«Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!»
«Ölümdən qorxmayan millətə ölüm yoxdur» – (Ş.M.Xiyabani)
Qanlı Yanvar hadisələrindən 22 il keçir. Iyirmi iki il bundan öncə 20 yanvar gecəsi köləliyə və mənfur işğalçılığa üsyan edən silahsız insanlar bir qəhrəmanlıq dastanı yazdılar. Xalqın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılan o gün əsrlər keçsə də, Azərbaycanın ən şərəfli qəhrəmanlıq səlnaməsi olaraq unudulmayacaq.
20 Yanvar bir xalqın istiqlal savaşı uğrunda gözünü qırpmadan qəbul etdiyi şəhidlik məktəbi idi. Şübhəsiz ki, keçən əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar da var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli qətliam idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq Insan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
“1990-cı ilin 20 Yanvarından bəri bu ildönümləri bir qayda olaraq yalnız hüzn kimi qeyd etmişik, o günü bir üzüntü ilə anmışıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə üzüntü ilə xatırlanacaq gün deyil. Həm də bizim üçün şan və şərəf günüdür, mənlik günüdür.
Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli heysiyyətimizdə doğan günəşin qızıl şəfəqlərini simvolizə edirdi. Vətəndaşımız o gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinə gərməyi və deməli, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bajardı. O hadisələr açıqca göstərdi ki, azərbaycanlılar özgürlük savaşına qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğrunda çarpışmaq əzminə sahibdir” (Sevinc Budaqova, tarix elmləri namizədi, dosent).
Heç şübhəsiz ki, bu hadisəyə adi bir matəm mərasimi olaraq baxan insanların yanaşmasında böyük yanlışlıq var. O gün həmin insanları zirehli tankların qarşısına kimsə zor gücünə çıxarmamışdı. O gün o meydana vətən və ləyaqət naminə şəhid olmağı könüllü qəbul edən insanlar toplanmışdı.
“20 Yanvar” hadisəsinin şahidi, həmin günlərdə fotoçəkilişlər aparan fotoqraf Tahir Cəfərov:
“Əslində 20 yanvar günü 1990-cı il 19 yanvardan başlayıb. Baxmayaraq ki, Bakıda komendat saatı elan olunmuşdu, mən fotokamera ilə küçələrdə çəkilişlər aparırdım. Şəhərdə patrullar gəzirdilər. Çalışırdım ki, onlar kameranı görməsinlər. Mən rus əsgərlərindən biri ilə söhbət etməyə çalışdım, lakin bu elə də asan məsələ deyildi. Onlar əlisilahlı, üzü tüklə örtülmüş, insanlıqdan kənar şəxslər idi. 19 yanvar idi, hələ axşam düşməmişdi. Avtomatlılardan birilə birtəhər danışa bildim. Onlar xüsusi hazırlanmış desantlar idi, Krasnodar tərəfdən idilər. Artıq 19-dan 20-nə keçən zaman atəş səsləri eşidilməyə başladı.
Bakıda ən dəhşətli mənzərələrdən biri indiki “20 Yanvar” metrosu yaxınlığında baş verdi. Orada meyitləri çəkəndə keçirdiyim hissləri heç sözlə demək olmaz. Çəkiliş apardığım zaman güllələr yanımdan vıyıldayıb keçirdi. O zaman qorxu hiss keçirmirdim.
Orada bir şəkil çəkmişdim, bu heç vaxt yadımdan çıxmayacaq. Əvvəlcə iki insan meyiti sandığım cənazələrin sonradan bir neçə insana məxsus olduğunu anladım. Bədənlər tanınmaz vəziyyətdə idi. Tankın altında əzilən cəsədlərdən 4 əl deyil, 6-7 əl görünürdü.
Mənimlə birgə bir çox çəkiliş aparanlar vardı. Vaxtilə “KVN” iştirakçısı olmuş Ənvər Mansurov da kamera ilə çəkiliş aparırdı. Onun atası məndən xahiş etdi ki, Ənvəri oradan çıxarım. Gördüm gəlmir, axırda Ənvərə dedim ki, atanı yaralayıblar. O inandı və məcbur olub evə qayıtdı.
Artıq 20 yanvarın səhəri əhali “Təzəpir” məscidinə şəhidlərini gətirirdi. Səhər tezdən təxminən 50-yə yaxın adamın meyitini tapdıq. Onların ailə üzvləri gəldi, lakin elə meyitlər vardı ki, sahibsiz qalmışdı”.
Yanvar şahidlərinin dedikləri…
Hadisə şahidi, II dərəcəli “20 Yanvar” əlili, “20 Yanvar” Cəmiyyətinin sədri Soltan Əzimzadə:
“Bir neçə gün öncədən qoşunların Bakıya gəlməsi haqqında məlumatlar vardı. Yanvarın 16-dan Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı ”Iskra” zavodunun qarşısında piket qurulmuşdu. Qoşunların şəhərə gəlməyinin qarşısını almaq istəyirdik. 4 gün növbəlilik əsasında piketlər davam etdi. 19-dan 20-nə keçən gecə qoşunların axşam saatlarında şəhərə girməsi gözlənilirdi. Tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi. Bir tank indiki 20 Yanvar (Suvorov) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. Insanların dağılması üçün bir zabit danışmaq istədi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı. 5-6 dəqiqəlik mübahisədən sonra tankdan başımızın üstündən qarşıdakı binaya atəş açdılar.
Hərbçilər adi əsgərlər deyildi. Çoxu Stavropol vilayətindən gəlmişdi. Camaat tankların qarşısında oturdu. Onlar bizə qaz bombaları (şaşkaları) atdılar. Ətrafı tüstü bürüdü. Qazdan boğulduğumuza görə yerimizdən qalxıb dağılışmaq istədik. Lakin hərbçilər bizə arxadan atəş açdı. Tbilisi prospektinə kimi silahsız onların qarşısını bir neçə dəfə alsaq da, artıq mənim kimi çoxu güllə ilə yaralanmış, bəziləri isə həlak olmuşdu. Mən qarın nahiyəsindən yaralandım. 21 ildir, güllələrdən biri hələ də bədənimdədir. Mən yaralanana qədər artıq bir neçə nəfərin öldüyünü gördüm. Sonra isə huşum özümdə olmadı”.
20 Yanvar şəhidi Ilham Allahverdiyevin qardaşı, hadisə şahidi Elxan Allahverdiyev:
“20 yanvar 1988-ci ildə xalq hərəkatının, müstəqillik uğrunda başlamış savaşın kluminasiya nöqtəsi idi. Yanvarın 18-dən Biləcəri yolu bağlanmışdı. Evimiz II Alatavada idi. 19 yanvarda hava çox soyuq idi. Camaat küçədə növbə çəkirdi. Biz Sovet ordusunda xidmət etmişdik deyə beynizimdə şanlı Sovet ordusu kimi ifadələr qalmışdı. Mən heç vaxt inanmazdım ki, qulluğunda durduğum Sovet ordusu öz süngüsünü, güllələrini xalqına qarşı çevirər. Amma yanılmışdıq. 19-dan 20-nə keçən gecə saat 1-ə işləmiş Biləcəri tərəfdən 20 yanvar istiqamətinə iki tank gəldi. Göyə 2 fişəng buraxdılar. Daha sonra 2 güllə atdılar. Yanımda oğlan dayanmışdı.
Gördük ki, tanklar maşınları əzib keçdilər.
Yanımda dayanan Vaqif adlı oğlanın qanı axırdı. Oradakı cavanlar başladılar hərbçilərə daş atmağa. Onlar da başladılar gülləborana. Ilham əvvəl yanımda olsa da, sonradan onu tapmadım. Mənə dedilər ki, Salyanski kazarma yaxınlığında tanklar camaatı yarıb keçib. Ora kömək lazımdır. Ona görə də Ilham və yanındakı adamlar ora gedib. Sonradan dedilər ki, əliyalın camaatla birgə Ilham keçmiş XXI Qızıl Ordu meydanında tanklarla qarşılaşıb. Ilham əllərini qaldıraraq tankların üstünə gedib və deyib: “Soldatı, ne vstrlyayte, lyudi bez orujii”. Amma onlar Ilhamı vurublar. Bir güllə onun ciyərinə dəyib və ciyərini parçalamışdı.
Mən o zaman əsgərlərə yaxınlaşıb dedim ki, atmayın. Oradakı desantlardan biri mənə dedi ki, “U nas prikaz”. Gözümün qabağında, indiki Alov zavodunun yanında 4 tank bir “VAZ 2106″ markalı maşını qovdu və ona çataraq əzdilər. Daha sonra həmin tanklar bizə tərəf atəş açdılar. Orada hündür binanın üstündən bir oğlan yanan butulkaları tankların üstünə atırdı. Oranı gülləboran etdilər.
Yanvarın 20-si səhər küçədə Ilhamı və digər uşaqları gözləyirdim. Yerdə oturmuşdum və demə mürgüləmişəm. Birdən qulağıma Ilhamın səsi gəldi. Tez durdum, Ilhamı soruşdum. Dedilər Ilham yoxdur. Sonradan öyrəndim ki, Ilham o anda xəstəxanada can verirmiş. Anamla birgə xəstəxanaya getdik. Qapının ağzında, stolun üstündə Ilhamın şərfini gördük. Həkim məni otağa çağırdı və Ilhamın həlak olduğunu dedi. Sonra mən anamı evə qoydum və getdim morqa. Otağa girən kimi ölü uzatmışdılar. Mən tez onu qucaqladım. Amma gördüm ki, onun bığı yoxdur. Diqqət yetirdim, gördüm ki, o deyil. Həmin insanın bud nahiyəsi yox idi. Sonra digər otağa girdim və Ilhamı gördüm (ağlayır). Qarnı kəsilmiş, bağırsaqları sallanırdı. Damcı-damcı qan sızırdı …
Əvvəlcə Ilhamı Xırdalandakı qəbiristanlıqda dəfn etdik. Sonradan onu Şəhidlər Xiyabanına köçürtdülər. Indi onun Xırdalandakı boş qalmış qəbrinin yerində oğlum Əjdər dəfn edilib. Ilham Əjdəri çox istəyirdi. Ona görə də o öləndə onu orada basdırdıq”.
Hər bir xalqın tarixi şanlı və qanlı səhifələrlə yazılır. Çox zaman azadlıq və istiqlaliyyət də qurbansız qazanılmır. 20 Yanvar xalqımızın belə şərəfli günlərindən biridir. Hər birimizin qürur duya biləcəyimiz şərəfli bir günü…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir