Çovqunlu hava Şəhidləri izdihamla ziyarətə mane olmadı
20 yanvar faciəsinin 22-ci ildönümü münasibəti ilə Şəhidlər Xiyabanı dünən yenə də kütləvi ziyarət olundu
Saat 14 radələrində Ictimai Palatanın lider və tərəfdarları da Parlament prospektinin başlanğıcında toplanıb Xiyabana doğru yürüş etdilər. Hava şəraitinin son dərəcə əlverişsiz, soyuq olmasına baxmayaraq, IP-nin yürüş kalonunda bu çağa kimi heç zaman olmayan qədər insan var idi.
Yürüş dinc şəraitdə baş tutdu. Polislər ötənilki qabalığı bu dəfə, deyəsən, özlərinə rəva bilmədilər. Xatırladaq ki, 2011-ci ilin 20 yanvarında polislər müxalifət liderlərinə qarşı kobud rəftar etmişdilər, bu hadisə qısa müddətli olsa da, qarşıdurma yaratmışdı.
Yürüş şəhidlərin əbədi xatirəsinə ehtiram olaraq IP adından hazırlanmış çələngi Xiyabandakı əbədi məşəlin önünə qoymaqla başa çatdı. Müsavat başqanı Isa Qəmbər, AXCP sədri Əli Kərimli qısa fikirlərlə şəhidləri andılar.
Builki 20 Yanvar ziyarətinə “Gənclərin Hüquqlarını Müdafiə” qrupu da ayrıca kalonla yollandılar. Yürüş kalonuna şəhid ailələri və onların yaxınları da qatılmışdı. Gənclər sinələrinə son vaxtlar cəbhə bölgəsində şəhid olan hərbçilərimizin də fotolarını taxmışdılar. Yürüş zamanı gənclər himni ifa etdilər. Daha sonra onlar “Şəhidlər ölməz, Vətən bölünməz!!!” şüarlarını səsləndirdilər.
***
Qara Yanvar və ya 20 Yanvar faciəsi – sovet rejiminin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanunsuz olaraq ordu hissələrini Bakı şəhərinə yeritməsi nəticəsində çox sayda dinc əhalinin qırılması ilə nəticələnmişdi. Hücum Qarabağ uğrunda və azadlıq istəyi ilə ayağa qalxan Xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmişdi. Bu qanlı aksiya nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu.
Natiq
Fotolar müəllifindir