20 Yanvar da öz dövrünün 2 Apreli idi…

Hücum edənlər fərqli olsa da, Azadlıq istəyənlər eyni idi

O zaman da azərbaycanlılar dinc şəkildə etiraz etmək üçün küçələrə çıxmışdı. Azadlıq istəyirdilər. Ədalətli cəmiyyətdə yaşamaq arzulayırdılar. Xalq öz iradəsi ilə hakimiyyətini qurmaq niyyətində idi. Bütövlüyünü və müstəqilliyini təmin etməyə çalışırdı. Qarabağı tələb edirdi. Amma nə baş verdi?  Özünü dünyanın ən ədalətli ölkəsi sayan dövlət tankla-qoşunla hücum edib dinc insanları əzdi, öldürdü, küçələrdən qovdu. Başqa sözlə, o qanlı hücumlar insanların ifadə azadlığına, toplaşma hüququna basqın idi. Yəni, xalqı susdurmaq idi. Bunun arxasında imperiya niyyətləri də vardı. Ayrı mətləblər də ola bilərdi, amma baş verənlər bütün hallarda dövlətin öz vətəndaşlarını zor gücü ilə susdurmaqdan ibarət idi.
2 aprel 2011-ci ildə baş verənlər də elə bu deyilmi? Sadəcə, ölüm halları olmayıb. Amma azadlıq istəyən, ədalət və inkişaf tələb edən, Qarabağ arzulayan vətəndaşlar döyüldü, söyüldü, zindanlara atıldı. Yenə də insanların ifadə azadlığı, toplaşma hüququ tapdandı. Yenə də xalq susduruldu.
1990-cı ildə bəhanə üçün deyirdilər ki, Bakıda insanlar ictimai asayişə hücum və təcavüz edir, dağıntı və basqınlar var. 2011-ci ildə də dedilər ki, insanlar ictimai asayişi pozub, şüşələri qırıb, başqalarının mülkünü dağıdıblar.
Təzadlı odur ki, indi Azərbaycan xalqını əzənlər 20 Yanvarda Şəhidlər Xiyabanına gedib əklil qoyurlar. Indi özünüz deyin, şəhidlərin dili olsa, durub deməzdilərmi ki, “Biz sizlərin bu xalqa zülm etməsi üçünmü öldük?”
Bəli, o insanlar bu günlər üçün ölmədi. Onlar azad bir məmləkət üçün öldülər. Onlar Azərbaycanın Rusiyadan ayrılması üçün də çalışırdılar. Amma bilsəydilər ki, indi bir çoxları Azərbaycanın SSRI-dən ayrılmasına peşmançılığını açıq şəkildə dilə gətirməkdən çəkinmir, onda nə düşünərdilər? Onlar görsəydilər, müstəqil Azərbaycanın vətəndaşlarının nə qədəri çörək dalınca Rusiyanın bazarlarına axışır, bu ölkədə nələr baş verir, şübhəsiz, təəccüblənər və coşardılar.
“Vezirovskaya diktatura…”
Rusiyanın imperiya kimi bizi əzməsini anladıq – maraqlarını, hökmranlığını tankla, silahla qorumaq istəyirdi. Bəs tamah və maraqlarını qorumaq üçün heç bir zülmdən çəkinməyən Azərbaycan hakimiyyətində kimlərdir? Doğmalarmı, yadlarmı? Dostlarmı, düşmənlərmi?
1990-cı ildə 20 Yanvar qırğınından sonra Moskvada Azərbaycan Nümayəndəliyinin binasında Heydər Əliyevin iştirakı ilə bir tədbir keçirilmişdi. Istənilən adam o tədbiri əks etdirən videoçəkilişə “YouTube”da baxa bilər. Heydər Əliyev orada Azərbaycanın yerli hakimiyyətini də qınayır və belə bir kəlmə işlədir: “Vezirovskaya diktatura”.
Xalqın lağa qoyduğu, lətifələr qoşduğu, üstəlik, bəlkə də Azərbaycanın ən yumşaq rəhbəri olan Əbdürrəhman Vəzirov diktator olubsa, görün Heydər Əliyevin özünün qurduğu rejimin adı nədir. Görün indi Azərbaycanda hansı rejimdir.
Müstəqillik tək bu deyil…
Azərbaycanın müstəqil dövlət kimi arzu edilməsi onun dünyada suveren dövlət kimi tanınması ilə bitmirdi. 20 Yanvarda küçələrə çıxanlar yalnız bunu xəyal etmirdi. Onlar azad və demokratik bir rejimdə yaşamağı düşünürdülər. Onlar müstəqilliyi həm də vətəndaş azadlıqları üçün arzulayırdılar. Amma bu gün bir çox insanlar SSRI dövründə insanların daha yaxşı durumda olduğunu, daha ədalətli cəmiyyətdə yaşadıqlarını deyirlər. Çünki bizim o arzularımız yarımçıq qalıb. Bizə müstəqilliyi peşmançılıq kimi yaşadan bir rejimdən qurtula bilmirik. Dərd budur – “Aliyevskaya diktatura”.