«Paşam, bizim Türk milletinde kardeş kardeşe borc vermez. Kardeş her zaman kardeşin elinden tutar»
(Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə yazdığı məktubdan)
…Və daha sonralar ölməz Atatürk də, “borclu” qalmamış, qardaş Azərbaycanla Türkiyənin, eyni zamanda da dahiyanə şəkildə, gələcəyə hesablanmış Türk birliyinin “təməlqoyma mərasiminə” start vermişdir. Ömrünün son aylarında Iran hökumətindən, Naxçıvanla Türkiyəni ayıran torpaqları pulla satın aldı. Bunun nə demək olduğunu düşünürəm, izah etməyə ehtiyac yoxdur.
…Hazırda Türkiyə ilə münasibətlərimzdə olduca həssas bir dövrdə yaşayırıq. Bəri başdan deyək ki, bu hər iki ölkənin iqtidarları arasında yaşanır. Hətta Əbülfəz Elçibəy-Süleyman Dəmirəl münasibətlərində bəzi çatların olduğunu, gec də olsa öyrəndik. Türkiyənin 9-cu cumhurbaşkanı kanallardan birinin canlı efirində qonaq olan zaman onun proqrama qatılan mərhum prezidentimizlə kəskin polemikaya girməsi, yəqin ki, xatirələrdən silinməyib.
Fransa parlamentinin, qondarma “erməni soyqırımı” ilə bağlı, qəbul etdiyi qərarlarla bağlı, Azərbaycan prezidentinin bu günədək münasibət bildirməməsi, qardaş ölkədə haqlı narazılığa səbəb olub. Haqlı tələbdir, Türkiyə Azərbaycan-Ermənistan münaqişəsində birmənalı şəkildə, qardaş ölkənin tərəfindədir.
Ana müxalifət və cəmiyyətimizin ən müxtəlif təbəqələri də Fransanın bu ədalətsizliyini qətiyyətlə pisləyir. Bəri başdan deyək ki, bu iki qardaş xalqın birliyi əbədidir, heç bir iqtidar və ya müxalifət bu birliyi poza bilməz, nə də cəsarət edib “biz dost deyilik” deyə bilməz.
Lakin hazırda Azərbaycan iqtidarı buna cəsarət etməsə də, etiraf edək ki, bu məsələdə qeyri-müəyyənlik davam etməkdədir. Səbəb, nədir buna görəsən?
Fikrimcə, əsas səbəb, AKP iqtidarının Azərbaycandakı bir çox proseslərə, bu günə qədər, YAP-ın prizmasından baxmasıdır. Milli Məclisə son seçkilər zamanı hakim partiyadan olan deputat qrupunun bəyanatı hər kəsin yadındadır. Başda Mövlud Çavuşoğlu olmaqla nümayəndə heyəti bu seçkinin hətta Avropaya belə (?) örnək ola biləcəyini bəyan etdilər.
Bu təqdimatı Mozambik və Sudandan gəlmiş nümayəndə heyəti etsə idi, biz əsla təəccüblənməzdik, bunu öz ölkələrində seçki sandığından çıxan, həqiqətən də xalqın seçdiyi Türkiyə Böyük Millət Məclisinin nümayəndələri deyirdilər…
Seçmək-seçilmək kimi ən doğal hüquqları əlindən alınmış qardaş xalqa bunu yapmamaq gərəkirdi. Bütün Avropa rəsmiləri, eləcə də ABŞ, ən yüksək səviyyədə Azərbaycan iqtidarını, insan haqlarına hörmət etməyə, zindanlarda çürütdüyü vicdan məhbuslarını dərhal azad etməyə çağırır. Türkiyə rəsmilərindən dostyana, nazik şəkildə, belə bir tələbdə bulunan yoxdur, əksinə, bəzən elə təriflər eşidirik ki, onları heç iqtidar nümayəndələri belə söyləməyi özlərinə rəva görmürlər. Təkcə qardaş ölkənin rəsmilərimi?..
Türkiyənin bir nömrəli kanalı sayılan TRT-1 kanalının Bakı bürosu əməkdaşlarının bir hərəkəti mənə Çavuşoğlu və onun kompaniyasının seçki “qəhrəmanlıqlarını” az qala unutduracaqdı…
Bakının Nuru Paşa başçılıq etdiyi Türk Islam Ordusu tərəfindən azad edilməsinin ildönümü münasibəti ilə Milli Məclisin bir xanım deputatından müsahibə almaq üçün Şəhidlər xiyabanındakı TÜRK ŞƏHIDLIYINƏ gələn, TRT ekibi, orada minlərlə Ictimai Palata üzvlərinin anım mərasiminin şahidi oldular. Və bu möhtəşəm görüntünü lentə almaq üçün hazırlaşmağa başlayanda xanım deputat amiranə şəkildə kameraları maşına qoymağı tələb etdi. Əmrə müntəzir (!) TRT əməkdaşları sakitcə deyilənə əməl edərək kameraları ilə birlikdə maşına oturdular və gözləməyə başladılar…
Müqəddəs savaş üçün canlarını qurban verən türk əsgərlərinin ruhuna sayğsızlığı, Türkiyənin birinci kanalına heç yaraşdırmadım. Ən azı bu kadrların tarix üçün çəkilməsi, bu “türksevər” xanım millət vəkili üçün izah (!) edilməliydi. Beləcə, qardaş ölkədə xoş qarşılanacaq bu kadrlar adi bir qısqanclığın qurbanı oldu…
Səmimi şəkildə bəyan edirəm ki, iqtidar qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyini ortaya qoysaydı bu yazını bəlkə də yazmazdım. Çünki qəti əminəm ki, çox yaxında Azərbaycan demokratyaya mərhəba deyəcək, bu iradlar, inciklik də unudulacaq. Biz axı bir millətik, belə kiçik məsələlər olub, var və könül istərdi ki, heç olmasın.
Böyük Atatürkün bitib-tükənməyən Azərbaycan sevgisinin izharında olduğu kimi: “Azəri türklərinin dərdləri kəndi dərdimiz, sevinclərinin ise kəndi sevincimiz olduğu kimi, onların muradlarına nail olmaları, hür və bağımsız olaraq yaşamaları, bizi həddindən çox sevindirir…”.