Hakimiyyət lobbiçisinin məqaləsindən pulla bağlı hissəni rəsmi KİV niyə çıxarıb?
Ölkə başçısının xanımı Mehriban Əliyevanın Vaşinqtona, Ağ evdə qəbula dəvət almaq istədiyi haqda bir neçə gün qabaq məlumat yayıldı. İndi isə bəlli olur ki, belə bir dəvət üçün Azərbaycan tərəfi 500 milyon dollarlıq layihə təklif edir. Ancaq nədənsə, Azərbaycanın rəsmi təbliğat vasitələri bu məqamı gizlətməkdə maraqlıdır.
Mehriban Əliyevanı Vaşinqtona dəvət etmək təklifi barədə “Turan” informasiya agentliyi məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, Azərbaycan hakimiyyətinin lobbiçilərindən biri Zohrab Sobhanini Amerikanın “The Hill” qəzetində məqalə yazaraq, Mehriban Əliyevanın Ağ evdə qəbul olunmaq arzusunu ifadə edib. Müəllif əsasən Azərbaycan və ABŞ-ın birinci xanımlarının xərçəng xəstəliyi ilə mübarizə probleminə həsr olunmuş beynəlxalq sammit keçirməsini təklif edib.
Agentlik Vaşinqtondakı mənbələrinə istinadla onu da xəbər vermişdi ki, rəsmi Bakı bu cür ideyanın həyata keçirilməsini dəfələrlə Vaşinqtona təklif edib. İdeyanı şərh edən amerikalı ekspertlər isə “Turan”a bildiriblər ki, hazırda bu cür tədbirin keçirilməsi o qədər də real deyil. İlk növbədə ona görə ki, ABŞ-da seçkiqabağı kampaniya gedir və prezident Obama Heydər Əliyev Fondunun Bakı aksiyaları stilində tədbirə o qədər də əhəmiyyət verməyəcək. Bundan əlavə, Vaşinqton çətin ki, Mehriban Əliyevanın xahişini nəzərə alsın, çünki hələlik Vaşinqtonun xahişlərinə Bakı məhəl qoymur. Bu ilk növbədə insan hüquqlarının, mülkiyyət hüquqlarının pozulması, siyasi məhbuslar məsələsi ilə bağlıdır.
Yanvarın 21-də isə Azərbaycan dövlət agentliyi olan “AzərTAc” Sobhaninin “The Hill”də çıxan məqaləsinin tərcüməsini yayıb və bu, bir sıra yerli KİV-də tirajlanıb. Ancaq tərcümədə müəllifin, əgər baş tutarsa, Ağ evdki “xərçəng sammiti”ndə Mişel Obama ilə Mehriban Əliyevanın beş il üçün 500 milyon dollarlıq fond yaratdıqlarını elan edə biləcəkləri haqda yazdıqları öz əksini tapmayıb. Daha doğrusu, dövlət agentliyi məqalənin bu hissəsini orijinaldakı “500 milyon dollar”ı “itirərək” belə verib: “…xərçəng xəstəliyinə qarşı müasir mübarizə fondunun yaradılmasını elan edə bilərlər”.
“AzərTAc”ın tam mətnini tərcümə etdiyi məqalədə niyə məhz bu məqamı redaktə etdiyi aydın deyil. Ola bilər, Bakıda düşünüblər ki, bu məqam Amerikada yaşayan bir müəllifin hansısa layihəyə ölkə başçısının xanımı səviyyəsində nə qədər maliyyə ayrıla biləcəyini haradan bildiyi kimi yersiz sual doğurar. Yaxud cəmiyyətdə Əliyevlərin Ağ evdən dəvət almaq üçün 500 milyon dollardan belə keçməyə hazır olduğu rəyi yaranar.
Buna aydınlıq gətirməyi “AzərTAc”ın öhdəsinə buraxaraq məqalənin orijinalı və tərcüməsinə aid mənbələri təqdim edirik:
The Hill: A First Ladies cancer summit: Obama and Aliyeva
AzərTAc: “The Hill”: “Birinci xanımlar Əliyeva və Obama: Xərçəng xəstəliyinə qarşı mübarizə”
İnformasiya şöbəsi