B.e.ə. 409-cu ilin Facebook meydanı
Azərbaycanın dərdləri, gələcəyimizlə bağlı ictimai düşüncələrimiz, gənclərə bağladığımız ümidlər birdən-birə yenidən Sokratı yada salır. Afina məhkəməsi barəsində ölüm hökmü çıxaran zaman Sokrata qarşı rəsmi ittihamlardan biri də “gəncləri pozmaq” idi. Bu, olduqca maraqlı bir nüansdır.
Sokratın “ölüm işi” hay-küylü müasir məhkəmə çəkişmələrindən gərgin və əhatəli bir proses idi. Afinanın hakim zümrəsinin ittiham etdiyi, digərlərinin isə müdafiə etmədiyi Sokratın “gəncləri pozmaqda” günahlandırılması məhkəmənin siyasi xarakterini, Sokratın eyni zamanda siyasi qətlə məruz qaldığını göstərir. Baxmayaraq ki, qədim Afina məhkəməsindəki ədalət çəkişməsi Azərbaycan məhkəmələrində olduğundan daha çox məhkəmə adına yaraşan idi, amma yenə də Sokrat siyasi basqılı ittihamın qurbanı oldu. Düzdür, Hegel deyirdi ki, Sokrat məhkəmənin və ittihamın üstünə getməklə ölümdən qurtulmağa özü imkan vermədi. Sokrat isə sadəcə ittihamları ələ saldı, rədd etdi, bizim siyasi məhbusların söylədiyi nitqlər kimi həqiqət dolu çıxışlar etdi.
Qədim Afina məhkəməsində şagirdləri, çoxlu sayda Afina vətəndaşları və hakimlər qarşısında söylədiyi nitq isə Platonun “Sokratın apologiyası” ilə tarixdə qaldı və bəşər tarixinin ən möhtəşəm çıxışlarından sayılır. Ölüm hökmündən sonrakı nitqində isə belə demişdi: « Sizlər elə hesab etməyin ki, mən sizləri öz tərəfimə çəkməyə sözlər tapa bilmədiyim üçün mühakimə olundum, yaxud cəzadan yayınmaq naminə hər şeyi danışmağı və etməyi münasib bilsəydim, bunu edə bilməzdim. Heç də belə deyil. Bəli, məndə çatışmayanlar vardı və doğrudan da, məndə təkcə sözlər yox, aşağılıq və həyasızlıq, inləmək, ağlamaq və yalvarışlar, hələ çox şərəfsizliklər, üstəlik, sizlərə xoş gəlmək üçün, əksər hallarda, başqalarından eşitməyə adət etdiyiniz sözləri demək arzusu çatışmırdı. Mən ölüm təhlükəsi qarşısında da müti bir şey etmək istəmədim və indi də bundan peşmançılıq çəkmirəm. Mən ölməyi daha üstün tuturam, nəinki başqa cür müdafiə olunmağı.»
Prosesin təşkilatçısı hakim zümrəni təmsil edən Anit idi. Kifayət qədər varlı (dəri emalatxanası sahibi idi) siyasətçi olan Anitin bu niyyəti başqa siyasi həmfikirləri tərəfindən dəstəklənirdi. Çünki Sokrat hakim zümrə haqqında çox tənqidi fikirlər söyləyirdi. Onun əlindən boğaza yığılmışdılar. Ona qarşı hələ çoxdan plan hazırlayırdılar. Sokratı aradan götürməyin asan olması üçün onlar ünlü komediyaçı Aristofana filosofu gözdən salan, onun qanunsuz və ziyanlı işlərlə məşğul olmasını göstərən bir komediya yazmağı sifariş verdilər. Həmin əsər tamaşaya qoyulduqdan sonra böyük uğur qazandı. Elian həmin tamaşa üçün kasıb komediyaçıya Anit tərəfindən pul verildiyini də yazır.
Aristofanın etdikləri ona pis təsir etsə də, Sokrat işini davam etdirirdi, dayanmırdı. Xüsusən də onun gəncləri öz tərəfinə çəkməsi hakim zümrəni çox narahat edirdi. Işə bax ki, hətta Anitin də oğlu Sokratın söhbətlərinin vurğunu idi. Atasının dəri biznesinə maraq göstərmir, işdən yayınıb gənclərin məclisinə gedirdi. Məclisin ortasında isə həmişə ayaqyalın və dombagöz qoca Sokrat dayanırdı. O dövr üçün Sokratın söhbətləri, şəhər meydanlarındakı çıxışı əsl Facebook rolunu oynayırdı.
Hegel deyirdi ki, afinalılar Sokratın köhnə həyatı hansı yolla darmadağın etdiyini anlamışdılar. Ittihamçılar adından çıxış edən Melet də Sokratı daha çox gəncləri pozmaqda ittiham etdi. Sokrat isə onu suala çəkdi: “Bəs kimlər afinalı gəncləri yaxşı yola çəkir?”
Məhkəmənin məğzi burada açıldı. Melet dedi ki, Sokratdan başqa bütün afinalılar gənclərə yaxşı yol göstərir. Sokratın edam edilməsi də daha çox gəncləri məyus etdi. Sevimli şagirdi gənc Platon isə heç vidalaşmağa da gələ bilməmişdi. Qızdırma işində sayıqlayırdı.

Gəncləri pozmaq
•