Mən dünyaya gələn günü…

Mahal İsmayıloğlu mahal57@mail.ru

Sinə boyda qar yağıbmış və bu dünyanın bəndələri də bütün rüzgarlara sinə gərib yaşamaq qəsdindəymiş. Anam ocaq çatıb, sac külləyib öz külfəti üçün çörək bişirirmiş. Elə 11-ci kündəni sacın odunda qızarmağa qoyanda, 12-ci kündəyə bərəkət naxışı vuranda dönə-dönə onu sınağa çəkən ağrı canını bürüyüb. Böyük bacıma deyib ki, ocağın odunu qoru, qalanını sən urvalayıb kündələ… Heç oddan ocağa çatmağa da heyi qalmayıb… Kürəyini qar tarına söykəyib… Dümağ dünyanın duruluğuna taleyi, qisməti bəlli olmayan, dumandan sıyrılıb çıxan yol yolçusu kimi bir uşaq gəlib…

Mən doğulan eldə iki rəng varıydı: ağ-qara. Kənd özü də iki rəngin qovuşuğunda yaşayırdı. Dörd tayfa da iki rəngə bürünüb min illəriydi ki, yol gəlirdi: Ağmollalı, Qaramollalı, Ağdəstələr, Qaradəstələr. “Ağı” “qarasına” qız verib, oğul evləndirib qohum olurdular. Əsən yellərin, o yellərin qəzəbini bölən dağların da iki adı var idi: Ağ yel, Qara yel; Ağ dağ, Qara dağ… O dağların nəfsi sınağa çəkən buz bulaqları, ləçəyi qız dodağından həya eyləyən gülü-çiçəyi varıydı… Adamı heyrəti önündə heykələ dönürdü ki, Qara yellərlə sınağa çəkilən, Ağ yellərdən ruzu-bərəkət uman o ellərdə yaşıl yelənli, gül baftalı yaylaqların, dağların günahını düzlərə yuyub aparan çayların, qılınc tiyəsi kimi göyə sancılan zirvələrin adı yöndəminə yaraşıq idi: Gülü düzü, Yengə bulağı, Güngörməz dağı… Bir də adı bəxtiqaralarla ortaq olan – Qısırdağ… Dörd həndəvərində, ətəyindən bircə bulaq süzülmədiyindən bu ad o boyda dağı urvatsız eləmişdi…
Hə, bir də mənim ağlaya-ağlaya dünyaya gəlişim təzə xəbərə dönən gün evlərə işıq çəkilirmiş. Atam da kənd sovet sədri olduğundan işıq çəkənlərin üstündə göz gözətçiliyi eləyirmiş. On bir uşağıyla muştuluqlanan kişiyə on ikincinin gəlişini xəbər verirlər. İşıq çəkənlər də deyirlər ki, gəlin elə bu səbəbdən ilk işığı elə sizin evdə yandıraq. İlk elektrik lampası göz qamaşdıranda hamı ona tamaşa eləməyə yığışıbmış. Kimsənin yadına da düşməyib ki, bu dünyadan öz payını almağa gələn körpəyə görə gözaydınlığı versinlər. Min illər boyu çıraq odunda biri-birinə dərd ortağı olanların indi bu işıqda taleyi qaranlıq bir Allah bəndəsimi yadınamı düşürdü…
* * *
Bir gün bəxtimizə düşən qara ağı üstələdi. Onda mən doqquz yaşın bələnini təzə aşırdım. Həmişə gülüşü, gülən gözü ilə üstümüzə gün işığı salan anam qəfildən boynubükük bənövşəyə döndü, şeh giləsi düşən gül ləçəyinə oxşayan gözləri üzümüzdə gəzirdi. Atam onu ölümün əlindən almaq üçün İrəvana aparırdı… Yaş sırasına düzülüb anamızın boynuna sarıldıq. Anam əllərini Tanrı dağlarına sarı uzadıb imdad dilədi: “Sizə tapşırıram balalarımı, a dağlar! Salamat qalın! Anası dağlar olanın, balası ağlar qalmaz!”
Zəhmi ilə şıltaqlığımıza çəpər olan atam dönüb-dəyişmişdi, həm də ana yükünü çəkmək qəsdindəydi. Heç xəbəri də yoxuydu ki, əvvəlki kimi qapıdan girəndə dilimizdən çıxan sözü udmağımızın əvəzində onun bizə göstərdiyi həlimlik köz yanığına oxşayırdı. Tanrım mənim, atanın həm də ana olmaq istəyi nə böyük müsibət imiş! Yenə istəyirdim ki, bacılarımın başına yığışan qonşu qızlar qəfil qaraltıdan diksinən kəklik sürüsü kimi diksinib, dağılışsınlar. Qonşu gəlinlər baş-başa verib dillərindəki giley düyününü kəlmə-kəlmə açanda atamı görüb sussunlar, yamşaqlanıb, baxışlarını yerə diksinlər. O, belə olanda gözümdə daha böyük görsənirdi… Heç xəbəri də yoxuydu ki, beləcə həm də ana olmağa səmt götürəndə özü də sanılı günlər yaşayırmış. Anamdan ayrılığa beşcə ay dözdü…
Hamının gözü bizim üzümüzdə gəzirdi; pıçıltı ilə deyilən sözlər Qara yelin soyuq nəfəsi kimiydi: “Bu bir çətən külfətin axırı necə olacaq!” Kimsəni kövrəltməyə ürək eləmədik ki, anam bizi dağlara tapşırıb…
Bax elə o vaxtdan bir uğur, qismət dalınca gedəndə ziyarət yerim yol ayrıcındakı o qoşa qəbir oldu. Beş il bundan əvvəl bizi didərgin salsa da, anama-atama qoynunda yer verən dağların görüşünə getmişdim. Evimizdə qalan erməniyə kəndimizi dövrələyən dağları göstərdim: “O dağın adı nədir? Bəs o dağın?..” Özü sual kimi büküldü: “Adı yoxdu”, – dedi. Tanrım, insan özündən qat-qat qüdrətli ucalığa ad qoymasa, qoynuna qısılıb yaşaya bilərmi? Adsız dağlar adsız-ünvansız insanla mehr-ülfət bağlayarmı?    
Sonra özüm ömür yoxuşunu qalxanda, heydən düşüb yorulanda, ata olanda kürəyimi o iki ağrıya söykəmişəm – insanın öz dərdindən savayı heç nə daha böyük müsibətlərdən qoruya bilmir.
* * *
Bir də gördük ki, üstümüzə saya salan, əli bərəkətdən üzülməyən, evin böyüyü yükünü çiyninə alan, bizi  arandan yaylağa daşıyan, gəlin haqqını qardaşa-bacıya qurban verən böyük bacımız başımızın üstündədi…
Qəddimiz kitabın üstə əyiləndə bizi qınayırdı, mala-heyvana ot-ələf vermədiyimizə görə deyinirdi. Gözümüz yarımçıq səhifələrdə qalırdı, əlimiz də yazın sazağında, qışın bıçaq kimi doğrayan soyuğunda donurdu…
Özümü tale adlı bir gur selin ixtiyarına vermişdim, məni istədiyi yönə çəkirdi. Məsləhətçim də içimdən gələn səsiydi. Dünyanın o başında, Vladivostok adlı bir şəhərdə əsgər oldum. Orada da ayağım torpağa dəyəndə sevinirdim, günlərlə, aylarla gözümün kökündəki nisgil dalğaların aramsız sırasında əriyirdi…
Əsgərlikdən gələn günü kimsə yoluma çıxmadı. Qapısı bağlı evin həyətində vurnuxanda qonşu dedi ki, açar zirzəmidə kötüyün altındadı… Elə bil yazın ilıq nəfəsi də içəri keçməmişdi, adamı çölə itələyən bir soyuqluq var idi evdə. Əsgərlikdən gələn günü bildim ki, bu dünyanın da bir sehri var: boynuna sarılan qol və isti nəfəs…
İndi bu yaşa çatandan, atamdan-anamdan uzun ömür yaşayandan sonra da Uca Tanrıya üz tutub deyirəm: sən mənə yol ver – qalanı sənlik deyil. Yolçu yolu yenəndə içindəki inama və imana söykənir…
55 illik ömür yolu qaçaraq sətirlərə sığışmır. Universiteti bitirəndən sonra iki il İrəvanda “Sovet Ermənistanı” qəzetində işlədim. Bir-iki gün redaksiyada gün keçirəndə elə bil divarlar üstümə yeriyirdi. Bu torpağın dağlarına, düzlərinə, çaylarına, bulaqlarına verdiyi adla möhür  vuran insanlarla mehr-ülfət bağladım, ellərimizi, obalarımızı qarış-qarış gəzdim, o yerlərdəki 217 saftürk kəndlərində yaşayışdan halı oldum, sazla-sözlə düyün açan insanların süfrəsində çörək kəsdim, ağrı-acılarından yazdım… İndi az qala 30 il əvvəlki bloknotları vərəqləyəndə canımdan bir sızıltı keçir… Göyçə gölünün ləpədöyənində mürgülü gecə keçirmişəm, Qirxqız yaylağına qalxmışam, Yastı bulağın suyunu içmişəm, Maymağın ətri adamın huşunu başından alan qaymağını yemişəm, Canbaxçanın gəlin buxağı kimi dümağ almasını dadmışam… Bu qədər nemətə qovuşandan sonra necə deyim ki, dilim gileylidi və dünyanın malında da gözüm var…
* * *
İşdən çıxandan sonra daim həndəvərimdə olan dostlar-tanışlar qəfildən qeybə çəkildilər. Dünyanın ən böyük sualı ilə üz-üzə qalmışdım: axı mən bütün müsibətlərin şahidi olmaqdan, nəfslə namus arasında sınağa çəkilməkdən bezmişdim. Məni qabaqda nə gözlədiyindən halı olmadan sevinirdim… Bəs dost dediklərimə nə oldu? Qapıları üzümə bağlandı, telefon zənglərim cavabsız qaldı… 55-i haqlayanda ürək isindirdiyim, söz söykəci sandığım bircə dostum da yoxdu…
İki dəfə ürəyim sinəmdə düyünləndi və hər dəfə də Tanrıdan bir az da yaşamaq möhləti dilədim… Üç dəfə həkimlər cərrah bıçağı ilə sinəmə sığmayan ürəyimin qılığına girdilər… İndi göyə bulud gəlməyindən, torpağa qar-yağış düşəcəyindən hamıdan tez – ürəyimin səsini dinşəyib xəbər tuturam.
Üstündən 10-15 il ötəndən sonra, tamahın daha amansızlıqla doğru sözün qəsdinə durduğu, haramın doymaq bilməyən nəfsi ilə dişini qıcayıb üstümüzə yeridiyi bir vaxtda fəxr və qürur hissi ilə deyirəm: onda şərlə ağır savaşa qatıldığı günlərdə “Azadlıq” və “Yeni Müsavat” qəzetləri üçün əlimdən gələn köməyi əsirgəmədim…
Bizi doğru sözü demək haqqının ucalığında qərarlaşdıran böyük ustad Nəcəf Nəcəfov ölümlə son savaşa gedəndə də sayılı köməyimi əsirgəmədim.
On il sonra Tanrıdan bir az da yaşamaq üçün ömür borcu alanda, sonuncu dəfə həkimlərdən imdad diləyəndə əllərim qohum-qardaş köməyinə uzalı qalmışdı…
İndi də 55-i haqlamışam. Onun da az qala 40 ilini sözün namusunu qorumağa xərcləmişəm…