“Hamısı yalandır, hamısı böhtandır”
«Yalandır, hamısı yalandır, hamısı böhtandır. Elə onlar gələndə, oğlumu tutanda dedim ki, oyundur, torba tikməyə gəlirsiz. Mənim uşaqlarım nə araq içəndilər, nə siqaret çəkən, o ki ola nəşə çəkən, ya da terrorçu. Biz gördük də. Elə bil içkili adam danışar ey, dili dolaşar, sözü deyə bilməz, o cür danışırdı. Heç o danışmırdı. Başqasıydı. Görmürdüz gözü hara baxırdı? Ona oxutdururdular. Yalandır… 12 ildir kürəkənim Balaqardaşa görə, bu işlər başımıza gəlir».
Bunları terrora cəhddə ittiham olunaraq həbs edilmiş Rasim Əliyevin anası Şukufə Əliyeva “Azadlıq” radioosuna deyib.
Yanvarın 19-da MTN məlumat yaydı ki, «əcnəbi vətəndaşlar olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan qrup yaxalanıb». Həmin ictimai xadimlərin kimliyi açıqlanmadı. Məlumatda sadəcə deyilir ki, terror aktını Azərbaycan vətəndaşları – Rasim Əliyev, Əli Hüseynov və hazırda İranda yaşayan Balaqardaş Dadaşov planlaşdırıblar. Məqsəd Bakıda işləyən əcnəbi vətəndaşların xidməti fəaliyyətinə son qoymaq olub. MTN-ə görə, bundan ötrü dəstə üzvləri odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İrandan Azərbaycana keçiriblər.
Nazirliyin məlumatında həmçinin deyilir ki, Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilmədən yaxalanıblar.
«QARAJDAN SNAYPER GÜLLƏLƏRİ TAPDILAR»
Şükufə Əliyeva deyib ki, yanvarın 10-da həbs olunan oğluna vəkil tuta bilməyib. Bir neçə vəkilə müraciət ediblər. Amma onlar Rasim Əliyevi müdafiə etməkdən boyun qaçırıblar.
Şükufə Əliyeva israrla təkrar edib ki, oğlu günahsızdır, sadəcə ittihamı boynuna qoyublar. «Oğlunuza işgəncə və ya hər hansı təzyiq göstərilməsi haqda məlumatınız varmı» sualına belə cavab verib: «Onu görməmişik. Amma 100 faiz bilirik ki, boynuna qoyublar. Düzdür, İrana gedib-gəlmişik. Amma gömrükdən keçmişik. Yoxlayıb buraxıblar… Gəlib evdə bizi tərpənməyə qoymadılar. Özləri yorğan-döşəyin arasından bükülü tiryək çıxartdılar, qarajdan snayper güllələri çıxartdılar. Narkotiklə boyunlarına qoyub apardılar».
«YƏHUDİ MƏKTƏBİNİN DİREKTORU VƏ YƏHUDİ KEŞİŞİ ÖLDÜRDƏCƏKMİŞ»
Şükufə Əliyevanın sözlərinə görə, az sonra onları Səbail Rayon Məhkəməsinə çağırıblar: «Cavan qız idi vəkil, zəng elədi ki, məhkəmə olacaq, gəlin görüşün. Heç yaxın da buraxmadılar. Vəkil gəldi ki, onu da buraxmayıblar. Qərarı göstərdi ki, guya terror aktı törədəcəkmiş, yəhudi məktəbinin direktorunu, yəhudi müəllimini öldürtdürəcəkmiş. Buna görə guya Balaqardaşdan pul da alıb. Adam da tapıb. O da (MTN-nin məlumatında adı keçən Əli Hüseynovu nəzərdə tutur- red.) bədbəxtin, yazığın biridir, qalmağa yeri yoxdur. Tanışdır, heyvan üçün «opilka» gətirir, hərdən də elə-belə 5 manat, 3 manat verirdik. Onu qoyublar üzünə, guya o vuracaqmış. Qarabağ müharibəsinin də iştirakçısıdır o oğlan. Tapıb, düzüb-qoşublar da torba tikməyə».
Anasının dediyinə görə, 34 yaşlı Rasim Əliyevin 2 azyaşlı uşağı var. Biri 2 yaşında, o biri 8 aylıqdır.
«BÜTÜN OYUNLAR BALAQARDAŞ ÜÇÜNDÜ»
Adı MTN-nin məlumatında hallanan, indi İranda yaşayan Balaqardaş Dadaşov adam oğurluğu, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə təqsirləndirilir. Barəsində beynəlxalq axtarış elan olunub.
Balaqardaş Dadaşov həm də Rasim Əliyevin yeznəsidir. Şükufə Əliyeva kürəkəniylə bağlı deyilənləri də təkzib edir: «Bütün oyunlar onun üçündür əslində. Deyirlər, ayı min bir oyun eylər, bir armud üçün. Balaqardaş kürəkənimi də böhtanla çıxartdılar. Uşaqları bir il məktəbə apara bilmirdik. Düşürdülər dalımızca, gecə-gündüz axtarış-yoxlama. Uşaqları qorxudan sarılıq tutdu. Axırı qızım başını götürdü getdi. Bunun boynuna qoyulan cinayətlər vardı, adam öldürmələr-filan, 2004-cü ildə Hacı Məmmədov tutulandan sonra aşkara çıxdı ki, bu eləməyib, Hacı Məmmədovun dəstəsi eləyib. Bununla da polisin ayağı evimizdən kəsildi. Biz nə terrorçuyuq, nə hökumətə qarşı çıxanıq. Allaha şükür, bir parça çörəyimiz var, dolanırıq».