Mehriban Əliyeva Ağ Evə dəvət almağa çalışır

Amerikalı ekspertlərsə bunun səmərəsiz olduğunu deyir

Amerikanın “The Hill” qəzeti Azərbaycan hakimiyyətinin ABŞ-dakı lobbiçilərindən olan Zohrab Sobhaninin məqaləsini dərc edib.   Məqalədə Mehriban Əliyevanın ABŞ-da Ağ Evdə qəbul olunmaq arzusu açıq şəkildə ifadə olunur. Əsasən müəllif təklif edir ki, Azərbaycan və ABŞ-ın birinci xanımları  xərçəng xəstəlikləri ilə mübarizə probleminə həsr olunmuş beynəlxalq sammit təşkil etsinlər.
Vaşinqtondakı mənbələr “Turan”ın müxbirinə bildiriblər ki, rəsmi Bakı bu cür ideyanın həyata keçirilməsini dəfələrlə Vaşinqtona təklif edib. Məqalə prezident Obamanın Ağ Evdə Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul etməsi ilə üst-üstə düşür və istisna olunmur ki, “xərçəng sammiti” mövzusu burada da təklif olunub.  
Ötən il “Wikileaks”də dərc olunan məxfi teleqramların birində sabiq səfir Hafiz Paşayevin Mehriban Əliyevanın ABŞ-da yüksək səviyyədə qəbulu məqsədilə keçmiş səfir Enn Derslə “mümkün imkanları” müzakirə etdiyindən bəhs olunurdu.
Bu ideyanı şərh edən Vaşinqton ekspertləri qeyd edirlər ki, hazırda bu cür tədbirin keçirilməsi o qədər də real deyil. İlk növbədə ona görə ki, ABŞ-da seçkiqabağı kampaniya gedir və prezident Obama Heydər Əliyev Fondunun Bakı aksiyaları stilində tədbirə o qədər də əhəmiyyət verməyəcək.
Bundan əlavə, ekspertlər qeyd edirlər ki, rəsmi Vaşinqton çətin ki, Mehriban Əliyevanın xahişini nəzərə alsın, çünki hələlik Vaşinqtonun xahişlərinə Bakı məhəl qoymur.  Bu ilk növbədə insan hüquqlarının, mülkiyyət hüquqlarının pozulması, siyasi məhbuslar məsələsi ilə bağlıdır.  İndiyədək İlham Əliyev vicdan məhbuslarının azadlığa buraxılması və digər məsələlərlə bağlı Vaşinqtonun xahişini yerinə yetirməyib.  “Əgər Bakı düşünürsə ki, Amerikaya lazım olan əsas  şey neft və Əfqanıstandır,  o zaman  yanılır”, – ekspertlərdən biri vurğulayıb.