Əli Ömərov indiki həmkarlarını qeyri- peşəkarlıqda ittiham etdi
Keçmiş baş prokuror Əli Ömərov prokurorluğun ünvanına növbəti ittihamlarla çıxış edib. “Şərq” qəzetinə müsahibəsində Ə.Ömərov hazırda prokurorluq orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığını söyləyib. Peşəkarların azalması və təqsirkarların cəzaya layiq görülməməsinin ciddi tendensiya olduğunu deyən keçmiş baş prokuror qeyd edib ki, hər hansı bir şəxs qanun pozuntusu törədərsə və ona cəza verilməzsə, bu tendensiya get-getə artacaq:
“Bu, aksiomadır. Əgər bir rayonda bir cinayət işi açılmırsa və soruşan yoxdursa, niyə açılmır və buna görə heç kimə cəza verilmirsə, belə hallar get-gedə artacaq. Təsəvvür edin ki, mən maraqlanmışam, hüquq-mühafizə orqanlarında elə idarələr var ki, orda 180-200-ə qədər iş var, hansı ki, onun istintaq müddəti illərlə ölçülür. Soruşan yoxdur ki, a bala, cinayət işinin istintaq müddəti üç aydır, uzaqbaşı altı ay, lap baş prokurorun səlahiyyəti çərçivəsində doqquz ay ərzində aparmaq olar. Daha illərlə istintaq olmaz axı. Ya xətm olunmalıdır, ya cinayətkar müəyyən olunmadığına görə dayandırılmalıdır. Konkret də deyilməlidir ki, cinayətkar məlum olmadığına görə cinayət işi dayandırılıb. Yoxsa, bunu istintaq sirri kimi camaata sırımaq düzgün deyil”.
Jurnalist Rafiq Tağının qətli ilə bağlı aparılan istintaq hərəkətlərinə də toxunan Ə.Ömərov vurğulayıb ki, jurnalistin qətlinin açılmasının bu qədər çətinləşdirilməsi anlaşılmır. Ə.Ömərovun fikrincə, cinayətin açılmamasına səbəb sadəcə istəyin olmamasıdır: “Mənim təcrübəmdə açılmayan cinayət işi olmayıb. Rafiq Tağıya qarşı törədilən cinayəti açmaq çox asan bir iş idi. Sadəcə olaraq peşəkarcasına, isti izlərlə istintaq aparmaq lazım gəlirdi. Cinayətin açılmasında maraqlı olmaq lazımdır. Belə görünür ki, cinayətin açılmasında maraqlı olan şəxslər yoxdur”.
Bundan başqa, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun cinayət işi ilə də bağlı fikirlərini bölüşən Ə.Ömərov söyləyib ki, cinayət işində xeyli uyğunsuzluqlar var. Bu baxımdan Ə.Ömərov hesab edir ki, Gürcüstan vətəndaşının E.Hüseynovu qətlə yetirilməsində hansı maraqlarının olduğu açıqlanmayıb: “Qəzetdən oxuyuram ki, onu Gürcüstan vətəndaşı Xubanov öldürüb. Bax, Xubanovla Elmarın nə əlaqəsi var idi? Hansı səbəbə görə öldürüb? Xubanov hara, Elmar hara? Gürcüstan vətəndaşı hara, Elmar hara? Əgər Xubanov öldürübsə, kimin sifarişi ilə öldürüb, onu aşkar etmək lazım idi. Xubanovun yeri məlum, Gürcüstanda. Bizim Gürcüstanla müqaviləmiz var, Xubanovu gətirib danışdırmaq lazım idi ki, balam, sən niyə öldürmüsən bu kişini. Kimin sifarişi ilə öldürmüsən? Təəssüf ki, Xubanov orda başıaçıq gəzir, biz də deyirik onu Gürcüstan vətəndaşı öldürüb”.
Baş Prokurorluqdan səslənən ittihamlara münasibət öyrənməyə çalışdıq. Amma iş günü olmadığından mətbuat xidmətindən bildirdilər ki, sualımıza bir gün sonra cavab ala bilərik.
Hikmət