Erik Rubin: «Regional təhlükəsizlik məsələləri müzakirə edilib, əsas diqqət Iran mövzusuna yönəldilib»
Bakıda Azərbaycan rəsmiləri ilə 2 günlük danışıqlar zamanı regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Bu zaman əsas diqqət Iran mövzusuna yönəldilib. Bu barədə cümə axşamı mətbuat konfransında ABŞ Dövlət Katibinin köməkçisinin müavini Erik Rubin “Turan”ın danışıqların mahiyyəti barədə sualına cavabda bildirib.
“Biz Iranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışırıq və bu məsələdə Azərbaycan bizim yanımızdadır”, – deyə Rubin qeyd edib.
Dövlət Departamentinin nümayəndəsi hakimiyyətlə görüşlərdə siyasi məhbusların azad edilməsi mövzusuna toxunub-toxunmadığı barədə suala cavabdan yayınıb.
Rubin bir sıra KIV-lərin Qəbələ RLS-lə bağlı məsələləri müzakirə etdiyi barədə yaydığı məlumatları təkzib edib. “Bu məlumatlar mənim üçün təzə xəbərdir, mən bu məsələni qaldırmamışam”, – deyə o bildirib.
O, həmçinin Bakının Amerikaya məxsus AVAKS təyyarələrinin Azərbaycan ərazisindən Əfqanıstana uçması haqqında qadağası məsələsini şərh etməkdən imtina edib.
***
ABŞ Azərbaycana nə vaxt səfir təyin edəcək?
“ABŞ-ın Azərbaycana tezliklə səfir təyin etməsi üçün əlimizdən gələni edəcəyik”. Bu fikirləri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin deyib.
“Metyu Brayza istedadlı diplomatdır, burada özünə xas olan peşəkarlıq və enerji ilə çalışıb. Prezident Obama onu ən münasib namizəd hesab etdiyi üçün bu təyinatı imzalayıb. Lakin ABŞ Konstitusiyasına görə qərarı Senat verir. Güman edirik ki, ABŞ-ın Azərbaycana səfir təyin etməsi vacibdir və Brayzanın səfir postunda qalmamasına çox təəssüflənirik. Biz yeni səfirin yaxın zamanlarda təyin olunması üçün əlimizdən gələni edəcəyik”. O bildirib ki, hazırda ABŞ səfirliyi müvəqqəti işlər vəkili Adam Sterlinqin rəhbərliyi altında fəaliyyətini davam etdirir.