İsa Qəmbərdən hakimiyyətə tutarlı cavab

«20 yanvar cinayətinin Azərbaycan Xalq Hərəkatı liderlərinin üzərinə atılması siyasi əxlaqsızlıqdır»

«Hakimiyyət hansı qüvvədən çəkinibsə, hadisələrin məsuliyyətini də o qüvvənin üzərinə yıxmağa çalışıb»

«20 yanvarda Bakıya qoşun yeritmək və dinc əhaliyə atəş açmaq haqqında qərar verən AXC deyildi, Moskva idi»

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRI rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi. Bu vəhşi əməliyyat SSRI Müdafiə Nazirliyi, DIN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və “Zərbə” adlanırdı. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRI DTK-nın təxribat qrupları oynayırdı.
Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb. Qeyd edək ki, bu il rəsmi təbliğatda faciənin əsas günahkarları kimi keçmiş SSSR-nin rəhbərləri, əsasən prezident Mixail Qorbaçovun adı çəkilir. Eyni zamanda respublikanın o zamankı rəhbərliyinin ünvanına tənqidlər azalıb. Əgər əvvəlki illərdə faciənin əsas günahkarlarından biri kimi o vaxtlar Nazirlər Sovetinin sədri postunu tutan və faciədən sonra respublikada birinci şəxs olan Ayaz Mütəllibov göstərilirdisə, hazırda bu barədə danışılmır.    
Ola bilsin ki, bu, Mütəllibovun “reablitasiyası” ilə bağlıdır. Ötən ilin yayında oğlunun dəfninə gələn  Mütəllibov eks-prezidentlər haqqında qanunun qüvvəyə minməsi ilə çoxillik mühacirətdən birdəfəlik qayıda bilər.
Moskvada yaşayan Mütəllibov faciənin 22-ci ildönümü ərəfəsində yanvar hadisələrinə görə məsuliyyəti o zamankı SSRI rəhbərliyinin üzərinə qoyub. Qeyd edək ki, keçmiş SSRI və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.  
1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb:  94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma). Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi.  Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSSR-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşdü. Eyni zamanda Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarıldı.
Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yaydı ki, ilkin istintaq aparan SSRI Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və işi bağlayıb. Iş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.
Qeyd edək ki, Azərbaycanın müxalifət nümayəndələri vaxtaşırı bəyan edirlər ki, yanvar faciəsində günahkar olanlar indi də hakimiyyətdədir. Əsasən qeyd olunur ki, qoşunların  gətirilməsi xahişilə Moskvaya göndərilən teleqramları o zamankı baş nazirin müavini, indiki baş nazir Artur Rasizadə imzalayıb.
Builki rəsmi təbliğatda fərqli çalarlardan biri də yanvar faciəsinə görə AXC-nin günahlandırılmasıdır. “Yeni Azərbaycan” qəzetinin son sayında dərc olunan “20 yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” başlıqlı yazıda deputat Fəzail Ağamalı və politoloq Cümşüd Nuriyev Azərbaycan Xalq Cəbhəsinin ünvanına ittihamlar yağdırıblar. F.Ağamalı bildirib ki, 20 yanvar faciəsinin törədilməsində AXC Idarə Heyətinə daxil olan şəxslərin bilavasitə iştirakı olub və onlar xalqı qırğına yönəldiblər. Məqsəd isə hakimiyyətə gəlmək olub: “Xalq Cəbhəsi radikallara və liberallara bölünmüşdü. Bunun nəticəsi olaraq indiki Prezident Administrasiyasının qarşısında keçirilən mitinqləri Xalq Cəbhəsi rəhbərliyi deyil, DTK-nın agentləri idarə edirdi. Onlar isə xalqı meydana çıxarıb onun qarşısından çəkildilər”.
Cümşüd Nuriyev isə bildirib ki, 20 yanvar faciəsinin miqyasının bu qədər geniş olmasının məsuliyyəti birmənalı olaraq AXC-nin üzərindədir: “20 yanvar faciəsi günündə qətlə yetirilən insanların arasında bir nəfər də olsun AXC Idarə Heyətinin üzvü yox idi. Amma onlar hər zaman xalqın önündə olduqlarını deyirdilər. Öndə idilərsə niyə onlara heç nə olmayıb?”.
Müsavat başqanı, AXC-nin o vaxtkı Idarə Heyətinin üzvü Isa Qəmbər Xalq Cəbhəsinin ünvanına bu cür əxlaqsız ittihamlar səsləndirilməsindən təəssüfləndiyini bildirib: “Imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi 20 yanvar cinayəti hər kəsə gün kimi aydındır. Bu cinayətdə Azərbaycandakı kommunist hakimiyyətinin də məsuliyyəti var. Indi bunun Azərbaycan Xalq Hərəkatı liderlərinin üzərinə atılması siyasi əxlaqsızlıqdır. Bu, sırf konyunkturadan gələn bir şeydir. Mövcud hakimiyyət hər zaman hansı qüvvədən çəkinibsə, hadisələrin məsuliyyətini o qüvvənin üzərinə yıxmağa çalışıb. 90-cı il yanvarın 21-dən 22-nə keçən gecən Xalq Cəbhəsi rəhbərliyinin qərarı, AXC üzvlərinin fədakarlığı ilə Ali Sovetin sessiyasının keçirilməsinə nail olundu. Orada bir sıra tarixi qərarlar qəbul olunmuşdu. Eyni zamanda faciəni araşdırmaq üçün komissiya yaradılmışdı. Həmin komissiya kifayət qədər səmərəli fəaliyyət göstərmişdi. 91-ci ilin yanvarında parlamentdə komissiyanın hesabatı müzakirə olunurdu. Parlament bu hadisələrlə bağlı qərar qəbul etməli idi. Komissiyanın hesabatı obyektiv qərarlar vermək üçün yararlı olduğu halda, hakimiyyətdəki qüvvənin istəyi ilə oradan, tutaq ki, Qorbaçovun, Mütəllibovun adı çıxarılırdı, Vəzirov ittiham olunurdu. Heydər Əliyev hakimiyyətdə olanda – 94-cü ilin martında yanvar hadisələri ilə bağlı uzun müzakirələr getdi və qərarlar qəbul olundu. Həmin qərarlarda Vəzirov yaddan çıxarıldı və əsas hədəf Mütəllibov oldu. Qorbaçov hakimiyyətdə olmadığı üçün bu dəfə onun adını əsas günahkar kimi göstərdilər. Primakovun adını siyahıdan çıxardılar. Halbuki 91-ci ilin yanvarında Primakovun adının ora daxil edilməsinə nail ola bilmişdik. Bu da maraqlıdır ki, Mütəllibov dönəmində Xalq Cəbhəsi rəhbərliyinə hücum edərkən Etibarın, Rəhimin, Nemətin və başqalarının adı çəkilirdi. Indiki hakimiyyət isə Tofiq Qasımovun, Leyla Yunusun, mənim adımı çəkir. Bu, sırf siyasi konyunkturadan yaranan məntiqsiz, əsassız bir yanaşmadır”.
I.Qəmbər bildirir ki, 20 yanvar hadisələrinə öncədən də qiymət veriblər və bu qiymət bu gün də dəyişməz olaraq qalır: “Bu cinayəti Imperiya rəhbərliyi törətmişdi. Imperiyanın Azərbaycandakı canişinləri də bu cinayətə görə bilavasitə məsuliyyət daşıyırdılar. Bu həqiqəti dəyişmək mümkün deyil. Azərbaycana ərazi iddiasını AXC yox, Ermənistan qaldırıb. Azərbaycandan Qarabağı qopardıb Ermənistana vermək istəyən AXC yox, Moskva hakimiyyəti idi. Bu xəyanətkar siyasətdə dolayısı yolla iştiraka razı olan, çarəni yalnız Moskvadan gözləyən Azərbaycan Kommunist rəhbərliyi idi, AXC yox. 20 yanvarda Bakıya qoşun yeritmək və dinc əhaliyə atəş açmaq haqqında qərar verən AXC deyildi, Moskva idi. Bütün tarixi faktlar çox açıq şəkildə ortada olduğu halda, indiki hakimiyyətin nümayəndələrinin və məddahlarının bizləri ittiham etməyə qalxması məntiqsizlikdir, həqiqətə ziddir və siyasi əxlaqsızlıqdır”.

Gültəkin