Obama ABŞ-ın yüzillik hədəfini açıqladı

“ABŞ yüz il bundan sonra da dünyanın super gücü mövqeyini qoruyacaq”

ABŞ prezidenti Barak Obama İngiltərədə yayımlanan dünyanın məşhur “The Time” jurnalına eksklüziv müsahibəsində maraqlı məqamlara toxunub. Ağ Ev rəhbəri müsahibəsində bildirib ki, son illər ABŞ-ın dünya siyasətində mövqeyi daha da güclənib. O, əvvəllər olduğu kimi, bu gün də ABŞ-sız qlobal problemlərin həllinin mümkün olmadığını söyləyib. Obama ABŞ-ın yüz il bundan sonra da dünyanın super gücü mövqeyini qoruyacağını deyib.

İranın nüvə proqramı və bu ölkənin dünyanın təhlükəsizliyinə təhdid yaratmasıyla bağlı sualı cavablandıran Barak Obama bildirib ki, ABŞ bütün səylərindən istifadə edərək Tehran rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcək. Ağ ev rəhbərinin sözlərinə görə, İran həssas bölgədə yerləşsə də ölkədaxili vəziyyət Tehranın ciddi və səmərəli qərarlar qəbul etməsinə maneələr yaradır. Buna baxmayaraq Vaşinqton İranın pozitiv qərarlar verməsi üçün bütün təzyiq vasitələrindən istifadə edəcək. Obama qeyd edib ki, bu strategiya ABŞ-ın maraqlarına uyğundur.

Ağ ev rəhbəri müsahibəsində ABŞ-ın əsas rəqiblərindən biri Çinin ünvanına da ismarıc yollayıb. Onun sözlərinə görə, Çin kifayət qədər güclü ölkədir və bunun üçün də ümumi qaydalara uyğun hərəkət etməlidir. Obama bildirib ki, beynəlxalq normaları şübhə altına almaq və onlardan kənar hərəkət etmək bütün dünyanın təhlükəsizliyi üçün ciddi maneələr yarada bilər.

Dünya liderləri ilə şəxsi münasibətlərinin səviyyəsiylə bağlı sualı cavablandıran ABŞ prezidenti bildirib ki, o, qısa müddət ərazində Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, İngiltərə hökumətinin başçısı Devid Kameron, Almaniya kansleri Angela Merkel, Cənubi Koreya prezidenti Li Men Bak və Hindistanın baş naziri Sinqxlə qarşılıqlı güvənli dostluq əlaqələri qurmağı bacarıb.

İnformasiya şöbəsi