“Azadlıq”ın əməkdaşı “terrorçu”nun evində oldu

MTN-in həbs etdiyi Rasim Əliyevlə Əli Hüseynovun yaxınları qəzetimizə nələr danışdı?

“Bala düz yazın, həqiqəti yazın! Əgər mənim oğlumun kiçik bir günahı olarsa, özüm deyərəm ki, onu güllələyin”. Bu sözü bizi qarşılayanda və yola salanda bir gözü tutulan əlil Fərail dayı deyir. Oğlu Rasim Əliyevi bu ilin yanvarın 10-da Milli Təhslükəsizlik Nazirliyinin (MTN) əməkdaşları evindən aparıblar. Nazirlik isə “əcnəbi vətəndaşlar olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan qrup yaxalanıb” məlumatını yaydı.
Bəs, həqiqət necədi? Doğurdanmı, Rasim Əliyev, Əli Hüseynov və Balaqardaş Dadaşov terrora hazırlaşırmışlar? Bu suallara bir azdan cavab alacaqsınız…

“Oğlanlarımın qollarını burub həyətə sürüdülər”

Bumbuz otaqda bizi Rasim Əliyevin anası Şükufə Əliyeva qarşılayır. Pərişan halda, bir az da bu olayı gözləyirmiş kimi qarşımıza çıxdı. Və başlarına gələn hadisəni nəql etməyə başladı: “Bu ayın 10-da axşam saat 4 radələrində qapı möhkəm çırpıldı. Başımı elə qaldırmışdım ki, birdən səs gəldi ki, Rasim dayan, tərpənmə!. Kiçik oğlum Emin də evdə yatırdı, onu da tutdular. Qollarını burub həyətə sürüdülər. O biri evdən də Rasimi bayıra əli qandallı çıxartdılar. Donub yerimizdə qalmışdıq. Əllərində avtomat vardı. Qışqırdım ki, nə olub, niyə tutmusuz uşaqlarımı. Cavab verdilər ki, bilərsiz. Qarajdakı maşının sahibinin kim olduğunu soruşdular. Dedim ki, Eminindir. O maşını oğlum Mərdəkanda yol çəkilişi zamanı sökülən obyektlərimizin əvəzinə verilən pulla alıb. Bir az pul vermişdilər mağaza tikdik, bir dənə də maşın aldıq. Nəsə. Həyətdə axtarış apardılar. Bizi tərpənməyə qoymadılar. Iki nəfəri mağazadan tutub gətirmişdilər. Guya şahiddilər. Ancaq onları evə buraxmadılar. Özləri kitabçalarına nəsə yazdılar onlara da qol çəkdirdilər. Evdən ağ, qarajdan isə qara rəngli bükülü çıxartdılar. Başqa bir kağıza isə güllələri qoydular. Onlara dedim ki, bunlar bizim deyil. Dedilər ki, evdə partlayıcı maddə və silah var. Açığı bizim evdə bineyi-qədimdən tüfəng olub. Tüfəngi də özümüz onlara verdik. Rəhmətlik qaynatam Ələkbərin olub. O, qoyunları çölə aparanda tüfəngini də aparırdı. Dünyasını dəyişəndən sonra silah bizdə qaldı. Oğlumu da evdən bu adla apardılar ki, guya evdən narkotik və silah tapıblar. Rasim nə siqaret çəkir, nə də içki içir”.

“Vəkil üstümüzə qışqırdı”

Hadisədən 3 gün ərzində Rasimin harada saxlandığı ailəsinə məlum olmayıb. Yalnız yanvarın 13-dən sonra evə bir xanım zəng edir. O, xanım Rasimin vəkili olduğunu bildirib və ailəni Səbayel rayon məhkəməsinə çağırıb. Şükufə xala deyir ki, bu xanım vəkil Gülarə Əliyeva imiş: “Dedi ki, onu gecə saat 3-ün yarısında oğluma vəkil təyin eləyiblər. Rasimi məhkəməyə gətirəcəklərini söylədi. Dediyi vaxtda məhkəmədə olduq. Bizi yaxın buraxmadılar. Oğlumun başına torba keçirib məhkəməyə gətirdilər. Vəkili də zalda deyildi. Yarım saata yaxın sorğu-sual etdilər. Sonradan məlum oldu ki, məhkəmə qapalı keçib, onu da buraxmayıblar. Gülarə Əliyeva məhkəmənin qərarı ilə Rasimin 3 ay həbsdə qalacağı xəbərini bizə verdi. Vəkil bildirdi ki, Rasimi yəhudi məktəbinin direktorunu və onların saqqallı keşişlərini öldürmək istədiklərinə görə tutublar. O bizə bir neçə sənəd tapşırdı. Biz də sənədləri topladıq. Gülarə Əliyevaya zəng elədim ki, sənədləri hazırlamışam, üstümə qışqırdı ki, indi vaxtım yoxdur, prosesim var. Ondan sonra 2 dəfə zəng elədik, cavab vermədi. Başqa vəkillər də bizə yaxın gəlmir”.

“Balaqardaşın bir cinayəti olub”

Əliyevlər ailəsinin kürəkənləri Balaqardaş Dadaşovla bağlı yayılan məlumatlara da aydınlıq gətirdilər. Sən demə, 1976-cı ildə Balaqardaşla qardaşı Ağadadaşı tüfənglə vurubmuşlar. Ağadadaş ölür, Balaqardaş isə yaralanır. Evdə müalicə olunandan sonra Balaqardaş müqəssir hesab edilir. Ona 12 il iş verəcəkləri barədə xəbər verirlər. Bunu görən Balaqardaş Dadaşov qardaşını öldürən özünə isə xəsarət yetirən hər iki şəxsi öldürür və 15 il məhbəs həyatı yaşayır. Bu 15 ilin 2-ni Şuşada, 13-nü isə Irkutskda yatdı.
Balaqardaş evin böyüsü Fərail kişinin bibisi oğludur. Onun qızıyla 1990-cı ildə ailə həyatı qurub: “4 övladı var. Bakıda özünə iş qurmuşdu. Onun Çapayev küçəsində kolbasa sexi vardı. Iranlılarla heç bir əlaqəsi yox idi, ancaq türklərlə işləyirdi”.
Şukufə xala kürəkənin bir sıra cinayət hadisələrində adının keçməsi məsələsinə də aydınlıq gətirdi: “1999-cu ilin dekabrın 6-da ”Binə” Ticarət Mərkəzinin rəhbəri Məmməd Hüseynovun qardaşı Tofiq Hüseynovu oğurladılar. Tofiq xalam qızının yoldaşıdır. Həmin ilin dekabrın 21-də isə onu buraxdılar. Bu hadisə baş verən də Balaqardaş Moskvada olmuşdu. Bu işdə onun adını hallandırmağa başladılar. 2000-ci il yanvarın 9-da kürəkənimin evinə mülki geyimli polislər gəldi, axtarış apardılar. Qaynım oğlu Ilhamı soruşurdular. O da aeroportda növbə rəisi işləyirdi. Dörd-beş il bizim normal günümüz olmadı. Gecə-gündüz bizi izləyirdilər, uşaqlarını incidirdilər. 2001-ci ildə isə barəsində adam oğurluğuna görə cinayət işi başladılar. Hər gün ailəsinə təzyiq etməyə başladılar. Nəvələrim qorxudan xəstəliyə tutuldu. 2000-ci ilin sonunda isə qızım uşaqlarla yoxa çıxdı. 2 il sonra bilmişik ki, o Irandadır. Hacı Məmmədovun dəstəsi həbs ediləndən sonra bizdən əl çəkdilər. Tofiq Hüseynov azad olunandan sonra özü də deyirdi ki, mənim oğurlanmağıma Balaqardaşın, hazırda bu işə görə həbsdə olan Ilhamla Sərdarın aidiyyatı yoxdur. Sərdar Tofiqin qardaşının yoldaşının əmisi oğludur. Ilham da onun qohumudur. Deyirdilər ki, guya Balaqardaş dəstə düzəldib, Ilhamla Sərdar da Tofiqi güdüb və oğurlayıblar. Hacı Məmmədovun dəstəsi saxlanılandan sonra Tofiqi onun Keşlədəki evinə aparıb göstərmişdilər. Bəli, o da təsdiq etmişdi ki, onu burada saxlayıblar. Ancaq bu məsələnin üzərinə getmədilər”.

“Əli aradabir gəlib-gedirdi, ”opilka” gətirirdi”

“Indi iki nəfər türmədə çürüyür. Balaqardaş vətəndən didərgin salınıb. Allah övladımızın torbasını tikənin bəlasını versin. Bunların işləri hamısı gümanladır. Guya silah keçiriblər, guya yəhudiləri öldürmək istəyib, guya pul alıb. Hamsı guya”.
Iranla əlaqələrinə gəlincə Şükufə Əliyeva qızı ora gedəndən sonra gediş-gəliş olub: “Çağırıb soruşan da yox idi. Rasim də ora gedib mağaza üçün düyü, kişmiş gətirirdi, satırdıq. Bizim heç kimlə ədavətimiz olmayıb”.
Rasim Əliyevlə birgə həbs olunan Əli Hüseynov vaxtı ilə Əliyevlərin Südçülük sovxozundakı evində yaşayıb: “Dedilər bir adam ev axtarır. Evi ona bir qəpiksiz yaşamağa verdik. Əlinin özü sonralar orada 2 sot torpaq aldı, ev tikib yaşadı. Böyük yük maşını sürürdü, qəzaya düşdü. Harda işlədi, nə işlə məşğul olduğu barədə heç bir məlumatımız olmayıb. Əli bizə aradabir gəlib-gedirdi. Hərdən ”opilka” gətirirdi”.

“Qara paltarlı adamlar axtarışa başladılar, ancaq…”

Növbəti ünvan Əli Hüseynovun evi idi. Çox çək-çevirdən sonra onun yaşadığı mənzili tapdıq. Yaxınlıqda yaşayan sakinlərdən Əli haqda soruşmaq istəyəndə dabanalarına tüpürüb qaçdılar.
Balaca bir evə sığınan 4 nəfərlik ailənin kiçiyi Rəsul bizi görən kimi qaçdı. Adının belə hallanmasından qorxan qaynana danışmaq üçün nəvəsini – Əlinin 4-cü sinifdə oxuyan qızı Nərminəni göstərdi. Qızcığaz isə atası haqda bunları deyə bildi: “Yanvarın 9-da atama zəng elədilər. O harasa getdi, axşam qayıtmadı. Biz evdə oturmuşduq, bir də gördük qara paltarlı adamlar gəldilər, axtarışa başladılar. Dedilər evdə nəsə var, ancaq heç nə tapmadılar”.
Əlinin qaynanası ilə söhbətimiz heç bir halda baş tutmadı, qızının restoranların birində qabyuyan işlədiyini söylədi.
Nə Əli Hüseynovun həyat yoldaşı, nə də Rasim Əliyevə dövlət tərəfindən tutulmuş vəkil Gülarə Əliyeva bizimlə danışmaq istədi.

***

MTN “terrorçuları” həbs etdi, biz isə onların ailəsi ilə söhbət etdik. Hər iki evdə olanda TERROR iyini hiss etmədik…

Ramin DEKO