Xaraba Gilanın yeni tapıntıları

Qədim şəhərin sirlərini açan Rəsul dərəsi

Ordubad rayonunun Xaraba Gilan şəhər yeri ərazisində yerləşən Gilan türbəsi Azərbaycan memarlığının gözəl nümunələri sırasına daxildir. Türbə yerli əhali tərəfindən 1979 – cu ildə təsadüfən aşkar edilmişdir.
Abidə iri bir təpənin yamacında yerləşir. Quruluşca Marağa şəhərindəki Qırmızı Günbəd türbəsinə bənzəyən türbənin üst qülləsi dağılmış, sərdabəsi isə yaxşı qalmışdır.
Gilan sərdabəsində türbənin tikilmə tarixini bildirən kitabə qalmamışdır. Ancaq onun əsas elementləri XII əsrdə Mərkəzi Azərbaycan şəhərlərində tikilmiş bürcvari türbələrin memarlıq bəzəyi və materialları ilə uyğundur. Bütün bu xüsusiyyətləri nəzərə alan mütəxəssislər türbəni XII yüzilin sonlarında inşa edildiyini söyləyirlər.
Bu abidə haqqında artıq bir dəfə yazmışıq. Amma 2009-cu ildə Xaraba-Gilan arxeoloji ekspedisiyasının ikinci dəstəsi ərazidə daha yeni tapıntılar aşkara çıxarıb. Rəsul dərəsi adlanan bu sahə Sumbatan yaşayış yerinin bir hissəsidir. Dərə Sumbatan dağı ilə Dəyirman dağı və Hidayət diki arasında yerləşir və onun şərq tərəfindən Yaycı arxı keçir. Yaycı arxı Sumbatan dağmı Rəsul dərəsindən ayırdığına görə bu abidələr ayrı-ayrı qeydə alınmışdır.
Rəsul dərəsinin ərazisi 6 ha-ya yaxındır. Dərənin hər tərəfində gil qab qırıqları və daş alətlərdən ibarət yerüstü materiallar tapılıb.
Keçən əsrin 80-ci illərində Xaraba-Gilan arxeoloji ekspedisiyası Rəsul dərəsinin mərkəzində, kənd qəbiristanlığına yaxın ərazidə kəşfiyyat xarakterli qazıntı aparmış və nəticədə yaşayış evlərinin qalıqları aşkar edilmişdi. Yaşayış evləri divarlarının özülü və yer səthindən bir qədər yuxarı hissəsi daşdan, ondan yuxarı hissəsi isə çiy kərpicdən hörülmüşdü. Qazıntı zamanı əldə edilən tapıntılar tikililərin antik dövrün sonu və ilk orta əsrlərə aid olduğunu göstərirdi.
Dərənin mərkəzinə yaxın olan qazıntı sahəsində iki yaşayış kompleksinə məxsus tikililər aşkar edilmişdir. Bunlar əsasən sahəsi müxtəlif olan yaşayış evlərinin, məişət və təsərrüfat təyinatlı tikililərin qalıqlarından ibarətdir. Divarlar dağ daşı və palçıq məhlulu ilə işlənmişdir. Şərq tərəfdən bu divara eni 50-70 sm olan divarlar işlənməklə dörd otaq salınmışdır. Bu otaqlardan ən böyüyü cənub tərəfdə yerləşir, sahəsi 18 kv. m-ə yaxındır. Ondan şimal tərəfə sahəsi 6,5 kv. m olan daha bir otaq yerləşir. Otağın həcmi onun ev əşyalarının saxlandığı anbar olduğunu ehtimal etməyə əsas verir. Bu otaqdan şimala tərəf daha bir otaq olmuşdur.
Qazıntı zamanı ən çox daş töküntüsü sahənin şimal-qərb küncündən təmizlənsə də burada yalnız iki divarın fundament daşlarının bir neçəsi yerində aşkar edilib. Daş qalağının böyüklüyü daşların təkcə bu divarlardan deyil, başqa divarlardan da sökülmüş daşların buraya töküldüyünü göstərir. Daşların arasında kül və kömür qırıqlarının, iri həcmli təsərrüfat küplərinin, başqa gil qab fraqmentlərinin koma-koma aşkar edilməsi bütün bunların yaxınlığındakı başqa bir ev dağıntıya məruz qaldıqdan sonra oradan qazılaraq buraya töküldüyünü ehtimal etməyə əsas verir.
Ümumiyyətlə, yaşayış evlərinin dərənin mərkəzinə tərəf olan hissələrinin sel suları tərəfindən tamamilə yuyulub dağılması onlar arasında əlaqənin, yolların necə olduğunu tam müəyyən etməyə imkan vermir. Hələlik onu qeyd etmək mümkündür ki, evlər arasında müştərək divarlar olmuşdur. Evlər çox sıx yerləşmişdir, həyətlərin olub-olmamasını müəyyən etmək çətindir.
Dəyirman dağının ətəyində
Ikinci qazıntı sahəsi Dəyirman dağının ətəyində yerləşir. Yer üstündə heç bir tikinti əlaməti izlənmirdi, 20-25 sm dərinlikdə divar qalıqları aşkar edildi. Dağ daşı və palçıq məhlulu ilə işlənmiş bu divarlar, otaqları dördbucaqlı plan-da işlənmiş yaşayış evinə aiddir. Yaşayış evinin ən azı bir dəfə bərpa olunduğu açıq-aydın izlənir. Belə ki, ikinci otağın şimal divarındakı qapı yeri daşla işlənərək tutulmuşdur. Otağın döşəməsi torpaqdır. 8-10 sm dərinlikdə kül və kömür qırıqları aşkar edilir. Lakin divarların ətrafında aşkar edilmiş çiy kərpiclər vaxtilə bu yaşayış evinin ikinci mərtəbəsinin olduğunu söyləməyə əsas verir. Bu fikri ikinci otağın cənub-qərb küncündə işlənmiş pilləkən də sübut edir. Qapı yeri də məhz ikinci mərtəbə işlənərkən tutulmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu ənənə, yəni, ikinci mərtəbə tikilərkən alt mərtəbənin qapısının tutularaq oraya giriş yolunun ikinci mərtəbədəki otağın döşəməsindən açılması ənənəsi Plovdağın son tunc dövrünə aid yaşayış evlərində də aşkar edilmişdi. Yaşayış evlərinin bu şəkildə “qapalı” tikilməsini V.M.Sısoyev Xaraba-Gilan yaxınlığındakı Kələntərdizə kəndinin XIX əsrdə tikilmiş yaşayış evlərini təsvir edərkən diqqəti çəkir və bunun tez-tez baş verən hücumlardan qorunmaq məqsədilə müdafiə xarakteri daşıdığını göstərir. Beləliklə, yaşayış evlərinin tikinti ənənəsinin min illərlə davam etdiyini görürük. Lakin bizim fikrimizcə alt mərtəbələrin qapalı tikilməsinin əsas səbəbi, burada saxlanılan ərzaq məhsullarının daha yaxşı qorunması olmuşdur. Otağın qapalı olması onların oğrulardan qorunmasını, eyni zamanda sabit temperaturda yaxşı saxlanmasını təmin edirdi. Bu ənənə XX əsrin sonlarına qədər davam etmişdir və belə evlər indi də qalmaqdadır. Xalq arasında bu otaqlar “alt ev” və ya “alt otaq” adlanır.
Qazıntı sahəsi məhdud olduğundan yaşayış evi kompleksi tam açılmamışdır, ona görə də təsərrüfat və məişət tikililərinin yaşayış otaqları ilə əlaqəsi hələlik müəyyən edilməmişdir. Bu tikililər kompleksin şərq tərəfində yerləşir. Belə ki, ikinci otaqdan şimal tərəfdə və kompleksin qərb tərəfində divar qalıqları izlənmədi. Kompleksin cənub tərəfi dağın zirvəsinə tərəfdir və burada torpağın tamlığı pozulmamışdır. Kompleksdən şərq tərəfdə isə divar qalıqları davam edir və kompleksə aid müxtəlif təyinatlı tikililərin burada olması ehtimalı böyükdür.
Qazmtı sahəsinin ən maraqlı yeri birinci otağın cənub-qərb küncü və ona yaxın hissədir. Burada iri həcmli təsərrüfat küpünün qalıqları, dübək daşı, dördbucaq formalı ortası oyulmuş məsaməli daş, dən daşının bir hissəsi və müxtəlif keramika qalıqları aşkar edildi. Aşkar etdiyimiz tikinti kompleksi özündən əvvəlki tikililərin xarabalıqları üzərində salınmışdır. Əvvəlki dövrün tikililərinin qalıqları qazıntı sahəsinin qərb tərəfində iki yerdə aşkar olundu. Biri aşkar edilmiş materiallara yaxın yarımdairəvi formada işlənmiş otağa aiddir. Bu divar Rəsul dərəsi tikililərinin hələlik aşkar edilmiş ən qədim dövrünə aiddir. Qeyd edək ki, eyni vəziyyətə Sumbatan dağının üzərində aparılan qazıntılarda da rast gəlinir. Lakin orada ən üst təbəqədə qəbir abidələri yerləşir.
Qablar və alətlər nə deyir?
Rəsul dərəsi yaşayış yerində aşkar edilən tapıntılar içərisində çeşidinə, formasına və naxışına görə zəngin keramika nümunələri diqqəti cəlb edir. Bunlar, əsasən, qara, çəhrayı və boz gilli qablara məxsus fraqmentlərdir. Çəhrayı gilli qablar az qarışıqsız olub keyfiyyətli bişirilmişdir. Qara gilli qabların tərkibinə qum və ovulmuş qarğa duzu qatılmış, bəziləri (süfrə qabları) yaxşı, bəziləri isə (qazan və cölməklər) orta keyfiyyətdə bişirilmişdir. Boz gilli qablar azlıq təşkil edir, gili, əsasən, qarışıqsızdır, yaxşı bişirilmişdir. Suyun hopmaması və qabın tez sıradan çıxmaması üçün bəzi qabların üzəri yaxşı şüyrələnmiş, əksər qabların üstü isə qara, qırmızı, boz və qəhvəyi rəngli anqobla örtülmüşdür. Qırmızı və çəhrayı anqobdan ən çox çəhrayı gilli süfrə qablarında istifadə olunmuşdur. Bunlar, əsasən, kasa, piyalə, boşqab, vaza və s. qablardır. Kasalar yarımsferik gövdəli, düz və ya dabanlı oturacaqlı olub qısa bortu vardır və ağzının kənarı getdikcə sivriləşir. Boşqablar oxşar formalı olub, yaylım gövdəli və ən çox düz oturacaqlıdırlar, ağızlarının kənarında iki deşiyi olan, üfüqi vəziyyətdə qövs şəklində qulpa oxşar çıxıntı (rudiment) vardır. Belə deşikli çıxıntılara ən çox e.ə. VIII-VI əsrlərə aid Muncuqlutəpə nekropolu boşqablarında rast gəlinir.
Vazaların yuxarı hissəsi boşqablara oxşasa da onların petləyə oxşar qulpu, hündür dabanlı və ya aşağıya doğru genişlənən silindrik formalı oturacaqları vardır. Gövdə hissələri ya qırmızı anqobla örtülmüş, ya da çəhrayı anqob üzərindən qırmızı və ya qəhvəyi boya ilə həndəsi ornamentlərlə naxışlanmışdır. Naxışlar içərisində enli zolaqlarla salınmış üçbucaqlara daha çox rast gəlinir. Üçbucaq naxışlara qara gilli qabların da üzərində təsadüf edilir. Lakin bu qablarda naxış 2-3 mm enində oval ucluqlu alətlə cızma üsulu ilə salınmışdır. Qara gilli qabların üzərində şaquli zolaqlardan ibarət şüyrə naxışlı nümunələrə də rast gəlinir.
Əldə edilən daş alətlər dən daşlarından, dübəyin alt və üst daşlarından, daş baltalardan, daş qablardan və bir ədəd daş qəlibdən ibarətdir.
Qəhvəyi rəngli, üzərində ətrafı ağ zolaqlı, ortasında tünd rəngli, nöqtəli boz dairələri olan daş diqqəti cəlb edir. Daş uzun müddət əldə gəzdirildiyin-dən hamarlanmışdır, nə məqsədlə istifadə olunduğunu müəyyən etmək çətindir.
Rəsul dərəsində aparılan arxeoloji qazıntıların mühüm əhəmiyyəti vardır. Bu qazıntılar Sumbatan dağında aparılan qazıntıları tamamlamaqla Gilançay vadisinin e.ə. I minilliyə aid yaşayış evləri, müdafiə tikililəri və dini xarakterli tikililəri haqqında çox dəyərli bilgilər verir.
Məlumdur ki, Xaraba-Gilan arxeoloji ekspedisiyası keçən əsrin 80-ci illərindən indiyədək e.ə. I minilliyə aid Xalı-Keşan, Dəlmə, Mərdan gölü və Muncuqlu təpə kimi nekropolları kompleks şəkildə tədqiq etsə də, bu nekropolların yaşayış yerləri hələlik aşkar edilməmişdir. Sumbatan dağında və Rəsul dərəsində aparılan arxeoloci tədqiqat işlərinin nəticələri bu çatışmamazlığı aradan qaldırır, ilk dəmir dövrü və antik dövr abidələrini kompleks şəkildə öyrənməyə imkan verir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir