heç kim ala bilməyəcək. Rusiya cəmiyyəti istəməz ki, Kremlin əlaltısı olan Züqanov hakimiyyət gəlsin. Istəyirlər qayda, qanun olsun. Bizdə hakimiyyət yumşaq tənqidə görə Ziyalı Forumunu söyür. Ancaq Rusiyada ziyalıları, müxalifəti görüşməyə dəvət edirlər. Rusiya ictimai-siyasi mədəniyyətin səviyyəsi Azərbaycandakından bir qədər yüksəkdir. Amma mahiyyət etibarı ilə antimilli, korrupsioner rejimlərdi.
Mən düşünmürəm ki, Putinin növbəti hakimiyyəti də Rusiyaya hansısa böyük xoşbəxtlik bəxş edəcək. Onun da işi müxtəlif layihələr, olimpiya adı ilə dövlət büdcəsindən pullar oğurlamaq olacaq. Müxalifət də vəziyyəti anlayır və hansısa müsbət dəyişikliyə çalışır. Bu baxımdan Rusiyada gedən proseslər təqdirəlayiqdir.
– Şübhəsiz ki, Rusiyada baş verən proseslərin postsovet məkanına, o cümlədən Azərbaycana təsiri var. Bundan sonrakı proseslərin nə kimi təsirləri ola bilər?
– Yazda “ərəb baharının” Azərbaycana gəldiyi deyəndə mən yazırdım ki, bu əbəs cəhtdir. Rusiyada nəyisə dəyişsə, onda bizdə dəyişəcək. Orta Asiya, Cənubi Qafqaz da onda dəyişəcək. Amma indi Rusiyada nəyisə başlayır yumşalmağa. Bəlkə o yumşalma bizə təsir etdi, bəlkə yox. Bu baxır o yumşalmanın, yeniliyin, istiləşmənin hərarətinin miqyasına. Əgər hansısa səthi, zahiri dəyişiklik olsa, onda Azərbaycanda yenə nəsə dəyişməyəcək.
Fizzə Heydərli



