Yol polisi il ərzində dövlət büdcəsinə nə qədər vəsait ödəyib?
Qayda pozuntularına görə bu rəqəm ən azı 52 mln. 224 min 415 manat olmalıdır
Baş Dövlət Yol Polisi Idarəsində ötən ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində diqqət çəkən faktlar açıqlanıb. Məlum olub ki, 2011-ci ildə yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 892 min 409 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 18 min 233, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 100 min 755, ötmə qaydalarının pozulması üzrə 13 min 940 fakt aşkar edib. Göründüyü kimi, müşavirədə yalnız 132 min 928 qayda pozuntusunun nədən ibarət olduğu açıqlanıb. Qalan 759 min 481 pozuntunun nə olduğu bəlli deyil.
Şübhəsiz ki, hər bir qayda pozuntusu üçün müəyyən məbləğdə cərimə nəzərdə tutulub. Onu da nəzərə alaq ki, açıqlanan rəqəmlər qeydə alınmış pozuntulardı. Heç şübhə yoxdur ki, bir çox hallarda yol polisi əməkdaşları sürücü ilə yerindəcə “dil tapır” və qayda pozuntusu qeydə alınmır. Bəs ötən il qeydə alınan yol hərəkəti qayda pozuntularından dövlət büdcəsinə nə qədər vəsait daxil olmalı idi? Bunun üçün kiçik hesablama apardıq.
Məsələn, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi 80 manatdan 150 manata qədər cərimə nəzərdə tutur. Orta hesabla 100 manatdan götürəndə 18 min 233 qanun pozuntusuna görə 1 mln 823 min 300 manat cərimə toplanıb. Yaxud müəyyən olunmuş sürət həddinin aşılmasına görə 15 manatdan 40 manata qədər cərimə nəzərdə tutulub. Bu halda da orta hesabla hətta 20 manatdan götürəndə 100 min 755 qayda pozuntsuna görə cərimənin məbləği 2 mln 15 min 100 manat təşkil edir. Ötmə qaydalarının pozulmasına görə cərimə isə 15 manatdan 40 manata qədərdir. Yenə də otra hesabla 20 manatdan hesablayanda 13 min 940 fakta görə cərimə 278 min 800 manat təşkil edir. Deməli, 132 min 928 qayda pozuntusundan toplanan cərimələr 4 mln 117 min 200 manat edir. Qalan 759 min 481 pozuntuya görə ən aşağa cərimə məbləğini, yəni 15 manat götürsək bu halda məbləğ 11 mln 392 min 215 manat təşkil edir. Deməli, ümumilikdə ötən il yol hərəkəti qayda pozuntularına görə dövlət büdcəsinə ən azı 15 mln 509 min 415 manat daxil olmalı idi.
Burda bir məqamı da qeyd edək. Müşavirədə eyni zamanda respublikanın avtomobil parkının sayının ötən il 1 milyon 49 mindən artıq olduğu qeyd edilib. Avtomobillərin texniki baxış qiyməti 35-40 manatdan başlayır. Təbii ki, mühərrikin gücü artdıqca, məbləğ də artır. Yenə də ən aşağı göstərici ilə götürəndə ötən il avtomobillərin texniki baxışı dövlət büdcəsinə 36 mln 715 min manat gətirib. Ümumilikdə Daxili Işlər Nazirliyinin təkcə bir strukturundan dövlət büdcəsinə ən azı 52 mln 224 min 415 manat daxil olmalı idi. Bəs dövlət büdcəsinə daxil olmalarda bu rəqəm özünü göstəribmi?
Iqtisadçı-ekspert Qubad Ibadoğlunun sözlərinə görə, Dövlət Yol Polisinin büdcəyə ödədiyi məbləğ açıqlanmır. Bu səbəbdən də rəqəmləri müqayisə etmək mümkün olmur. Baxmayaraq ki, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı var. Yol polisi informasiya daşıyıcısı kimi məlumatları açıqlamalı və hesabat verməlidir. Lakin belə bir informasiya yoxdur.
Fizzə