Lazım gəlsə, ana-bacımı…

Yaxşı ki, bu it oğlu Lazım gəlmirmiş elə. Əgər onun gəlişi ilə bir azərbaycanlı polis ana-bacısını belə, itələyə bilərmişsə… Gəlmə, Lazım, gəlmə. Gəlişin yaxşı heç nə vəd eləmir. Sənin gəlişin bir Qarabağı qaytaracaqsa, əvəzində kişilər öz ana-bacılarını… bu, artıq Azərbaycanın olmasa da, Azərbaycan xalqının mənəvi sonu olacaq. Istəmirik səni. Sən prezidentin sözünü dinləmə. Onun vecinə deyil, barı sənin bu xalqa yazığın, rəhmin gəlsin…

“GEN” MMC, “Kamran” MMC tikinti şirkətlərinin aldatdığı, yaman günə qoyduğu vətəndaşların Qara Ev qarşısında keçirdikləri etiraz aksiyasından Natiq Güləhmədoğlunun yazdığı reportaj dəhşətli, tükürpərdən, acı təsir buraxan məqamlarla doludu. Bu reportajı oxuduqca ürəyim qan oldu. Bir yandan vətəndaşların düşdüyü çətin vəziyyətə, onların hələ də “hörmətli prezident”dən nəsə ummalarına, polislərin vəhşiliyinə, ağızlarından çıxan kəlmələrə, davranış şəkillərinə, mədəni səviyyələrinə və ümumən insanlıq hallarına acıdım. Bu nə gündü, qardaşlar, bacılar? Insan bu günə neçə illər dözə bilər?
Axı niyə vətəndaşlar anlamır ki, susduqca, bunların qarşısında geri çəkildikcə üstlərinə gələcək, onları əzib keçəcək və beləliklə, tək-tək bu milləti məhv edəcəklər.
Sonradan aksiyaçıların üstünə gələn polis zabiti lazım gələrsə, ana-bacısını da itələyəcəyini fəxrlə ağbirçək xanıma söyləyib. Bu, yadıma Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanındakı manqurtu saldı. Yəni bu rejim artıq öz vətəndaşlarını bu kökə salıb. Onlar artıq uf demədən ana-bacısının, arvad-uşağının da üstünə şığıya, canını ala, başını kəsə bilərlər. Bu, faciədi, dostlar! Bu sözə görə sadəcə polisi söymək, qarğış eləmək qətiyyən düz deyil. Bu, həmin polisin suçu yox, onu bu kökə salan rejimin cinayətidi. Əslində, üstünə çımxırılan o vətəndaşlar özləri də o polisdən bir elə məsum deyillər. Onlar da, hansısa məqamda rejimin korladığı insanlardı. Onların haqqı uğrunda savaşan müxalifətə gülər, onları masqaraya qoyar, həbsə atılanlarının müdafiəsinə qalxmaz, aksiyalarda iştirak eləməz, sabah telekanalların mikrofonlarına müxalifəti dağıdıcı, kəsici adlandırar və nəhayət, özləri polis olarlarsa eyni cür davranarlar. Bu, əlbəttə həmin polisə haqq vermir belə olmağa. Ama nə edəsən ki, reallığımız budur.
Reportajda diqqətimi çəkən daha bir məqam kövrələn polis kapitanıdı. Qadınların ah-naləsindən ürəyi parçalanan polis deyir: “Sizin başınıza bu oyunu gətirənin balası ölsün”. Təsəvvür eləyirsinizmi bu polis nə deyir? Bu polis özü də bilmədən birbaşa rejimin zirvəsində oturanları qarğıyır. O da bu şikayətçilər qədər sadəlövhdü: “Hörmətli prezident, bizə kömək edin”. Şüara baxın. Hörmətli prezident… Şikayətçi öz aləmində bilir ki, prezident kömək eləyən deyil. Ancaq bir azərbaycanlı saflığı ilə o, “hörmətli” deməklə prezidentin könlünü oxşamağa, biclik gəlməyə çalışır. Əlbəttə, “hörmətli” sözü etiketdi. Ama bu məqamda sadəcə fənddi. Onun tərifdən xoşlanan damarını tutmaq üçün. Lakin keçməz bu fənd. Çünki necə deyərlər, “o da bizim kənddəndi”. O, şikayətçilərin tərifini sevmir. Bilir ki, ürəkləri allahın evinəcən kabab olmuş bu adamlar onu hörmətli-zad saymırlar. Bunun belə olduğuna əmin olmaq üçün çox gözləmək lazım gəlmir. Bir azdan polislərin vəhşiliyi ilə qarşılaşan etirazçılar artıq plakatda yazılan “hörmətli” sözünü unudub deyir: “Prezident, evimizi ver bizə!..”. Budur xalqın dəyişən əhvalı. Bir gün bu söz artıq daha kəskin deyiləcək. Çünki bıçaq sümüyə işlədikcə-işləyir.
Azərbaycan hər gün pərakəndə iğtişaşlara səhnə olur. Bu pərakəndəlik davam etdikcə isə heç bir nicat gözləməyə dəyməz. Azərbaycan xalqı onu təşkilatlandıracaq, yumruq kimi birləşdirəcək qüvvəni gözləyir…