«Gilan Holdinq» «xruşovka»lara hücum çəkib insanları evlərindən didərgin salır
«Kompensasiya hər kvadrat metr üçün 1500 manatdır, bu pulla şəhərin mərkəzində ev almaq mümkün deyil»
Iki il öncə alimlərin yaşadığı metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospektində yerləşən binanın bütün sakinləri zor gücünə də olsa köçürülmüşdü. Elə o vaxt bu məsələ böyük səs-küyə səbəb olduğundan hökumət müəyyən məsələdə geri çəkilmək məcburiyyətində qaldı. Və alimlərə orta təmirli ev verdi. Elə o zmaan söz-söhbət gəzirdi ki, sözügedən ünvanın yaxınlığında yerləşən beş mərtəbəli bina da söküləcək. Üstündən xeyli zaman ötdü və deyilənlər öz təsdiqini tapdı.
Irəli sürülən iki şərt
Alimlərin binasının yerində hündür mərtəbəli bina tikilir. Ağır tonnajlı yük maşınlarının vurduğu ziyan, yaratdığı səs-küy insanların yuxusuna haram qatıb. Elə o vaxt Fövqəladə hallar naziri Kəmaləddin Heydərov alimlərlə barışığa gələndə yaxınlıqdakı binanın sakinləri də evlərindən çıxmaq istədilər. Ancaq bazar qiymətlərinə uyğun kompensasiya almaq şərti ilə. O zaman sakinlərə konkret bir şey deyilmədi. Sadəcə bildirildi ki, bu məsələ diqqətdə saxlanılacaq. Çünki insanlar indiki yaşayış yerlərindən razı deyillər, axı yaxınlıqdakı tikilinin gətirdiyi fəsadlar göz önündədir. Nəhayət, sakinlər öz arzularına çatdı, ancaq…
Artıq bir neçə gündür ki, vətəndaşlara qeyri-rəsmi xəbərdarlıq edilib. Onlara tezliklə evlərini tərk etmələri barədə məlumat verilib. Sakinlər isə bununla razı deyillər. Vətəndaşlar rəsmi surətdə bildirişin gəlməsini, dövlət səviyyəsində bu məsələnin həll olunmasının tərəfdarıdırlar.
“Biz o vaxtı alimlərin evləri söküləndə özümüz məsələ qaldırdıq ki, bizi də buradan köçürün. Çünki tikiləcək binanın bizə xeyri yox, ziyanı dəyəcək. O vaxt bizə məhəl qoymadılar. Indi anlayıblar ki, bizi köçürmək lazımdır. Ancaq bu bizə sərf etmir. Artıq tikili başa çatmaq üzrədir. Bu iki ildə bütün zülmlərə qatlaşdıq. Nəyimizə lazımdır binanı tərk etmək. Şəhərin mərkəzindəyik. Bizi ”Qış bulvarı”nda, “Neftçilər prospektində”, “Bayraq meydanı”nda olduğu kimi şəhərin kənarına köçürməyi planlaşdırırlar. Bu, heç kimə sərf etmir. Ya bazar qiymətlərinə uyğun kompensasiya verilsin, ya da bizi indiki mənzilimizin sahəsi qədər təmirli evlə təmin etsinlər. Əks halda heç bir şərtlə razı deyilik. Onların verdikləri kompensasiya hər kvadrat metr üçün 1500 manatdır. Bu pulla şəhərin mərkəzində ev almaq mümkün deyil. Yaxınlıqdakı binada təmirsiz ev almaq üçün hər kvadratına 3 min dollar ödəməlisən. Biz niyə 1500 manatla razılşıb evimizdən çıxmalıyıq?” – deyə, sakinlər narazılıqlarını ifadə edirlər.
Burada hər bir şəraiti özlərinin yaratdıqlarını söyləyən vətəndaşlar artıq bütün çətinliklərdən qurtulduqlarını söyləyirlər: “Özümüzə kiçik də olsa bağça salmışıq. Qarajımız var, bir-iki aya bina tikilib qurtarandan sonra səs-küy də olmayacaq. Bizə belə də rahatdır”.
Bir neçəsi artıq razı salınıb
5 mərtəbəli, 4 bloklu binada 60 mənzil var. Bundan əlavə artırmalarla hər blokda iki obyekt də tikilib. Obyekt sahiblərinə də qeyri-ixtiyarı məlumat verilib ki, mənzillə təmin olunacaqlar. Ancaq onlar veriləcək mənzili qəbul etmirlər. Çünki bu şərt sahibkarları qəbul etmir: “Bizə mənzil yox, obyekt lazımdır. Obyekt işlədib pul qazanıb, evimizə çörək aparırıq. Obyekt sahibləri dükanlarına külli miqdarda xərc çəkiblər. Indi bizi buradan çıxartmaqla müflis etmək istəyirlər” – sahibkarlar deyirlər.
Bizimlə söhbət edən dükan sahibləri iki halda binanı tərk edə bilərlər: “Ya bizə şəhərin mərkəzində obyekt versinlər, ya da qoyduğumuz xərcləri hesablayıb pulumzuu qaytarsınlar. Çünki burada yaşayanları başqa ünavana köçürəndə o, şəhərin mərkəzindən kənarda olacaq. Şəhərin mərkəzində obyekt almaq bizə sərf etmir. Orada alver getmir. Heç kim də bizdən obyektimizi kirayə götürməz. Şəhərin mərkəzində tikilən binalarda sakinlərə ev verilərsə, birinci mərtəbədəki obyektlər də öncədən satılmış olur. Yəni bütün hallarda bu bizə sərf etmir. Yaxşı olar ki, halallıq yoluyla bizi razı salsınlar”.
Sözügedən binanın yuxarı mərtəbələrindəki mənzillər artıq boşaldılıb. Bu o mənzillərdir ki, alimlərin binasının yerində ucaldılan tikili ilə arasında on metr məsafə belə, yoxdur. Deyilənlərə görə, mənzillərini tərk edən sakinlər razılığa gəliblər. Yerdə qalanlar isə bu cür ayrı-seçkiliyi qəbul etmirlər.
Bu binanı da “fövqəlnazir” Kəmaləddin Heydərovun kurasiyasında olan “Gilan Holdinq” şirkəti ələ keçirmək niyyətindədir. Məlumatlara görə, burada da göydələn tikiləcək.
Allahına şükür edənlər
“Hamıya gün kimi aydındır ki, bu ölkədə ”yuxarı”ların razılığı olmadan kimsə daşı-daş üstünə qoya bilməz. Indi bizə qeyri-rəsmi deyirlər ki, kompensasiya olmayacaq. Axı bu ölkədə insanların haqqını kimsə tanımalıdır? Biz hamımız Azərbaycan vətəndaşıyıq. Heç kəs başqa ölkədən, ya da yad planetdən gəlməyib” – deyə, sakinlər etirazlarını bildirirlər.
Əksəriyyəti binadan köçməyin tərəfdarı olmadığı halda Allahına şükür edib hər şeylə barışanlar da tapılır. Adını deməyən bina sakini artıq məsələnin həll olunduğunu bildirir. Onun sözlərinə görə, tez bir zamanda məsələ müsbət həllini tapacaq: “Hər şey qaydasındadır. Heç bir səs-küyə səbəb yoxdur. Burada dövlət iş görür və heç vaxt razı olmaz ki, kimsə evindən narazı köçsün”.
“Düzdür, bina indi sökülməyəcək. Çünki söküntüyə başlasalar ”Avroviziya-2012″ musiqi yarışmasına qədər işləri yekunlaşdıra bilməzlər. Çox güman ki, musiqi yarışmasından sonra məsələyə baxacaqlar. Ancaq bəzi işlərə indidən start verilib”.
***
Bəli, sakinlər əminliklə deyirlər ki, binaları sökülsə, bu, “Avroviziya-2012″dən sonra olacaq. Məlumatın dəqiqliyini yoxlamayıblar, ancaq özlərindən çox razı görünürlər. Ola bilsin, bu, onlara yuxu kimi gəlsin. Ancaq bəzən yuxular çin olur, yaddan çıxarmayaq…
Ramin DEKO