“Özgürlük kadar güzel, sevgi kadar özgür…”

Bu misralar ünlü Türk sənətçisi Sezen Aksuya məxsusdur. Daha doğrusu, onun “Qərənfil” adlı mahnısının sözləridir. 20 Yanvar gününə ithaf olunmuş kimi, qərənfilin göz yaşlarına “dur” deyəcək kimi səslənir şəhidləri andığımız hər ildönüm zamanı bu mahnı qulaqlarımda. Bu torpaqlarda yaşayan insanların azadlıq mücadiləsiylə yenidən açan, böyük bir qəhrəmanlıq hekayətinin simvoluna çevrilən qərənfil. Bakının gözəl bir yaz günündə iki sevgilinin görüşünə şahid olan və sonra o şaxtalı qış gecəsində onların məzarlarına göz yaşı kimi düşən qərənfil. O gün küçələri qan rənginə boyanan şəhərə qıpqırmızı yağmur kimi yağan qərənfil. Sənin bir günahın yox ki…
Bir zaman sevənlərin çiçəyiydin. Indi həm sevginin, həm azadlığın, həm də ölməzliyin çiçəyi oldun… Gülçülər tez-tez insanlarımızın artıq qərənfili yalnız şəhid gülü kimi gördüklərindən, onu yalnız matəm günləri üçün seçdiklərindən şikayətçi. Gerçəkdən, bu, bir yanlış düşüncə deyilmi?.. Şəhidlik “vətən eşqi məktəbində can verən” insanların Haqq qarşısında sevgi adına qazana biləcəyi ən yüksək mərtəbədir. O gecə bizim çoxumuzu ölümdən bir an, bir iynə ucu boyda məsafə, çox kiçik bir təsadüf ayırmışdı. Çoxumuza “keşkə” dedirdən, şəhidliyin, ölümsüzlüyün də hər kəsin taleyinə düşən bir səadət olmadığına inandıran o gecə həyat tamam başqa bir rəng aldı.

Bir sessiz çığlık gibi,
Kırmızı, masum, narin,
Bu ürkek, bu al duruş,
Söyle, neden bu vazgeçiş,
Ne oldu ümitlerine,
Bu ne keder, bu ne iç çekiş?..
Qərənfil kimi məsum bir çiçəyin o günün simvoluna çevrilməsi təsadüf idimi? Bəlkə də yox. Çünki 20 Yanvar məsumluğun, insanlığın amansızlıqla güllələndiyi bir gün idi. Onun simvolu qərənfil kimi çiçəkdən başqa nə ola bilərdi ki…
20 Yanvar hər kəsin yaddaşının ən oyaq nöqtəsinə yazılı qalan bir tarixdir. O gündən hər birimizin xatirində unudulmaz nəsə var. Bəlkə o qanlı günün ardınca Bakının ən uca yerində açılan şəhid məzarlığında gördüyümüz balaca Ilqarın oyuncaqları, bəlkə məktəbli Larisanin yarımçıq dərs dəftərləri, bəlkə də Ilhamla Fərizənin toy fotoşəkilləri?..
20 Yanvar Azərbaycan xalqının azadlıq himninin yazıldığı gün, həm də bir başlanğıc idi. O tarixin ardınca işğalçı imperiyanın bu torpaqlardan həmişəlik qovulacağı gün gəlirdi. Bu xalqın müstəqillik erası, üçrəngli bayrağın göylərə çəkiləcəyi gün gəlirdi. Bakı tarix boyunca çox önəmli hadisələrin şahidi olub. Bakı uzaq zamanlardan bəri inqilab paytaxtı, etiraz şəhəri olub. Bakının küçələri əsrlər uzunu nə böyük savaşlar, nə qanlı hadisələr görüb. Amma Bakı heç bir zaman 20 yanvar qədər tarixdə fərqlilik yaradan, zamanı dəyişən, bir millət üçün belə yeni bir yol açan gün olmayıb.
Azərbaycan düz 22 ildir o günlə əsası qoyulan bir yolun izindədir. Bir xalq üçün ən çətin, ən şərəfli və ən önəmli yoldur bu. Insan azadlığının bütün dəyərlərdən öncə gəldiyini göstərən, daha gözəl, daha sonsuz üfüqlərə aparan bir yol. Insanlıq tarixinə söz yazdıran, imza atan, ad qoyan yol. “Özgürlük kadar güzel, sevgi kadar özgür” bir yol…