Rubinin Bakı razılaşması İranı qəzəbləndirəcək

Fuad Qəhrəmanlı: «ABŞ-la Azərbaycandan gələn son mesaja Iranın sərt reaksiyası gözləniləndir»

ABŞ dövlət katibinin müavini Erik Rubinin Azərbaycana səfərinin məqsədi aydınlaşdı. Ölkəni tərk etməmişdən öncə keçirdiyi mətbuat konfransında E.Rubin bildirib ki, görüşlərdə əsas müzakirə predmeti təhlükəsizlik və Iran ətrafındakı durum olub. ABŞ diplomatı onu da etiraf edib ki, Azərbaycan rəhbərliyi bu məsələdə ABŞ-ın yanında olduğunu vurğulayıb. Bu açıqlamanın kifayət qədər ciddi danışıqlara əsaslanaraq verildiyi şübhə doğurmur. Amma narahat doğuran məqamlardan biri odur ki, Azərbaycan bir qayda olaraq beynəlxalq səviyyədə verdiyi vədlərdən yayınır və həlledici məqamda onlara riayət etmir. Amma artıq əvvəlki kimi qeyri-müəyyənlik içində var-gəl edən mövqe nümayiş etdirməyən Azərbaycan konkret münasibət açıqlayıb. Azərbaycanın bu cür yanaşmasına Iranın da biganə qalmayacağı və sərt reaksiya verəcəyi gözləniləndir.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bildirdi ki, hələlik danışıqların nəticəsi olaraq Azərbaycanla ABŞ-ın konkret olaraq hansı məsələlərdə anlaşdığı açıqlanmır. Məsələyə iki kontekstdən yanaşmanın tərəfdarı olan F.Qəhrəmanlı vurğuladı ki, birinci məqam ondan ibarətdir ki, Azərbaycan ABŞ-a Irana qarşı mübarizədə sanksiyalara qoşulmaqla dəstək verə bilər. Amma Azərbaycanın ABŞ-a məhz bu yöndən kömək edəcəyi inandırıcı görünmür. Çünki Azərbaycanın yaxın qonşusu olan Iranla, xüsusilə indiki məqamda münasibətləri gərginləşdirmək istəməyəcək. Ikinci məqama gəlincə, F.Qəhrəmanlı hesab edir ki, Azərbaycan mümkün gözlənilən əməliyyatlar zamanı ərazisindən kəşfiyyat xarakterli addımlar üçün istifadəsinə icazə verə bilər. Azərbaycan bundan başqa Irana qısamüddətli əməliyyatlar zamanı komunikasiya dəstəyi verə bilər: “Azərbaycan belə düşünə bilər ki, Irana qısamüddətli əməliyyatlar zamanı onun ABŞ-a göstərdiyi komunikasiya dəstəyi Tehranın qəzəbinə tuş gəlməyə bilər. Amma bu, qeyri-müəyyən yanaşmadır. Belə görünür ki, Azərbaycan hakimiyyəti Iranda hərbi əməliyyatların başlanmasını real saymır. Ona görə Azərbaycan qeyri-müəyyən, mücərrəd gələcəyə hesablanmış əməkdaşlıq mövqeyi təklif edir”.
Azərbaycanın ümumiyyətlə, ciddi regional məsələlərin həllində etibarlı tərəfdaş kimi güvənməyə ehtiyac duymadığını deyən F.Qəhrəmanlı vurğuladı ki, ABŞ da bunu gözəl başa düşür. Sadəcə olaraq Azərbaycanın indiki halda bu prosesdə iştirakı ilə bağlı mesaj sırf siyasi xarakter daşıyır. Amma Iranla bağlı məsələdə ABŞ-ın Azərbaycana hər hansı ciddi rol ayıracağı inandırıcı deyil.
E.Rubinin verdiyi açıqlamanın Iran tərəfindən növbəti əsəbi reaksiya ilə müşahidə olunacağını düşünən F.Qəhrəmanlı bildirdi ki, son zamanlar Irandan bəyanatların intensivləşməsi onu göstərir ki, Tehran Azərbaycanın ona qarşı təcrid siyasətində yer alacağından narahatdır. Ona görə ABŞ-la Azərbaycandan gələn son mesaca da Iranın sərt reaksiyası gözləniləndir.

Xəyal