«Yeni Azərbaycan» qəzeti Ərdoğana yaxın mətbu orqanı erməni maraqlarına xidmət etməkdə suçladı
YAP-ın rəsmi orqanı “Yeni Azərbaycan” qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxın olan “Yeni Şafak” qəzetinin ünvanına sərt ittihamlar səsləndirib.
“Heç bir dövlətin, xarici qüvvənin, yaxud da münasibətləri daxildən sarsıtmağa çalışan ”Yeni Şafak” kimi erməni maraqlarına xidmət edən qərəzli KIV-lərin fəaliyyəti Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əbədiliyini şübhə altına ala bilməz”, – deyə “Yeni Azərbaycan”ın dünənki sayında bildirilir.
YAP-ın orqanı həmçinin “Yeni Şafak”ı təxribatçılıqda ittiham edib: “Qardaş ölkədə nəşr edilən ”Yeni Şafak” qəzetinin sərgilədiyi qərəzli mövqeyi, ona açıqlama verən bəzi Türkiyə millət vəkillərinin qeyri-obyektiv fikirləri dərin təəssüf hissi doğurur. Belə ki, bəhs edilən media orqanının yaydığı informasiyalar reallığı əks etdirmir və tamamilə təxribatçı xarakter daşıyır”.
Xatırladaq ki, “Yeni Şafak” qəzeti saxta erməni soyqırımı iddiası ilə bağlı Fransa Senatının gündəliyinə salınan anti-türk qanununa susqun yanaşdıqları üçün Ilham Əliyevi və onun xanımı Mehriban Əliyevanı sərt tənqid etmişdi.
Informasiya şöbəsi


