İnqilab niyə olmur? Olacaqmı? (Ikinci yazı)

Bundan öncəki yazıda ölkəmizdə son illərdə baş vermiş çox ciddi ictimai-siyasi dəyişikliklər barədə qənaətlərimi bölüşmüşdüm. Yekun nəticə budur ki, ömrü uzandıqca cəmiyyətdə öldürücü ümidsizliyə səbəb olmuş, getdikcə güclənən, varlanan və daha çox adamın gözündə yıxılmaz görünən, hətta əbədilik duyğusu yaradan Əliyevlər hakimiyyətinin Azərbaycanda yaratdığı ölgün ictimai-siyasi ovqat bir neçə ildə ciddi şəkildə dəyişməyə başlayıb:

– yeni və etirazçı gənclik formalaşıb və sıraları güclənməkdədir;
– vətəndaş etirazları, narazılıqları artır, onların açıq şəkildə, hətta aksiyalarla ifadə edilməsi halları çoxalır.
Təhlilimiz zamanı yada saldıq ki, yuxarıda sadaladıqlarımız hələ ərəb inqilablarından əvvəlki prosesdir. Burada Azərbaycanın demokratik mübarizə ənənələrinin, yeni media və internetin rolu daha çox olub. Yəni “buzların əriməsi prosesi” bizim cəmiyyətin öz canından qopan istiləşmədir. Təbii ki, ərəb inqilabları inamı daha da artırdı. Rusiyada xalq etirazlarının meydana gəlməsi də bütün dünyada başlayan bənzər proseslərin daha qarşısıalınmaz və ardıcıl olduğunu göstərdi.
Lakin “hamı qalxdı, biz isə hələ də yatırıq” deyənlərə “bu gün qalxanlar onilliklər boyu yatıblar” arqumenti ilə cavab verməyə, söz güləşdirməyə çalışmayaq. Mən onu demək istəyirəm ki, biz də yatmamışıq və yuxarıda qeyd etdiyimiz tendensiyalar da sübut edir ki, bizim cəmiyyət bütün mümkün imkanlarla hərəkətlənməkdədir və hələ “ərəb baharı”ndan öncə başlayan proses indi bütün “buzları əridə-əridə” gedir. Görün nələri:
– “Bu hakimiyyət əbədidir” görüntüləri və təntənələri dağıldı;
– “Ata Əliyevi əvəz edən oğul Əliyevi də nəvə əvəz edəcək” gümanları aradan qalxdı;
– “Bütün dünya bunların tərəfindədir” deyimləri özünü doğrultmadı, gördük ki, bütün dünya bu hakimiyyətlə əməkdaşlıq edir, amma onu qorumaq niyyətində deyil və hətta ABŞ və Avropa onun dəyişməsi üçün uyğun bir fürsət arzusundadır;
– “Azərbaycan xalqı bir də ayağa qalxmaz” düşüncələri də puça çıxdı, gördük ki, bütün xalqların ayağa qalxdığı bir zamana qədəm qoymaqdayıq.
Həmin zamanı, onun xüsusiyyətlərini, tələblərini heç unutmaq olmaz. Gəlin məhz bu zaman çərçivəsində pessimist proqnozları nəzərdən keçirək. Bu hakimiyyətin daha da güclənib tam nəzarət etdiyi bir cəmiyyət qurmaq şansları varmı? Daha da güclənib cəmiyyətə tam nəzarət etmək isə Azərbaycan hakimiyyəti üçün neft zəngini olan avtoritar bir ərəb ölkəsi modeli deməkdir. Indi isə bu modelli rejimlər çökür. Yəni onun can atdığı modellər yıxılırsa, mənən köhnəlmiş sayılırsa, qalmaq şansı yoxdursa, deməli, bu hakimiyyətin şanslarının bitdiyi, dirəndiyi zamandır.
Tarixi planda götürsək, Azərbaycanda dəyişikliklər doğrudan da qapının önündə dayanıb. Bir tərəfdən demokratik mübarizə güclənir, etirazlar və aktiv narazılıqlar artır, digər tərəfdən avtoritarlığın zamanı bitir. Azərbaycanın dayaq tapdığı Rusiya da artıq eyni yolun ayrıcındadır. Başqa şans yoxdur. Əminliklə demək olar ki, azadlıqlara açılmamaq imkanı tükənir. Zaman bunu deyir.
Siyasi amillər də dəyişməkdədir. Son dövrdə baş verənlər Azərbaycan hakimiyyətinə və ayrıca Ilham Əliyevə böyük zərbələr vurub. Cəmiyyətdə və tərəfdarları arasında Ilham Əliyevin perspektivliyi artıq şübhə altına alınıb. Onun Qərblə və hətta yaxın Türkiyə ilə münasibətlərindəki problemləri hamı görür. Ölkədəki ədalətsizliyin çox pis nəticələr verə biləcəyi ehtimalını bu hakimiyyətin barını yeyənlər də ağıllarından keçirir. Hər kəs görür ki, Ilham Əliyevin onları apardığı gələcək getdikcə daha riskli olur.
Indi hakimiyyət özünü nə qədər əmin və rahat aparsa da, hər keçən gün onu daha zəif duruma salır. Bu zəif durumu isə yalnız və yalnız bircə amil təyin edir. “Buzlar”ın əriməsi. Qəfil başlayan azacıq uğurlu xalq həmləsi hakimiyyəti sarsıdacaq və narazı xalqı ruhlandıracaq. Proses buna doğru gedir. Futbol oyunlarında bəzən bir qol oyunun taleyini həll edir, digər komandanın ovqatını tar-mar etməklə.
Belə proses çoxmu uzana bilər? Yuxarıdakı amillər göstərir ki, uzun illər hegemonluğu dövründə bu hakimiyyətin xeyli üstünlüklər əldə etməsinə və cəmiyyəti xeyli zəif duruma salmasına görə “buzların əriməsi” və çiçəklərin açması prosesi uzana bilər, amma çox uzana bilməz. Ən başlıcası, heç cür dayana bilməz. “Buzlar” əriyir, ürəyinizi buz kimi saxlayın!